Onlayn ictimai-siyasi qəzet
Bu gün Böyük Britaniyanın BP şirkəti ilə “SOCAR Green” (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında səhmdarlar sazişi imzalanıb.
BP-Azərbaycan şirkətindən Musavat.com-a verilən məlumata görə, sazişə əsasən, “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) adlı yeni birgə müəssisə yaradılıb. Bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək.
Bundan əvvəl səhmdarlar sazişi üzrə danışıqlara başlamaq məqsədilə ötən ilin sentyabrında eyni tərəflər arasında qoşulma sazişi imzalanmışdı.
“Şəfəq” layihəsində “Virtual Enerji Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə, bu mexanizm Cəbrayıl rayonunda istehsal ediləcək günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan “Azərenerji”yə həmin yerdə çatdırılmasını, “Azərenerji”nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək.
Səhmdarlar sazişini SJSL adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, SJSL-də səhmdar şirkət kimi BP adından BP-nin günəş enerjisi və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Marivela Alvarez, “SOCAR Green” adından SOCAR-ın prezidenti Rövşən Nəcəf və AIŞ adından AİŞ-in icraçı direktoru Ülvi Mansurov imzalayıblar.
Məlumata əsasən, səhmdarlar sazişi müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Saziş qüvvəyə mindikdən sonra SJSL səhmdarlarının iştirak payları belə olacaq: BP - 50,01 faiz, SOCAR - 39,99 faiz və AİŞ – 10 faiz.
Qeyd edək ki, “Şəfəq” layihəsi Cəbrayıl rayonunda 240 MVt gücündə dəyişən cərəyanlı günəş elektrik stansiyasının tikilməsini nəzərdə tutur.
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə BP arasında 2021-2022-ci illərdə “Şəfəq” layihəsinin həyata keçirilməsinə dair İcra Sazişi və ona bir sıra əlavələr imzalanıb. Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədi 2024-cü ildə ictimaiyyətə açıqlanıb, müzakirə olunub və Azərbaycan hökuməti tərəfindən təsdiq edilib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ