İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurdan köç artır - hara gedirsən, ara?

Bölgəni 40 mindən çox insan tərk edib"; revanşist merlərin vəzifədən uzaqlaşdırılması prosesi başlayır, amma...

“Ermənistanın Sünik bölgəsində yaxın gələcəkdə təlatümlü siyasi hadisələr gözlənilir”. Bu barədə “Hraparak” qəzeti xəbərdarlıq edib. İddia olunur ki, Gorus şəhərinin meri Aruş Aruşanyanın , Kacaranın meri Manvel Paramazyan və Qafan şəhərinin rəhbəri Gevorq Parsyanın vəzifədən uzaqlaşdırılması üçün müxtəlif tədbirlər görülür.

“Əgər nəzərdə tutulanları "sülh yolu ilə" həyata keçirmək mümkün olmasa, onların bəziləri Ermənistanın baş naziri Nikol Paşinyana xas üslubda dəmir barmaqlıqlar arxasına düşə bilər. İctimai dairələr nə qədər vaxtilə üsyankar icma başçılarının Paşinyanın “dinini” qəbul etdiklərini düşünsələr də, onların hakimiyyətə sədaqəti daha çox vilayət qubernatoru Robert Qukasyanın amili ilə bağlıdır. Sonuncu icma başçıları ilə isti insani və işgüzar münasibətlər qurub və onları bəzi dövlət tədbirlərində iştirak etməyə inandırıb, baş naziri və onun xanımını salamlayıb, siyasi elitadan qarşılıqlı konstruktiv münasibət vəd edib. Bununla belə, Nikol Paşinyan bütün insani münasibətlərdən üstündür, ona görə də qarşıdan gələn siyasi və seçki prosesləri öncəsi bütün mümkün maneələri aradan qaldırmaq qərarına gəlib", - nəşr qeyd edir.

Bu arada bildirilib ki, 2019-cu illə müqayisədə Zəngəzur əhalisinin sayı 15% azalıb. Bunu “Aprelu Yerkir” partiyasının həmtəsisçisi, keçmiş əmək və sosial məsələlər üzrə nazir Mesrop Arakelyan yazıb. O bildirib ki, Geqarkunik əhalisi 6%, Tavuş əhalisi isə 4% azalıb.  “Ümumilikdə sözügedən vilayətləri 40 mindən çox insan tərk edib”, - keçmiş nazir qeyd edib.

Azər Badamov: "Seçkidə ermənilərin Paşinyanı dəstəkləməsi ona verilən yeni  bir şansdır"

Azər Badamov

VI çağırış Milli Məclisin deputatı Azər Badamov erməni baş nazirin dəhlizin açılması məsələsini gündəliyə gətirəcəyini düşünür: “Zəngəzur dəhlizinin açılması labüd məsələdir. Çünki bu dəhliz Ermənistan üçün nəfəslikdir. İndi başa düşüblər ki, Zəngəzur dəhlizinin açılması onların özləri üçün hər şeydən vacibdir. Ermənistanın Gürcüstandan Rusiyaya gedən yeganə yol problemlidir və vaxtaşırı nəqliyyat vasitələrinin hərəkəti dayandırılır. Digər tərəfdən, Türkiyə ilə yolun açılması da Zəngəzur dəhlizinin açılmasından sonra baş verəcək. Bu baxımdan Azərbaycanla kommunikasiyaların açılması Ermənistana dayanıqlı şəkildə əsas ixrac bazarı olan Rusiyaya və qonşusu olan Türkiyəyə yolların açılmasına gətirib çıxarır. Ona görə də son vaxtlar Paşinyan hakimiyyətində Zəngəzur dəhlizinin açılması istiqamətində hazırlıq işlərinin görüldüyünü müşahidə edirik. Merlərin və icra rəhbərlərinin dəyişməsi üçün Paşinyanın hərəkətə keçməsi həm Zəngəzur dəhlizinin açılmasına, həm də qarşıdan gələn parlament seçkilərinə hazırlıqdır. Sünik vilayəti Paşinyan hakimiyyətinə sədaqətli deyil və həmişə məhz həmin bölgədə hökumətə qarşı mütəmadi etiraz aksiyaları baş qaldırır. Bu baxımdan, Paşinyan özünə qarşı olan qüvvələri neytrallaşdırmaqla planlarını maneəsiz həyata keçirmək istəyir.

Ermənistanın Sünik vilayəti, kommunikasiyalar açılmasa, perspektivsiz bir dalandır. Ona görə də bu gün həmin vilayətdə əhalinin demoqrafik azalması sürətlə baş verir. Bu da Ermənistan hakimiyyəti üçün bir siqnaldır".

Niyameddin.jpeg (48 KB)

Niyaməddin Orduxanlı 

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı  deyib ki, Ermənistan indi çox yaxşı başa düşür ki, 2020-ci ildə imzaladığı üçtərəfli bəyannamədə (Azərbaycan, Rusiya və Ermənistan tərəfindən) götürdüyü öhdəliyi uzun müddət yubada bilməyəcək. Bu gün Zəngəzur dəhlizinin açılmasında hamıdan çox Rusiya maraqlı görünür. Çünki Rusiya Qərbin ən ağır sanksiyaları ilə qarşı-qarşıyadır. Rusiya yaxşı bilir ki, bu günə qədər Zəngəzur dəhlizinin açılmasını Qərb istəmir. Qərbin bu tapşırığını Paşinyan hakimiyyəti icra edir. Azərbaycan üçünsə iki vacib məqam var. Birincisi, Ermənistanla sülh sazişi imzalanmayana qədər hər hansı bir kommunikasiyanın açılması qəbuledilməzdir. İkincisi, sülh sazişi olmadan qardaş Türkiyə ilə Ermənistanın sərhəd xətlərinin açılmasıdır. İnanmırıq ki, Türkiyə bunu etsin. Biz öz dövlətimizin maraqlarını qoruyuruq. Prezident İlham Əliyev də məsələyə dövlət maraqlarından yanaşır. Əlbəttə ki, Rusiya bütün gücü ilə özünün maraqlarından çıxış edir. Və imkan verməz ki, Zəngəzur dəhlizinə Qərb nəzarət etsin. ABŞ hərbi təyyarəsinin Zəngəzura gəlməsi də təsadüfi deyil. Tək Zəngəzurda deyil, 2020-ci ildən sonra bütövlükdə Ermənistanda əhalinin sayı kifayət qədər azalmaqdadır. Ağıllı ermənilər başa düşür ki, Ermənistanın siyasi rəhbərliyinin Qərbin və ya Rusiyanın əlində oyuncağa çevrilməsi, bu ölkənin gələcəyinin olmaması deməkdir. Ona görə də övladlarının gələcəklərini düşünərək bölgəni tərk edirlər. Rəsmi məlumatlara görə, son illərdə on minlərlə erməni Ermənistanı tərk edib".

Bundan sonra beynəlxalq və milli gündəmin təşkilində xarici qüvvələr  deyil,məhz Azərbaycan özü rol alacaq - RƏY - AZƏRTAC

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə diqqətimizə çatdırdı ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin şərtlərindən biri kimi Zəngəzur dəhlizinin açılması məsələsini irəli sürürdü: “Lakin bu məsələdə güzəştə getdik. Zəngəzur dəhlizinin açılması məsələsini sülh müqaviləsindən sonrakı danışıqlar mərhələsinə saxlamağa razılıq verdik. Buna baxmayaraq Ermənistan daxilində revanşistlərin əli ilə hadisələri qızışdırmağa, Azərbaycanla sərhəddə yeni atışmalarla gərginliyi artırmağa və Ermənistanı silahlandırmaqla müharibəyə sürükləməyə çalışan qüvvələr var. Bu qüvvələrin lokal təmsilçiləri, yerli üzvləri Aruşanyan, Paramazyan və Parsyan kimi şəxslərdir. Aruşanyanın siyasi profilinə baxdıqda aydın görmək olur ki, o, Xocalı qatili Köçəryanın kadrıdır. Ermənistanda 2021-ci ildəki parlament seçkilərində də "Hayastan" fraksiyasından, yəni revanşist qüvvələrin fraksiyasından namizədliyi irəli sürülmüşdü. 2022-ci ildə seçki saxtakarlığı və digər qanunsuz əməllərinə görə həbs olunan Aruşanyana 5 il müddətinə yerli idarəetmə orqanında vəzifə tutmaq qadağa olunmuşdu. Lakin Ermənistan qanunvericiliyindəki bəzi ziddiyyətlər nəticəsində hələ də mer olaraq qalır. Parsyanın ən son açıqlamalarına baxdıqda görürük ki, o, “Böyük Ermənistan” xülyası ilə yaşayır. “Artsax daima Sünikin dayağı, Sünik isə Artsaxın dayağı olub. Bu iki sütun olmadan Böyük Ermənistanı yaşada bilmərik” deyən Parsyanın hansı qüvvələrə xidmət etdiyi aydındır. Azərbaycan sərhədindəki vilayətlərə bu cür şəxslərin rəhbərlik etməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Odur ki, onların hakim mövqedən uzaqlaşdırılması əslində Paşinyanın regional gərginliyi azaltmaq istəyindən irəli gələ bilər. Zəngəzurda müharibə ocağının alovlandırılması bir sıra qüvvələrin marağına cavab verə bilər, bu, həm Rusiya, həm də Qərb üçün müəyyən dividentlər gətirə bilər. Qərb hərbi-siyasi olaraq Ermənistanda möhkəmlənər, Rusiya isə özünün çoxdankı arzusunu reallaşdırar - Azərbaycan qanı-canı bahasına qlobal koridora nəzarət imkanı əldə edər. Hətta bu ilin əvvəli ABŞ-ın məşhur beyin mərkəzi olan “Stratfor” proqnoz vermişdi ki, 2024-cü ilin ilk 6 ayında Azərbaycan-Ermənistan arasında sülh olmazsa, Zəngəzurda müharibə olacaq. Müharibə ssenarilərinin maraqlı tərəfləri artıq məlumdur, lakin Azərbaycan daima öz milli maraqlarından irəli gələn gündəliklə çıxış etməlidir. Azərbaycanın qarşıdakı dövrdə ən əsas uğuru sülh müqaviləsinin imzalanması, regional sülh və sabitliyin əldə olunması, cənab Prezidentin elan etdiyi yeni dövr siyasi quruculuğunu uğurla həyata keçirmək, rifah və inkişaf göstəricilərində bölgədə liderliyini qorumaq, Ermənistanla regional kommunikasiyaları sivil yollarla açmaq, geostrateji və iqtisadi üstünlükləri sayəsində siyasi dividentlər qazanmaq və beləcə, bölgənin lideri olaraq özünü bir daha təsdiq etmək olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR