Общественно-политическая интернет газета
***
19 avqust Rusiya tarixinin ən mühüm, həlledici günlərindən biridir.
Bu gün, bəlkə də 7 noyabr (1917), 9 may (1945), 5 mart (1953), 14 oktyabr (1964) günlərindən də böyük tarixi əhəmiyyətə malikdir.
7 noyabrda bütün zamanların və dünyanın ən böyük imperiyasının təməli atılmışdısa, 19 avqustda həmin imperiyanın süqutu geridönməz səciyyə aldı.
9 mayda sovet dövlətini idarə edənlər nasist Almaniyası üzərində qələbə qazanmışdısa, 19 avqustda o qələbənin nailiyyətləri puç oldu.
5 martda SSRİ-nin idarə edənlər artıq hamını bezdirmiş rəhbərin – Stalinin sonunu gətirib, dəfn etmişdilərsə, 19 avqustda Kreml sakinlərinin Qorbaçova gücü çatmadı.
14 oktyabrda kompartiyanın rəhbərliyi sözləşərək, prosesi düzüb-qoşub idarə edərək, ölkəni uçuruma aparan baş katib və baş nazir Nikita Xruşovu Pitsundadakı istirahətindən geri çağırıb, hakimiyyətdən kənarlaşdıra bilmişdilərsə, 19 avqustda sözləşmiş ölkə rəhbərliyi dövləti uçuruma aparan Mixail Qorbaçovu Forosda (Krım) istirahətdə olduğu zaman devirə bilmədi.
Həmin o baş tutmayan, cəmi 3 günün içində süqut edən hərbi-siyasi qiyamdan bu gün 33 il keçir. Qiyama rəhbərlik edənlərin heç biri sağ deyil. Onlar da qoruyub saxlamaq istədikləri dövlət (SSRİ) kimi tarixə qovuşublar.
Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi (ruscada - Государственный комитет по чрезвычайному положению (ГКЧП) ) adlanan qiyama formal olaraq SSRİ-nin vitse-prezidenti Gennadi Yanayev rəhbərlik edirdi. Dəstədə baş nazir Valentin Pavlov, daxili işlər naziri Boris Puqo, müdafiə naziri Dmitri Yazov, DTK sədri Bladimir Kryuçkov da vardı.
Sonradan məlum oldu ki, qiyamın təşəbbüskarı və faktiki rəhbəri məhz V.Kryuçkov olub. O, digər qiyamçı rəhbərləri inandırıb ki, dövlət əldən gedir, onu xilas etmək üçün “ölkəni yiyəsiz qoymuş”, “müttəfiq respublikaları boş buraxmış” Qorbaçovu hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.
Qiyam baş tutsaydı, FVDK-QKÇP hakimiyyətdə möhkəmlənsəydi, çox çəkmədən bir çox SSRİ respublikalarında (Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, Latviya, Liyva, Estoniya) başlanmış xalq hərəkatları repressiya ilə boğulacaqdı.
Rusiyanın özündə də Boris Yeltsinin, Anatoli Sobçakın, Ruslan Xasbulatovun, Ramazan Abdullatipovun başçılıq etdiyi demokratik hərəkat da cəzasız qalmayacaqdı. DTK generalları çətin ki, onların kompartiyaya qarşı yeritdiyi düşmənçilik siyasətini bağışlayaydılar.
Qiyamçıların sonunu da elə Yeltsinin başçılıq etdiyi hərəkatçılar gətirdi. Onlar cəsarətlə meydana çıxdılar, xalqı səfərbər etdilər, irticaya müqavimət göstərdilər. Baş verənlərin SSRİ rəhbərinə qarşı qiyam cəhdi olduğunu anlayan partokratların bir hissəsi, hüquq-mühafizə orqanları işçilərinin yarısı mütərəddid vəziyyətdə qaldılar, xalqa qarşı silah işlətməyə cürət etmədilər, müvafiq əmrləri sabotaj etdilər, nəticədə qiyam cəhdi uğursuzluqla başa çatdı.
Əslində isə bu qiyam təkcə Qorbaçova qarşı deyildi. Bu, ilk növbədə SSRİ-nin təşkil edən 15 müttəfiq respublikanın 8-nin müstəqil dövlət olmaq niyyətinə qarşı düşünülmüşdü. DTK generalları anlayırdılar ki, müstəqillik hərəkatları getdikcə geridönməz xarakter alır, onu 19 avqustda durdurmasalar, sonra gec olacaq.
Ancaq əksinə oldu. Bəlkə də 19 avqustda qiyam cəhdi olmasaydı, SSRİ 1991-ci ildə yox, daha sonrakı illərdə dağılacaqdı. (Ola bilər, heç dağılmayacaqdı, başqa necəsə mövcudluğunu sürdürəcəkdi).
21 avqustda paytaxta qayıda bilən Qorbaçov qiyam rəhbərlərinin həbs etdirdi, sonra kompartiyanı buraxdı, müttəfiq respublikaların qiyama dəstək verən rəhbərləri ilə soyuq davranmağa başladı, özü də istəmədən qırmızı imperiyanın dağılması prosesinə re-start verdi.
1991-ci ilin dekabrında isə Rusiya, Ukrayna, Belaris rəhbərləri Belovej meşəsindəki iqamətgahda görüşərək SSRİ-nin tabutuna 3 mismar çaldılar.
Beləcə, 4 ayın içində o boyda imperiya dağılıb getdi. Yüz minlərlə insanın qanı bahasına qurulan, milyonlarla insanın repressiya edilməsi sayəsində möhkəmlənən dövlət elə onu idarə edənlərin işbilməzliyi, hakim ideologiyanın puçluğu nəticəsində süquta uğradı.
Maraqlıdır ki, Rusiyadan qopmaq (SSRİ-dən çıxmaq) haqqında təşəbbüsü ilk qaldıran Ermənistan ən sona qaldı. O biri 13 respublika müstəqil dövlət olaraq, öz müstəqil siyasətlərini yeridəndə yenidən Moskvanın paçasına yapışan Ermənistan yalnız indi-indi özünü müstəqil dövlət kimi aparmağa başlayıb.
Əslində SSRİ-ni dinc yolla qoruyub saxlamaq, demək olar ki, mümkün deyildi. Bir-birindən fərqli mədəniyyətlərə, yaşam və düşüncə tərzinə malik xalqları yalnız həbsxana qayda-qanunları ilə bir arada saxlamaq olardı. Onlara bir az azadlıq, asudəlik verən kimi, öz milli mənzillərinə dağılışacaqdılar. Elə də oldu. Bu gün inanmaq çətindir ki, Tacikistan və Latviya eyni ölkənin tərkibində olublar. Eləcə də digər respublikalar.
Hazırda postsovet məkanında gedən müharibə və münaqişələrin bir səbəbi də odur ki, 1991-ci ilin 19 avqustunda DTK-da mayor, kapitan, leytenant rütbəsində olan şəxslər indi mühüm postlardadırlar və o zaman generalların bacarmadığı işi bacarmaq, Rusiyanın tarixi əzəmətini bərpa etmək, onun böyüklüyünü qorumaq istəyirlər.
P.S. 1991-ci il avqustun 22-dən avqustun 29-dək FVDK rəhbərlərinin hamısı (Puqodan başqa – o, özünü güllələmişdi) həbs olundu, lakin 1992-ci ilin iyunundan 1993-cü ilin yanvarına kimi onların hamısı zaminə buraxıldı. 23 fevral 1994-cü ildə FVDK işi üzrə ittiham olunanlar, Yeltsinin etirazlarına baxmayaraq, RF-nin Dövlət Duması tərəfindən verilən amnistiya ilə cəzadan yaxa qurtardılar.
КомментарииОставить комментарий