Onlayn ictimai-siyasi qəzet
Qazıqumlaq kənd sakini iddia edir ki, sabiq nazir ona məxsus torpaq sahəsini anasının adına sənədləşdirərək saxtakarlıqla ələ keçirib
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı yenidən ölkə mediasının gündəminə gəlib. Buna səbəb Ucar rayonu, Qazıqumlaq kənd sakini Sabir Məlikəliyev ölkə rəhbərliyinə müraciətdir.
Dia-az.info-nun yaydığı müraciətdə S.Məlikəliyev iddia edir ki, Ziya Məmmədov ona məxsus torpaq sahəsini anasının adına sənədləşdirərək saxtakarlıqla ələ keçirib: “Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə bizim ailəyə Qazıqumlaq kəndində 1.11 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilib. Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd üzrə icra nümayəndəsi Mehman Məmmədov vəzifəsindən sui-istifadə edərək mənə məxsus 1.11 ha torpaq sahəsini Ziya Məmmədovun anası Şirinnaz Məhəmməd qızı Mehdiyevaya saxta sənədlərlə satıb. Ziya Məmmədov əslən Ucarın Qazqumalq kəndindəndir. Onun və qardaşlarının Qazıqumlaq kəndində hektarlarla torpaq sahələri və möhtəşəm villaları var.
Mehman Məmmədovu Qazıqumlaq kənd icra nümayəndəsi vəzifəsinə Ziya Məmmədov təyin etdirib. Ziya Məmmədovun tapşırığı əsasında bizim ailə valideynlərim və bacım 19.02.2013-cü il tarixli 189328 saylı etibarnaməni imza edərək razılıq veriblər ki, ailə üzvlərimizə məxsus olan əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi Qazıqumlaq kənd üzrə icra nümayəndəsinə 10 il müddətində etibar ediblər. Hansı ki, buna heç bir əsas olmayıb, çünki həmin Mehman Məmmədov bizim nə qonşumuz, nə qohumumuz, nədə tanışımız deyil. Belə olan təqdirdə nə üçün mənim savadsız valideynlərim və bacım evimizin, torpaq sahəmizin və digər əmlaklarımızın idarə edilməsini 10 illik etibarnamə ilə ona həvalə etməliyik?
Bütün bu saxtakarlıqları, cinayət əməlini Ziya Məmmədovun tapşırığı ilə Mehman Məmmədov və Ucar rayon Notariat Kontorunun rəisi əlbir olaraq ediblər.
Hansı ki, həmin 1,11 ha əkin torpaq sahəsinin Şirinnaz Mehdiyevaya satılması üçün mənim də razılığım və iştirakım olmalı idi. Ancaq mənim iştirakım və razılığım olmadan həmin 1.11 ha torpaq sahəsinin satılmasını Ucar rayon Notariat Kontoru qanunsuz olaraq həyata keçirib. Hazırda Ziya Məmmədovdan savayı bu cinayəti edənlər Mehman Məmmədov Ucar rayonu Qazıqumlaq kənd icra nümayəndəsi vəzifəsində, digər şəxs isə Ucar rayon Notariat Kontorunda işləyir. Hər iki vəzifəli şəxs Ziya Məmmədovun göstərişi ilə bu cinayətə qol qoyublar. Əgər mən torpağımın satılması üçün Mehman Məmmədova etibarnamə verməmişəmsə və alqı-satqıda iştirak etməmişəmsə, hansı qanuna əsasən Ucar rayon Notariat Kontoru alqı-satqı müqaviləsini təsdiq edib? Mən Rusiya Federasiyasında olmuşam, mənə məxsus torpağın satılmasını bu yaxınlarda bilmişəm. Ziya Məmmədovun tapşırığı ilə Ucar rayonunda çoxlu sayda əmlaklar sahiblərinin xəbəri, iştirakı olmadan qanunsuz yollarla onun özü və yaxınları tərəfindən ələ keçirilib".
Şikayətçi baş prokuror Kamran Əliyevə, ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb və torpağını Şirinnaz Mehdiyevanın adına sənədləşdirən Ziya Məmmədovun, icra nümayəndəsi və Notariat Kontorunun əməkdaşı barəsində qanunu və ciddi tədbirlər görməyi xahiş edib.
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, vətəndaş Sabir Məlikəliyev məhkəməyə müraciət etməlidir: “Sabir Məlikəliyev onun xəbəri olmadan satılan torpaqla bağlı sənədləri də əlavə etməklə məhkəməyə iddia təqdim etməlidir. Məhkəmədə təsdiq olunsa ki, torpaq sahəsi onun xəbəri və icazəsi olmadan satılıb, bu halda onun iddiası təmin edilə bilər”.
Natiq Ələsgərov deyib ki, Azərbaycanda belə bir praktika illərdir ki, var: “Vəzifəli şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edib vətəndaşların torpaq sahələrini zəbt edir, özlərinin mal-mülk siyahısına qatırlar. Ziya Məmmədovun vətəndaşın torpağını özünün torpaqlarına qatması da bu səbəbdən təəccüblü deyil. İşə icra nümayəndəsinin qoşulması, etibarnamənin ona, onun adından isə Ziya Məmmədovun anasının adına keçirilməsi də təsadüfi deyil. Mümkündür ki, Ziya Məmmədov nazir olduğu dönəmdə kəndində torpaqlara sahiblənməsi üçün bu işi icra nümayəndəsinə tapşırıb. O da vətəndaşın xəbəri və razılığı olmadan torpağın bu şəkildə, addan-ada keçirməklə ələ keçirilməsinə nail olub”.
Natiq Ələsgərov bildirib ki, vətəndaş məhkəməyə müraciət etdiyi zaman ona torpağın satın alınması ilə bağlı təklif də ola bilər: “Mümkündür ki, Ziya Məmmədov vətəndaşa məsələnin məhkəmədən kənar həll yolunu təklif etsin. Bu halda vətəndaşla Ziya Məmmədovun, onun nümayəndəsinin iştirakı ilə alqı-satqı müqaviləsi bağlanacaq. Həmin müqavilədə əmlakın konkret dəyəri göstərilməli, vergisi ödənilməlidir. Vətəndaş heç bir halda torpağın real dəyərinin alqı-satqı müqaviləsində daha aşağı göstərilməsinə razı olmamalıdır”.
Natiq Ələsgərov deyib ki, bu gün Azərbaycanda alqı-satqı müqavilələri bağlanarkən əmlakların real qiyməti vergidən yayınmaq üçün gizlədilir: “Vətəndaşa deyilir ki, alqı-satqı müqaviləsində satdığı əmlakın real dəyərini deyil, daha aşağı qiyməti göstərilsin, bank hesabına da məhz aşağı qiymət qoyulsun. Kənarda isə qiymətə daxil olan qalan hissə verilsin. Vətəndaş belə bir razılıq verirsə, onun aldadılması riski böyüyür. Əmlakın real bazar qiymətini deyil, qəpik-quruşu hesaba köçürüb alqı-satqı müqaviləsi bağlanır, bundan sonra isə pulun qalan hissəsi min bir bəhanə ilə ödənmir. Vətəndaş şikayət etdikdə isə ona imzaladığı alqı-satqı müqaviləsində göstərilən məbləğin hesabına daxil olması haqda qəbz göstərilir. Buna görə də vətəndaşlar heç bir halda, belə qanunsuz yollara baş vurmamalı, qanunsuzluğa yol verməməlidirlər. Alqı-satqı müqaviləsi qanuni olarsa, bundan tərəflər də, dövlət də qazanmış olur”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ