Общественно-политическая интернет газета
2017-ci ilin yanvarı ayının 1-də, daha dəqiqi, yeni ilin birinci ayının ilk gününün ikinci saatında (01.15-dı) Türkiyənin İstanbul şəhərinin Beşiktaş səmtində, Bosfor boğazının sahilində yerləşən “Reyna” adlı əyləncə mərkəzində baş verən dəhşətli terror aktı yadınızdadırmı?
O terror aktı ilə martin 22-də Moskva ətrafındakı “Krokus Siti Holl” əyləncə mərkəzində törədilən terror aktı arasında oxşarlıqlar var.
Hər iki terror aktında çoxsaylı insan tələfatı eyni silahla - “Kalaşnikov” avtomatı ilə (AK-47) törədilib.
Terror aktının ikisini də Orta Asiyadan olan terrorçular həyata keçiriblər.
İki teraktın ikisinin də ardından İŞİD boylanır. Sıravi terrorçular məhz bu təşkilatın sifarişini yerinə yetiriblər.
Hər iki müdhiş cinayətdə məqsəd nəsə bir tələb irəli sürərək, onun yerinə yetirilməsinə nail olmaq olmayıb, niyyət bacardıca çox adam öldürmək, insanları dəhşətə gətirmək olub.
“Reyna”da terror törədən şəxs təsbit edilərlək həbsə alındığı kimi, “Krokus”da qırğın törədənləri də cinayətin sutkası tamam olmamış yaxaladılar.
Hər iki teraktın şübhəli şəxslərinin yaxalanarkən fiziki təzyiqə məruz qalması, it gününə qoyulması vizual olaraq ortadadır və buna görə onları yaxalayanlara bir söz deyən yoxdur və olmayacaq. Çünki o şəxslərin törətdiyi cinayətlər çox ağırdır, heç bir amana, mərhəmətə yer qoymur.
“Reyna” qatili ömürlük həbs cəzası aldığı kimi, “Krokus” qatilləri də ömürlük həbs cəzası alacaq, türmədə öləcəklər.
2017-ci ilin ilk günündə İstanbulda törədilmiş qətlamda 39 nəfər ölmüş, 71 nəfər yaralanmışdı. Özbəkistan vətəndaşı olan və İŞİD-in döyüşçüsü olan Abdulkadir Maşaripov adlı şəxs qırğını təkbaşına törətmişdi.
Terrorçunun kod adı Əbu Muhammed Xorasani idi.
Maşaripov Konyadan İstanbula dekabrın 15-də gəlmiş, 16 gün boyunca terror aktı törətməyə hazırlaşmışdı.
Həmin gün o, “Reyna”ya daxil olaraq, əvvəlcə polisi və şəxsi mühafizəçiləri öldürmüş, sonra zala keçərək, 7 dəqiqə boyunca ətrafa güllə yağdırmış, silahının nişangahına düşənləri biçib-tökmüşdü.
Qırğından sonra yaranmış qarışıqlıqdan və panikadan istifadə edən terrorçu paltarını dəyişərək aradan çıxmağa macal tapmışdı.
Həmin teraktıda biri Belçika vətəndaşı olan 12 Türkiyə vətəndaşı həyatını itirib.
Türkiyə meqapolisinin ən dəbdəbəli rayonunun ən elit əyləncə mərkəzində törədilən qətliamda ölənlərin arasında ölkənin öz vətəndaşlarının az olmasının əsas səbəbi o idi ki, “Reyna” beynəlxalq miqyaslı, həm də olduqca bahalı istirahət məkanı olub. Ona görə də onun müsafirləri arasında əcnəbilər üstünlük təşkil edib.
Məhz bu səbəbdən ölənlərin yeddisi Səudiyyə Ərəbistanından, dördü İraqdan, üçü Livandan idi. Tunis, Mərakeş, Hindistan və İordaniyanın hərəsindən iki ölən vardı. Bundan başqa, Rusiya, Küveyt, Kanada, İsrail və Suriyanın hərəsininin bir vətəndaşı həlak olub. Yaralananların içində iki Azərbaycan vətəndaşı da vardı.
Başqa sözlə, İŞİD rəhbərliyində təmsil olunan ərəb əsilli terrorçuların törətdiyi terror aktında ölənlərin çoxu elə ərəblər idi.
Hadisədən dərhal sonra İŞİD terakta görə məsuliyyəti öz üzərinə götürmüş və bəyan etmişdi ki, bu terror aktının törədilməsinin səbəbi Türkiyənin "Xristianlığın qoruyucusu" olmasıdır, çünki bu ölkədə "xristianların mürtəd bayramları qeyd olunur", hücuma məruz qalan “Reyna” da bu cür əyləncə təşkil edən məşhur gecə klublarından biridir.
O vaxt terrorçunu isti izlərlə ələ keçirmək mümkün olmamışdı. Yanvarın 4-də Türkiyə hökuməti hücum edənin kimliyinin müəyyən edildiyini açıqlamış, yanvarın 8-də bu adamın 2011-ci ildən Türkiyədə yaşayan Abdulkadir Maşapirov adlı özbək olduğu elan edilmiş, yanvarın 17-də isə onu İstanbulun Esenyurt bölgəsində yaxalamışdılar.
O hadisənin üstündən 7 il keçib. Bu gün çox adam nəinki “Reyna” teraktının detallarını xatırlamır, bəlkə də bu yazını oxuyanda yadlarına elə bir qanlı hadisənin baş verdiyi düşdü.
“Krokus” teraktı da, o qətliamda ölənlər də ictimaiyyət tərəfindən unudulacaq, yalnız həlak olanların əzizlərinin, yaxınlarının yadında qalacaq.
Ən pisi odur ki, bu, mülki və məsum insanlara qarşı törədilən sonuncu terror aktı olmayacaq. Nə qədər ki, başqalarını əsarət altına almaq, məzlumların üzərində hakimiyyət qurmaq, dünyanı 1500-2000 min il əvvəllərə, quldarlıq quruluşu dövrünə qaytarmaq istəyənlər var, belə vəhşi cinayətlər davam edəcək.
КомментарииОставить комментарий