İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski müttəfiqlərinin xəyanəti altında müharibəni davam etdirməlidir”-Politoloq  

Dünya gündəmini ABŞ prezidenti Donalda Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında gərgin keçən danışıqlar mövzusu zəbt edib.

Prezidentlər arasındakı mübahisəli danışıqlar media üçün təsadüfən açıq keçirilməyib. Danışıqların tonunu və media üçün açıq olmasını, sözsüz ki, ABŞ təyin edib.
Dövlət başçıları arasında əvvəlcədən nəticəsi müəyyən edilməyən müzakirələr hər zaman bağlı qapılar arxasında keçirilib. Amma nədənsə Tramp Zelenski ilə görüşü media üçün açıq keçirməyə üstünlük verib. Niyə?

Musavat.com xəbər verir ki, siyasi şərhçi, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bu barədə açıqlamasında bu yanaşmanın nə Trampın demokratik dəyərlərə sadiqliyi, nə Ukrayna ilə bağlı narahatlığı, nə də əzilənin yanında olduğu təəssüratını yaratmadığını bildirib. Danışıqların tonu və işlənən ifadələr hər iki liderin geriyə yol qoymadığını göstərir: “Tramp Zelenskiyə "ABŞ-a və mənə hörmət etmirsən" deməklə ABŞ-ın və özünün nüfuzu məsələsini ortaya qoyub. Bundan başqa ABŞ özünün heç bir fikrini 3 ildir müharibə aparan və yardımlarla ayaq üstə dayanan Ukraynaya qəbul etdirə bilməyib. Əgər Tramp bundan sonra Zelenskiyə “yerini göstərə bilməsə” yeni bir presedent yaranacaq. Hər kəs ABŞ-nin "üzünü cırmaqlamağa" cəsarət edəcək. Bu isə Birləşmiş Ştatların hegemon obrazına ciddi zərbədir”.

Ekspertin sözlərinə görə, Zelenski isə "Kiyev uzunmüddətli sülh zəmanəti olmadan hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq" deməklə müharibəni davam etdirməkdən başqa özünə yol buraxmayıb. İndi o məhdud resurslar və müttəfiqlərinin xəyanəti altında müharibəni davam etdirməlidir. Sözündən dönsə lider kimi ömrünü başa vurmuş olacaq: “Zənnimcə, Zelenskini provakasiyaya çəkdilər. O isə əsəblərini cilovlaya bilməyərək ictimaiyyətin gözü qarşısında Trampla "döyüşə" girdi. Artıq Tramp üçün Zelenskinin əleyhinə açıq şəkildə danışmaq çətin olmayacaq. Əgər o ölkəsinin ictimai dəstəyini ala bilsə Zelenskini ağır günlər gözləyir. Çox təəssüf ki, ABŞ prezidenti azadlığa can atan ukraynalılara lazım olan dəstəyi vermədi”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR