İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər və Bayraq bayramından sonra Konstitusiya günümüz!

Konstitusiyaya dəyişikliklər və əlavələr üçün referendum ola bilər

Ölkəmiz tarixi Zəfər Günündən sonra Şuşa və Xankəndidə dalğalanan üçrəngli bayrağımızla bağlı bayram edəcək. Üç gün sonra isə 12 noyabr - Azərbaycanda Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın ilk konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur;

Azərbaycan SSR-i dövründə konstitusiya bir neçə dəfə dəyişdirilib. Azərbaycanın ilk konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1977-ci ildə SSRİ-nin yeni konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən ovaxtkı respublika rəhbər,  Ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi  Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub (1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəalarına zidd olmayan hissələrdə);

Müstəqil dövlətin yeni konstitusiyası da  Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Məhz onun rəhbərliyi ilə konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. 

Konstitusiyanın qəbulu Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir;

Əsas qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunub.

Vətəndaşların hüquq və azadlıqları. Konstitusiyanın qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilib. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil edib. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub.

Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

Çingiz Qənizadə: “Biz kimlərəsə söz verməmişdik ki, sizi azadlığa  buraxdıracağıq” - GlobalInfo.az

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, 1995-ci ilin noyabr ayının 12-də qəbul olunmuş konstitusiya bundan əvvəlki sovet dövründə olan konstitusiya aktlarından təbii ki, məzmununa və təsir imkanlarına görə daha geniş və mütərəqqidir: "Konstitusiyamızın özəlliyi ondan ibarətdir ki, bu müstəqillik dövründə Azərbaycan Respublikasının qəbul etdiyi konstitusiyadır. Digər özəllik ondan ibarətdir ki, bu konstitusiya komissiyasının sədri Ulu öndər Heydər Əliyev özü idi. Konstitusiyanın hazırlanmasıda tarixçilər, hüquqşünaslar iştirak edirdi. Ulu öndərin sərrast və dəqiq fikirləri, göstərişləri hər kəs tərəfindən də yüksək qiymətləndirilirdi. Bir hüquqşünas və hüquq müdafiəçisi olaraq onu qeyd etmək istəyirəm ki, ilk dəfə idi ki, Azərbaycan Konstitusiyasında təxminən 47 maddə insan hüquq və azadlıqlarının təminatına həsr edilirdi. 1995-ci ildə konstitusiya qəbul olunarkən biz hələ Avropa Şurasının üzvü deyildik. 2000-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən məlum oldu ki, Avropanın insan hüquq və azadlıqlarına aid olan bütün müddəaları artıq 5 il bundan öncə Azərbaycan Konstitusiyasında əks olunub. Demək istəyirəm ki, konstitusiya bütün sahələr üzrə hakimiyyətin qolları formaları və digər məsələlər idarəçilik formalarının və əsas da insan hüquq və azadlıqlarının təminatı ilə daha çox müzakirə olunan və yaddaqalan maddələrlə dolu bir sənəddir. Konstitusiyaya sonradan əlavə edilmiş dəyişikliklər isə zamanın tələbi idi. Bunlar da konstitusiyamızı daha dolğun, zəngin daha başadüşülən, eyni zamanda zamanın tələbinə uyğun idarəçilik formalarının qanunlaşdırılması istiqamətində atılan addımlardan biri idi. Artıq konstitusiyaya yeni dəyişikliklər və əlavələr edilməsi zərurəti meydana çıxıb. Respublikanın idarəetmə modelində yeni institutların yaranmasının şahidi oluruq. Bunları konstitusiya qanununa salmaq lazımdır. Yeni reallıqları da nəzərə alanda konstitusiya dəyişikliyinə gedilməsinin qaçılmaz olduğunu görə bilərik. Ölkəmizin bütün ərazisində konstitusion quruluşumuzu bərpa etmişik. Bu amil də konstitusiyada dəyişiklikləri labüd edir”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, 1995-ci ildə qəbul edilən konstitusiyaya indiyə qədər edilən əlavə və dəyişikliklərin içərisində daha çox diqqətçəkəni 2002-ci il referendumu ilə həyata keçirilmiş dəyişiklikdir. Bu dəyişikliyə görə, Azərbaycanda proporsional seçki sistemi ləğv edilib. 2009-cu il referendumunda isə ölkədə viste-prezidentlik institutu formalaşıb. Bu da bir ciddi yenilik idi: “Hesab edirəm ki, vitse-prezidentlik instutunun formalaşmasından sonrakı dövrdə Nazirlər Kabineti bir struktur vahidi olaraq ləğv edilməli idi. Hazırda buna ehtiyac var. Nazirlər Kabinetinin səlahiyyətlərinin birinci vitse-prezident və təyin ediləcək vitse-prezidentlər, eləcə də vitse-prezidentlik institutu tərəfindən həyata keçirilməsi daha məqbul hesab oluna bilər. Biz bir neçə dəfə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı bir neçə dəfə təkliflər paketi irəli sürmüşük. Proporsionla seçki sisteminin bərpa edilməsi əsas təkliflərimizdəndir. Eləcə də rayon icra hakimiyyətlərinin struktur vahidi olaraq ləğv edilməsi, onların səlahiyyətlərinin Prezidentin yerlərdəki səlahiyyətli nümayəndələrinə verilməsi və bələdiyyələrin səlahiyyətlərinin artırılması da təklif olunur. Daha çevik idarəetmə modeli üçün bu lazımdır. Böyük ehtimalla yaxın gələcəkdə referendum keçiriləcək və konstitusiyaya dəyişikliklər, əlavələr olacaq”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR