Общественно-политическая интернет газета
Dünən qazax qardaşlarımızın saytlarının birində qarşıma bu ölkədəki ad-soyadlarla bağlı bir xəbər çıxdı, düzü, özümüzdəki durumla müqayisə edəndə xoşnud ola bilmədim.
Qazaxlar balalarına milli ad qoyurmuşlar: Əzəmət, Serik, Marat, Baxıt, Arujan, Mədinə, Dinara. Son illərdə bu adların hər biri 50-70 min arasında körpəyə verilib. Bundan başqa, Ərşad, Kamal, Saulet, Ağdilək kimi adlar da populyardır.
Bildiyiniz kimi, bizdə son illər körpələrə daha çox dini adlar qoyulur. İbtidai siniflərdə oxuyan şagirdlərin 25-indən 4-5-nin eyni adlar daşıdığı barədə şəhadət verənlər var – sinif jurnalında görüblər.
Məgər qazaxlar bu məsələdə fərqliymişlər. (Gördüyünüz kimi, müəllif “qazaxlar bizdən irəlidəymiş” və ya “geridəymiş” yazmadı, qoy bunu oxucu müəyyənləşdirsin).
Bir də onlarda 5-10 il əvvələ kimi bir dəb varmış, körpəyə ad qoyanda adın arxasına “bek”, “bay”, “jan”, “xan” artırırmışlar, adlar bu cür olurmuş: Nazarbek, Ardakbay, Bakıtjan, Alixan və s. Amma bundan imtina edilib, daha dəqiqi, belə adlar azalıb. Niyəsi bilinmir. Ola bilər, zorən əsilzadə olmaq mərəzindən sağalıblar.
Ancaq soyadların sonluğundakı “ov”, “yev” şəkilçisi ilə bağlı məsələdə, deyəsən, onlar bizdən irəlidədir. Bu ölkədə ruslara xas soyad sonluğu daşıyanlar 64 faizdir. Bu o deməkdir ki, qazaxların 36 faizi milli soyad sonluğu daşıyır.
Bu, böyük rəqəmdir. Demək, 32 illik müstəqillik dövründə qazaxların ildə bir faizi milli soyada keçib.
Bizdə bu rəqəm 90 faizin üzərindədir. İnanmayan sinif jurnallarında, maaş cədvəllərində, idmançıların iştirak ərizələrində, müxtəlif siyahılarda adı keçən gənclərin soyadlarına baxsın. Onların hamısı 2000-ci ildən sonra doğulub, ancaq 90 faizindən çoxunun soyadı “ov”-“yev”lə, “ova”-“yeva” ilə qurtarır. (Bu, nə andırdırsa, Kreml bunu yalnız türk xalqlarına sırıyıb).
Əlbəttə, bürokratik maneələri dəf edərək, əziyyətə qatlaşaraq, soyadlarının sonluğunu dəyişdirənlər də var, amma götürüb “zadə” ediblər. Dünənə qədər soyadları rusunkuna oxşayırdı, indi də farsınkına oxşayır.
Belə baxanda böyük problem deyil, amma nədən belə olmalıdır? Sonra da deyirik, ermənilər elə, gürcülər belə. Ermənilər hələ sovetin sovet vaxtı öz soyadlarının sonluğunu qoruyub saxlamışdılar. Çox az-az erməni soyadının sonluğunu dəyişirdi. Hərçənd karyera naminə nəinki soyadının sonluğunu, hətta atasının adını dəyişən ermənilər də olub. Məsələn, ermənilərin tərifli marşalı Baqramyan öz adını İvan (əslində Ovanes) yazdırıb, atası Xaçaturun adını isə Xristofora dəyişdirib, olub İvan Xristoforoviç Baqramyan.
O biri erməni marşallar da elə edib: Hovannes İsaakyan İvan İsakov olub, Armenak Xanferyants Sergey Xudyakova çevrilib, Sergey Ohanyan isə Sergey Aqanova dönüb. Görünür, Kremlə yan almaq, paradlarda rus marşallarla yan-yana durmaq üçün “yan”dan keçmək vacib imiş.
Siz heç gürcülərdə soyadının sonluğu “ov”-“yev”lə bitən birinə rastlaşmısınızmı? Müstəsna hallarda ola bilər və bildiyimiz kimi, istisnalar qaydanı dəyişmir.
Onların öz milli soyadlarına bağlılığını millətçiik təzahürü kimi qiymətləndirmək olar, amma bu, əslində öz milli kimliyinə hörmətin əlamətidir, “başqa millətlərdən nəyimiz əskikdir” ritorik sualına cavabdır.
Sovet vaxtı bizdə əsasən şairlərin imzaları milliydi, “ov”-“yev”siz idi. Hətta bu da rusların xoşuna gəlmirmiş. O zamanlar bir dəfə yazıçıların istirahət məkanı olan Peredelkinoda müxtəlif millətlərin şair-yazıçıları dincəlir, axşamlar görüşüb söhbət edirmişlər. Bir rus şairə bizim Tofiq Bayrama dirəşib ki, siz çox şovinistsiniz, imzalarınız fərqlidir, “ov”-“yev”sizdir, özü də elə hey “Azərbaycan-Azərbaycan” deyirsiniz, amma biz hamımız SSRİ vətəndaşıyıq.
Əlbəttə, Stalinin dövrü olsa, həmin şairə otağına gedən kimi oturub Tofiq Bayramdan DTK-ya donos yazar, məhkəmədə də üzünə durub tutdurardı. (Bəlkə də həmin qadın donos yazıb, amma ABŞ casusları əlləşən kəşfiyyatçılar bir şairin öz həmkarından yazdığı donosa məhəl qoymayıblar).
Dediyim odur ki, 32 il əvvəl bu vaxtlar milli soyad sonluğuna dair qəbul edilən parlament qanununa riayət etsək, yaxşı olar. Tənbəllik, bürokratiya da bir yerə qədər. Öz soyadınızı dəyişmirsiniz, eybi yox, heç olmasa, yeni doğulan körpələrin soyadının axırıncı iki-üç hərfinə əl gəzdirin.
КомментарииОставить комментарий