Общественно-политическая интернет газета
Bu gün ən yeni Azərbaycan tarixinin əlamətdar günlərindən biridir. 1992-ci ilin iyun ayının 7-də Azərbaycanda prezident seçkisi baş tutub.
Bu son 74 ildə Moskvanın bayrağı altında və kommunistlərin dominantlığı ilə keçirilməyən ilk seçki idi. Bununla belə, başqa ölkənin hegemon hakim partiyasının üzvlük biletini daşıyanlar bu seçkilərdə də fəal idilər və bir neçə namizədlə çıxış edirdilər.
Sadəcə, dövran dönmüşdü. 15 müttəfiq respublikanın qardaşlıq büsatı pozulmuşdu, 1917-ci ildən 1991-ci iilin son günlərinə qədər azman bir ərazidə milyonlarla insana qan udduran, zülm edən kompartiyanın hökmranlığına son qoyumuşdu. Kommunizm ideyası iflas etmişdi, onun yerinin nə ilə doldurulacağı bəll deyildi.
Hələ ortaya çıxmamışdı ki, heç demə, dövlət müstəqilliyini bərpa etmək və ya qazanmaq onu qoruyub saxlamaqdan asanmış. Hamıya elə gəlirdi ki, çətini bura qədərdir, artıq Moskvanın diktəsi yoxdur, öz əlimiz, öz başımızdır, azad, demokratik, şəffaf, qanuni seçki keçirəcəyik, layiq olan, xalqın səsini qazanan namizəd prezident seçiləcək, bütün işlər qaydasına düşəcək.
Gələcəyə, hər şeyin yaxşı olacağına ümid böyük idi. Elə ona görə də dönəmin ən güclü, ən fəal, ən mütəşəkkil təşkilatının – Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin seçki şüarı bu cür cəlbedici və ümidverici idi: “Ümid var gələcəyə, səs verək Elçibəyə”.
İndi çox adam çox söz deyə, 7 iyun seçkisinin nəticələrini şübhə altına ala bilər, amma həqiqət budur ki, Elçibəy seçici səslərinin 60,90% toplayaraq prezidenti seçilmişdi.
Seçki məntəqələrində pozuntular, qüsurlar, yəqin ki, olmuşdu. Çünki məntəqə seçki komissiyalarının əksər üzvləri 1991-ci ilin fevralında SSRİ-nin saxlanması haqqında referendumda Azərbaycandan 90+ faiz “lehinə” nəticəsi təşkil etmiş, 1991-ci ilin sentyabrında seçki qutusundan Ayaz Mütəllibovun prezidentliyini “çıxarmış” adamlar idi.
Onlar ölkədə mayın 15-dən etibarən faktiki hakimiyyət dəyişikliyi baş verdiyini bilirdilər və bu dəfə yeni hakimiyyətin lehinə işləmişdilər. Bununla belə, seçki komissiyalarının tərkibinə əlavə edilmiş cəbhəçilər qanunçuluğa riayət olunmasına nəzarət etmişlər. Təbii ki, bir çox məntəqələrdə seçkini “dədə-baba qaydası ilə” keçirmişdilər.
Ortada olan danılmaz gerçək isə xalqın seçki məntəqələrinə kütləvi axını idi. MnSK üzvləri sonradan danışırdılar ki, səhər saat 8-dən axşam saat 8-ə qədər məntəqələrdə növbə olub, hətta bir çox seçicilər səsvermə bitəndən sonra da məntəqəyə gələrək səs vermək istəyiblər.
Belə bir durumda Əbülfəz Elçibəyin yox, başqa namizədin prezident seçilməsi absurd olardı. Məhz onun təşkilatının üzvləri Qarabağ cəbhəsində erməni hərbçilərin qabağında dayanmış, müharibənin yükünü öz çiyinlərinə götürmüşdülər.
Digər namizədlər isə Azərbaycan Demokratik Ziyalılar İttifaqını təmsil edən Nizami Süleymanov, parlamentə 2 ay 15 gün sədrlik etmiş, sonra istefa vermiş Yaqub Məmmədov, ədliyyə naziri postunu tutan İlyas İsmayılov, bir də “Xalq-Demokrat qrupu”nun namizədi Rafiq Turabxanoğlu idi.
Parlament sədrinin müavini Tamerlan Qarayev və AMİP sədri Etibar Məmmədov seçkidən iki gün qabaq namizədliklərini Elçibəyin xeyrinə geri götürmüşdülər.
Seçkidən sonra saxtakarlığa yol verildiyi barədə hamıdan çox danışan Nizami Süleymanov bir dəfə səmimi şəkildə etiraf etdi ki, 7 iyun seçkisində qızı ona, öz atasına yox, Elçibəyə səs verib.
İndi o vaxtdan 32 il keçib, kimin nə qədər səs aldığı, neçə bülletenin etibarsız olduğu, ümumiyyətlə, 7 iyun seçkisi ilə bağlı bütün detallar əhəmiyyətini itirib. Əslində o seçkidən 1 il sonra artıq onun nəticələri puç olmuşdu. 1992-ci ilin iyun ayının 17-də and içərək səlahiyyətlərinin icrasına başlayan Əbülfəz Elçibəy 1993-cü ilin iyun ayının 17-dən 18-nə keçən gecə ölkə paytaxtını tərk etmiş, faktiki olaraq səlahiyyətlərini itirmişdi.
Bu olaylarda nə qədər sui-qəsd nəzəriyyələri axtarsaq da, hamısı əbəsdir. Yeni müstəqillik qazanmış ölkələrin 90 faizində ilk illərdə, hətta 30 il boyunca məhz bu kimi siyasi proseslər gedir: qiyamlar, hərbi çevrilişlər, hökumət başçılarının həyatına sui-qəsdlər, daxili çaxnaşmalar bir-birini əvəz edir. Əksər hallarda ölkədə sabitliyi yalnız qətiyyətli liderlər bərpa edə bilir. Çox nadir istisnalar var ki, müstəmləkədən qurtulub müstəqil olan ölkədə birbaşa demokratik qayda-qanunlar bərqərar olsun, siyasi təlatümlər olmasın. Asiyada, Afrikada, Latın Amerikasında, arxipelaq ölkələrində belə presedent olmayıb, ya da nadirən olub.
Elçibəy tarixiçi olduğu üçün bunu bilirdi, ona görə də hələ 7 iyun seçkisindən qabaq siyasi arenada hər ağızdan bir avaz gəldiyini görərək dahiyanə bir söz demişdi: “Bu gün seçdiyinizi bir ildən sonra devirəcəksiniz”.
Gerçəkdən də elə oldu. Elçibəyin devrilməsində kompariya biletlərinin altında döyünən ürəklərində revanş arzusu bəsləyən kommunist funksionerlərlə yanaşı xalq hərəkatının iştirakçısı olan qüvvələr də böyük rol oynadılar.
Bu, cəmiyyət olaraq demokratiyaya hazır olmamağın göstəricisidir. Belə şəraitlərdə mütləq ambisiyalı qüvvələr tapılır ki, öz niyyətlərinə silahla yetmək üçün əlverişli mühit görürlər.
1994-cü və 1995-ci ildə baş verən qiyam cəhdləri göstərdi ki, 1993-cü ilin iyununda baş verən qiyam təkcə Elçibəyin başına gələ biləcək hadisə deyildi. Sadəcə, hər üç hadisədə dövran da fərqliydi, meydanda və ondan kənarda olan siyasi qüvvələr də.
КомментарииОставить комментарий