İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəhərlənmələr niyə artıb - qida təhlükəsizliyi, qəsd və narkotik...

Hüquqşünas: “Hər bir hal üzrə çox diqqətlə araşdırma aparılmalı, məktəblilərin zəhərləndikləri qidaların istehsalçıları ilə bağlı məlumatlar toplanmalı, incələnməli və müvafiq qərarlar verilməlidir”

Son dövrlər Azərbaycanda zəhərlənmə halları hədsiz çoxalıb. Son bir ay ərzində 3 orta məktəbdə kütləvi zəhərlənmə baş verib. Bayram günlərinin zəhərlənmə statistikası açıqlanıb, məlum olub ki, 5 gündə 72 nəfər zəhərlənib, 1 nəfər ölüb. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zəhərlənənlərdən 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından zəhərlənib. 1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən 1 nəfər (qadın) dünyasını dəyişib.

Bundan başqa, Bakıda hoteldə zəhərlənən 21 yaşlı qız da xəstəxanaya yerləşdirilib. Musavat.com Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə aprelin 24-də saat 5 radələrində baş verib. Sübh çağı Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən hoteldən Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü N.Q. ağır dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər.

İlkin araşdırmalar zamanı gənc qızın hoteldə olarkən narkotik vasitə qəbul etməsi və bunun təsirindən zəhərlənməsi müəyyən edilib. Bu, hələ bəlli olan faktlardır, təkcə bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı müraciət edənlərdir.

Sirr deyil ki, ölkədə zəhərlənmə zamanı çox adam xəstəxanaya müraciət etmir, türkəçarə ilə özünü sağaldır.

Zəhərlənmə səbəblərinə nəzər saldıqda bunun böyük faizi qida zəhərlənmələridir. İkinci yerdə özünəqəsdlər və dərman zəhərlənmələri, daha sonra narkotikdən zəhərlənmələr gəlir. Ən çox narahatedici məsələ qida zəhərlənmələridir ki, bu da qida təhlükəsizliyi məsələsi ilə yanaşı, qida təxribatları iddialarını da ortaya çıxarır. Zəhərlənmələrin artması mövsümi ola bilərmi?

 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, həqiqətən də məktəblərdə zəhərlənmələrdə narahatedici məqamlar var: “Bir-birinin ardınca 3 məktəbdə zəhərlənmələrin olması bir qədər şübhəlidir. Məktəblərin bufetlərinə sərt nəzarət olunmalıdır. Vaxtı keçmiş, saxlanma qaydalarına riayət olunmadan saxlanılmış məhsullar, yarımfabrikatlar, şirniyyatlar heç bir halda məktəblərə verilməməlidir. Hesab etmirəm ki, məktəblərdəki zəhərlənmələrdə kriminal izlər var. Buna baxmayaraq, hər bir hal üzrə çox diqqətlə araşdırma aparılmalı, məktəblilərin zəhərləndikləri qidaların istehsalçıları ilə bağlı məlumatlar toplanmalı, incələnməli və müvafiq qərarlar verilməlidir”.

Hüquqşünas deyib ki, məktəb bufetləri xüsusi nəzarətə götürülməlidir ki, gələcəkdə belə hallar baş verməsin.

Eyyub Hüseynovun qızı vəfat etdi

Eyyub Hüseynov 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, məktəb bufetləri üçün standartlar var: “Məktəb bufetlərində bir sıra məhsulların satışı qadağan olunub. Bu sırada kolbasalar, sosiskalar, qazlı içkilər, qazlı sulardan "Coca-Cola" və digərləri var. Belə görünür ki, bu standartlardan kənarlaşmalar var".

AİB sədri deyir ki, vəziyyətin dəyişməsi üçün ciddi maarifləndirmə işi aparılmalı, ictimai nəzarət güclənməlidir: “Valideyn komitələri, müəllimlər, sinif rəhbərləri ciddi nəzarət etməlidir. Kiçik bir problem görən zaman mütləq AQTA-ya məlumat verilməlidir. Əlbəttə, Azad İstehlakçılar Birliyi mükəmməl işləsə, belə məsələlər az olar. Təəssüflər olsun ki, birliyimiz istədiyimiz səviyyədə deyil, bizim günahımız da var bu məsələdə, ona görə bu kimi hallar baş verir”.

AİB sədri deyib ki, problemin kökündə məktəb bufetlərinin icarəyə verilməsi məsələsi də var: “Məktəb bufetləri ayrı-ayrı sahibkarlara icarəyə verilir. Məktəb bufetləri özbaşına qalıb. AQTA-nın bu sahədə monitorinqlər aparması çox yaxşı haldır. Lakin ictimai nəzarət də olmalıdır. Xüsusilə valideyn komitəsi fəal olmalıdır. Məktəb müəllimləri ilə əlbir işləməlidirlər və daim məktəb bufetlərində monitorinqlər aparmalıdırlar. Bir neçə məktəbdə zəhərlənmənin səbəbi kimi toyuq əti göstərilir. Toyuq əti tez çirklənən ərzaqdır. Əminəm ki, bunun səbəbini qətiyyən toyuq ətinin istehsalçısında tapmayacaqlar. Çünki 26 ildir biz hələ bir dəfə də sənaye üsulu ilə istehsal olunan məhsuldan zəhərlənmə zamanı hüquqi nəticə əldə edə bilməmişik. Hər bir məhsulun sertifikatı var. Sertifikat verilibsə, Azərbaycan həkimlərinin əlini kəssən də yazmaz ki, zəhərlənmə filan sənaye üsulu ilə hazırlanan məhsuldan olub. Mütləq bunu yıxacaqlar ya mətbəxdəki soyuducunun üstünə, ya oradakı adamların, ya da şagirdlərin öz üzərinə. Hələ bu vaxta kimi biz zəhərlənmədən əzab çəkmiş adamlara kompensasiya verilməsinə nail ola bilməmişik. Çünki hamısında istehlakçının özü günahkar çıxarılıb”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR