İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucun dedikləri “sandıq” müzakirələrini yenə aktuallaşdırdı

Payızda ölkə konstitusiyasına mühüm dəyişikliklər üçün səsvermə keçiriləcək?

Azərbaycanda bu ilin payızında referendum ola biləcəyi haqda müzakirələr səngimir. Pressklub.az-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilir ki, payızda (çox güman, oktyabrda) ölkə konstitusiyasına mühüm dəyişiklər üçün səsvermə keçiriləcək.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri (STM) Zahid Oruc da ötən həftə yerli mediaya referendumun zəruri olması barədə açıqlama vermişdi: “Düşünürəm ki, ümumxalq səsverməsi Azərbaycanın müstəqillik tarixində bir neçə dəfə olmasına baxmayaraq, cəmiyyət həyatındakı dinamikanı, dövlət və vətəndaş münasibətlərindəki dəyişiklikləri, xüsusilə də artıq Vətən müharibəsindəki qələbəmizi, ölkənin həm siyasi idarəetmə, həm inzibati xarakterli məsələlərdə meydana çıxan çağırışları özündə ehtiva edir. Bu anlamda, bunların hamısını hüquqi müddəalara köçürərək, ölkənin ali qanununda nəzərə almaq mühüm bir məsələ kimi qarşıya çıxır”.

Deputat vurğulayıb ki, son dövrlərdə onlardan ən çox sorğu edilən məsələlər sırasında Qarabağ, Azərbaycanın bütövlüyünün gerçəkləşməsi, ermənilərlə birgə yaşayışın tapılması məsələləri qabardılır: “Həmçinin parlament üzvlərinin sayı ilə əlaqədar məsələ qoyulur ki, 1995-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyondan bir qədər çox idi və parlamentdə 125 nəfərlik tərkib müəyyən edilmişdi. İndi isə Azərbaycan əhalisinin sayı 10 milyonu keçib, amma Milli Məclis üzvlərinin sayı artmayıb. Bu şəraitdə qanunverici orqanın sayının artması ilə bağlı istəklər dilə gətirilir”.

Proporsional seçki sisteminin bərpa edilməsi ilə bağlı Zahid Oruc bildirib ki, bu barədə olduqca fərqli fikirlərə sahibdir: “Bu barədə müxtəlif fikirlərim var. Mən bir sıra hallarda partiyaların baxışlarını o məsələdə yüzdəyüz bölüşmürəm. Təkcə ona görə yox ki, mən indi artıq siyasi mənsubiyyət baxımından hansısa partiyada təmsil olunmuram. Təbii ki, dövlət başçısının həyata keçirdiyi siyasi kursu müdafiə edirik. Lakin bunun kənarında bu seçki üsulunun özünə görə üstünlükləri və əskikləri var”.

Müstəqillik tarixi referendumla zəngindir və 2000-ci ildən sonra hakimiyyət ehtiyac duyduğu üçün konstitusiyaya 3 dəfə dəyişiklik edib. Payızda gözlənilən səsvermə isə təkcə iqtidarın təməl ehtiyacları, siyasi manevrləri üçün deyil, həm də 44 günlük müharibənin, o cümlədən Rusiya-Ukrayna müharibəsi nəticəsində baş verən geosiyasi dəyişikliklərin ortaya çıxardığı yeni reallıqlarla əlaqəli ola bilər.  

Etibarlı mənbə bildirir ki, bu kontekstdə rəsmi Bakı Ermənistanla münaqişənin tam və hərtərəfli həlli ilə bağlı hüquqi əsaslar yarada bilər. Söhbət referendumla ölkənin inzibati ərazi idarəetməsinə dəyişikliklər etməklə, erməni azlığın yaşadığı, 10 noyabr 2020-ci il tarixindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinin taleyinə aydınlıq gətiriləcəyindən gedir. Gözlənilən konstitusiya dəyişikliklərində bu çərçivədə hansı yeniliklər ola bilər?

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı referendumun labüd olduğunu qeyd etdi: “Bəli, uzun müddətdir ki, keçiriləcək referendumla bağlı müxtəlif səviyyələrsdə diskussiyalar, müzakirələr gedir. Bunun vaxtı ilə bağlı da bir çox hallarda müxtəlif ehtimallar səsləndirilir. Əslində bu referendum məsələsi artıq bir şayiə, informasiya olmaqdan daha çox tələbata çevrilib. Referendumun keçirilməsi müasir dünyada Azərbaycanın mövqeyinin daha da gücləndirilməsinə, eləcə də daxili siyasətdə həm idarəetməyə, həm də iqtidar-müxalifət və iqtidar-cəmiyyət tənzimlənməsinə ancaq və ancaq töhfələr verə bilər. Yeni dövrün çağırışlarını uyğunlaşdırmaq baxımından düşünürəm ki, referendum artıq labüdləşib. Burada əsasən dövlət idarəetməsinin təkmilləşdirilməsi, deputatların sayının artırılması və parlament seçkilərinin keçirilməsi formasının dəyişdirilməsi əsas məsələlərdən biridir. Proporsional seçkinin özü də geniş bir anlayışdır. Çünki burada seçkilər majoritarmı, yaxud proporsionalmı olacaq, bu sualın cavabı hər kəsi maraqlandırır. Yaxud proporsional olarsa, necə olacaq? Çünki bu qaydada seçkilərin ən müxtəlif formatları var. Azərbaycan özünə uyğun format seçməlidir. Burada əsas məqsəd parlamentdə çoxpartiyalı sistemi təmin etmək, dövlət idarəçiliyini daha da gücləndirməkdir. Müharibədən sonra cəmiyyətdə, siyasi partiyalarda, iqtidar-müxalifət anlayışlarında yeni durum yaranıb. Bu duruma uyğun yeni hüquqi bazanın yaradılmasının vacib olduğunu düşünürəm. Partiyalar təbii ki, bu məsələləri gözləyirlər, tələb edirlər. Biz dəfələrlə referendumun keçirilməsinin vacibliyini vurğulamışıq, parlamentin say tərkibinin 50 nəfər artırılmasının, yəni 125-dən 175-ə qaldırılmasının tərəfdarı olduğumuzu bəyan etmişik. Eyni zamanda partiyaların fəaliyyətinin genişləndirilməsi üçün konstitusiyaya yeni müddəalar əlavə oluna bilər. İdarəetmədə icra strukturlarının fəaliyyətindən hakimiyyətin özü belə razı deyil. Artıq Prezidentin özünün də dediyi kimi, eksperimentlər aparılır, sınaqlar keçirilir. Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin səlahiyyətli nümayəndələri qismində insanlar ora təhkim olunublar. Onların fəaliyyətləri sınanır. Bütün bunlarla bağlı da ola bilsin ki, konstitusiyaya yeni maddələr salınsın. İstənilən halda düşünürəm ki, referendum olduqca vacib bir məsələdir. Bu referendumdan da öncə ictimai müzakirələr aparılmalıdır. Diskussiyalara böyük ehtiyac yaranıb.  Referenduma çıxarılan maddələr müzakirə edilməlidir. İnsanların, partiyaların qarşısına sürpriz kimi hansısa konstitusiya layihəsinin çıxarılmasını istəmirəm. Ən azından bu, ictimai müzakirələrdən keçməlidir. Referendumun keçirilməsini gözləyirik. Bu nə qədər tez baş tutsa, o qədər Azərbaycanın maraqlarına daha çox cavab verər”.

Qalib mən olacağam - ALDP sədri Fuad Əliyev » Avrasiya.Net

Fuad Əliyev

ALDP rəhbəri Fuad Əliyev deputatın fikirlərini dəstəklədi: “STM rəhbəri Zahid Oruc son vaxtlar maraqlı fikirləri ilə yadda qalır. Hər dəfə bir neçə məsələnin anonsunu verməklə ictimai müzakirələrə start verib. Hesab edirəm ki, referendumun anonsunu verib. Uzun illərdir ki, cəmiyyətdə gedən referendumla bağlı  müzakirələr artıq hakimiyyət daxilində müzakirələrə gətirib çıxarıb. Hörmətli Zahid Oruc əgər referendum məsələsini qabardırsa, deməli, bununla bağlı hakimiyyətin qərarı var.  Hesab edirəm ki, referenduma çıxarılacaq məsələlər çoxdur. Xüsusilə Vətən müharibəsindən sonra ərazi-inzibati quruluşun dəyişdirilməsi kimi məsələlər referenduma çıxarılacaq məsələlərdən biri olacaq.

Ümumiyyətlə, bir çox məsələlərə aydınlıq gətirilməlidir. İcra hakimiyyəti sistemində olan ziddiyyət - Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu arasındakı ziddiyyətin aradan qaldırılması məsələsi. Mənim fikrimcə, Nazirlər Kabineti ləğv olunmalıdır və onların səlahiyyətləri vitse-prezidentlik institutuna verilməlidir. Şəhər və rayon icra hakimiyyətləri strukturları ləğv olunmalıdır. Biz təklif vermişik ki, yeddi ərazi-inzibati nümayəndəliyi olsun. Ola bilsin ki, payız sessiyasında bir neçə məsələ müzakirəyə çıxarılsın, o cümlədən proporsional seçki sisteminin bərpası, deputatların sayının artması və yuxarıda qeyd etdiyim məsələlər. Milli Məclis müzakirələrdən sonra referenduma getmək haqda qərar versin".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR