İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan SENSASİON açıqlama: Bu, xalqlar və regionlar üçün TƏHLÜKƏLİDİR

 "Coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər..."

"200 ildən artıq davam edən düşmənçiliyin Xankəndində ucaldılan üçrəngli bayrağımızla başa çatdığını deyənlər, haqlı olaraq, məğlub qüvvələrin sırasını yalnız silahlı qüvvələr, dövlət və siyasət adamları ilə deyil, daha çox mifologiyalar və proqramlar, onu canlı tutan mədəniyyətlər, ədəbiyyat və təhsil sistemlərinin də iflasa uğradığını göstərməklə Zəfərimizin daha ali və müqəddəs mahiyyətini nümayiş etdirirlər. Bizə yeni milli kimlik qazandıran, Azərbaycanı Zəfər ölkəsinə çevirən son 3 ilin Səlnaməsi təkcə torpaqlarımızın azadlığı və suverenliyi deyil, eləcə də xeyirxahlığın bədxahlıq, varlığın inkar, quruculuğun dağıdıcılıq, nizamın xaos, ünsiyyətin nifrət və nəhayət, barışın düşmənçilik üzərində qələbəsidir. Dünən bir əsrlik yaşını “Yer-Göy Cümhuriyyət” şüarı ilə qeyd edən Türkiyə Respublikasının qurucu atalarını ehtiramla anarkən, Ulu öndər Heydər Əliyevin 100 illiyində Azərbaycanın qazandığı Qurtuluşun da əbədi və dönməz olacağına dərindən inanırıq!"

Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc idarə heyətinin sədri olduğu Sosial Tədqiqatlar Mərkəzində (STM) “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” nə həsr olunan tədbirdə çıxışı zamanı səsləndirib.

Millət vəkili vurğulayıb ki, "nifrət nitqləri və cinayətləri" siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir:

"İctimai təqdimatı olan nifrət cinayətləri və nifrət nitqinin anlayışını verməyə çalışsaq, Avropa Şurasının tərifinə görə, “nifrət nitqi,  dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, anti-semitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır. Bir millətin digərindən üstünlüyünü iddia edən ari irq iddiasının-faşist ideologiyasının tərkib hissəsi kimi “nifrət nitqi” yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlanıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur. Xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir. Əks halda sual olunur: ”bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki”?

Göründüyü kimi, "nifrət nitqləri və cinayətləri" siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir. Gəlin, bir neçə gerçək nümunəyə baxaq.

Məsələn, on illər ərzində türk  məfhumunu “düşmən” sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-birilə o dildə danışıblar. Əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan Baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat:” mənə “türk nikol” deyirlər. Lakin mən bunu təhqir saymıram”. Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur".

Zahid Oruc xatırladıb ki, qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi:

"Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır.

Yaxud, beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir”, açıqlaması alim statusundan uzaqdır, çünki  elmdə belə bölgülərə yer yoxdur.

İşğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar-“döyüşməyi bacarmayan alverçilər, köçəri millət, “primitiv köçərilər”” və sair epitetlər daşlamış zehinlərin göstəricisiydi, çünki müharibə tam fərqli gerçəkliyi-100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoydu.

Yaxud, Qarabağ komitəsinin üzvü İqor Muradyanın  Tomas de Vaala müsahibəsində “Qarabağın azərbaycanlı sakinləri haqqında nə düşünürdünüz” sualına, “onların fikri və aqibəti heç kimi maraqlandırmırdı” cavabı Miatsum fəallarının antihumanist mahiyyətini, insan ləyaqətini hesaba almayan kimliklərini ortaya qoyur. 3-cü Reyx də milyonlara məhrumiyyət gətirən ideologiyanı oxşar tezislər üzərində qurmuşdu.

Nəhayət, milli kimliyimizi inkar edənlər, Azərbaycanı “koka-koladan cavan dövlət” təbliğatı aparanlar  öz nifrətlərinə məğlub oldular.

Beləliklə, əsatirlərdən gerçək həyata, folklordan siyasətə və dərsliklərə qədər Azərbaycanın qorxunc obrazının tarixi, sosial-psixoloji köklərini asanlıqla yox etmək çətindir. Ermənistanın hərbi məğlubiyyətinin səbəbi döyüş meydanlarında qarşılarına fərqli kimliklərin çıxması idi.  Əzmkarlıqla savaşan azərbaycanlı əsgər və 5-ci nəsil texnilogiylarını idarə edən zabitlər, bütün sosial və siyasi ayrılıqları kənara  qoyan  vahid millət, ləyaqətli savaş nümunəsi yaradan Azərbaycan dövləti  gerçək obrazı ilə düşmənin təsəvvürlərini dağıtdı.

Doğrudur, onlardan bir qismi əvvəlki xətti davam etdirərək, Azərbaycanda sosial şəbəkələr və bəzi çap materiallarında ermənilərə qarşı etnik-milli, dini əsaslı nifrət nümunələrini beynəlxalq qurumlara göndəriblər. Məqsəd birgəyaşayışa zərbə vurmaq, qonşu yox, əbədi düşmənçiliyi təbliğ etmək, “exzistensialist təhdid” mifi ilə ikinci erməni dövlətinin yaradılmasına haqq qazandırmağa çalışırlar. Üstəlik, nifrət dilini bizə beynəlxalq təşkilatlar, avroparlamentarilər və qərbli məmurlar, lobbistlər və məhkəmə salonlarında hakimlər, vəkillər həyata keçirir. Lakin ölkəmizə qarşı informasiya və diplomatik  yöndə nifrət savaşı aparanlar məğlub olacaqlar".

Deputat qeyd edib ki, Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır:

İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası” ölkəmizlə bağlı dövri hesabatda qeyd edir ki, burada heç zaman irqi-milli, dini əsaslı cinayətlər olmayıb. Hətta otuz illik işğal dövründə, ermənilərə qarşı münasibətlə bağlı,“Azərbaycanda əhəmiyyətli tolerantlıq mövcuddur”.

Bəs nifrət dililə mübarizə necə olmalıdır? Müasir dövrdə bir sıra ölkələrdə nifrət dilini məhdudlaşdıran qanunvericilik mövcuddur. Azərbaycanda ayrıca hüquqi akt olmasa da, nifrət cinayətlərinə aid əməllərlə ciddi mübarizə aparılır.   Ölkəmizdə milli-dini-irqi ayrı-seçkiliyə görə qanunverici əsaslar mövcuddur. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığını tanısa da nifrət təhriki qadağan olunur. Habelə BMT çərçivəsində nifrət nitqinə qarşı qəbul edilən “Rabat Fəaliyyət Planı”nı da əhəmiyyətli hüquqi platformadır. Hər il 18 iyun-nifrət dili ilə mübarizə günüdür.

Ali Baş Komandan İlham Əliyev 15 oktyabr tarixində Xankəndində bayrağımızı ucaldarkən ermənilərlə ayrıseçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənclərə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı, “Fizuli günləri”ndə çıxış edərkən “biz Zəngəzura sülh yolu ilə qayıdacağıq” dedi, uzaq paytaxtlara səslənərək “regionumzadan əlini çəkin” söyləməklə bütövlükdə Qaqazların lideri kimi bütün xalqlara sülh gətirməkdə maraqlı olduğunu nümayiş etdirdi.

Şübhəsiz, xalqımızın məruz qaldığı humanitar fəlakətlər milli düşüncədə və ictimai dildə bəzən sərt, qisasçı, qarşı tərəfi alçaldan ritorikanın da yer almasına səbəb olur. Yaşadıqlarını və yaralarını sarıyaraq, sülh erasına keçmək elə də asan deyil. İctimai həyatın bütün sferalarında nifrət hekayələri bəsləyənlər, onu tirajlayanalar sərhədsiz olaraq, elmdə, təhsildə, mədəniyyətdə, sosial və yazılı mediada belə nifrət kültürü yaymaqla, başqasının demonizasiyına nail olmaqla Ramazan Abtullatipovun dediyi-Qafqazda bir güllə atırsan, 100 il gedir, sözlərini doğrultmağa çalışırlar.

Halbuki dövlətimizin ordusu qədər, sülh siyasəti də güclüdür. Ona görə də barış kursunu sülh ritorikası müşayiət etməli, tarixi yaddaşı qorumaqla bərabər, sülh mesajlarına, keçmişin Zəfərimizin işğında yeni şərhinə ehtiyacı var. Post-münaqişə dövrü Qələbəmizin erməni xalqı deyil, faşizm, təcavükarlıq, işğal və separatizm üzərində qazanıldığını bəyan etməklə regionda sülh savaşını da qazana bilərik. Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər.

Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, intellektualları, ədibləri, sənət adamları, din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoqu genişləndirmək gərəkdir. Belə platformalarda fəaliyyət göstərən və ortaq müzakirələr aparan ekspertlərin sıralarının genişlənməsi nifrət leksikonunu barış nitqləri  ilə əvəz etməyə imkan verər.  Hökümət və sivil qurumlar da belə debat və dialoq meydanına şərait yaradarsa, hamının faydasına olar.

Bəli, prezident İlham Əliyevin ən böyük qələbəsi Qafqazlarda axan əbədi qanı durdurması, bölgəmizə dincliyi, əmin-amanlığı, mübadiləni, açılımı, bütövlüyü gətirməsi, bir sözlə nifrətə son qoymasıdır. Prezidentin missiyası müqəddəsdir!"

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR