İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüz illər sonra da danışılacaq qardaşlıq nümunəsi və yeni “Azərbaycan” tikən Azərbaycan!

Qardaş Türkiyədə baş verən zəlzələ dəhşətinin bir ili tamam oldu. 2023-cü ilin 6 fevralında, yerli vaxtla saat 04.17-də Kahramanmaraş şəhəri və Elbistan rayonunda 7,7 və 7,6 bal gücündə baş verən iki güclü zəlzələ nəticəsində 11 əyalətdə binalar yerlə bir oldu. 53 min 537 bacı-qardaşımız həlak oldu, daha 107 min 213 nəfər yaralandı...

Türkiyəmiz tarix boyunca çox dəhşətlərə sinə gərib, çox şəhidlər verib. Amma düşmənlərini sevindirməyib, hər zaman dik duruşu ilə şərə meydan oxuyub, hətta ən ağır çağında da dost-qardaşa yardım əlini uzadıb. Keçən ilin bu günü ürəyimizin başı göynəyə-göynəyə əminliklə yazırdıq ki, “Binalar yıxılsa da, Türkiyəmiz ayaqda qalacaq!” Elə belə də oldu. Qardaş ölkə toparlandı, həm dağıntıların nəticəsini aradan qaldırmaq üçün səfərbər olundu, həm milyonlarla vətəndaşa yaşam imkanı yaratdı, həm həyatında olduqca önəmli siyasi hadisəni – prezident seçkilərini keçirdi, özü də ikinci tura getməklə, həm də 100 illik yubileyini ölkə boyunca qeyd etdi. Xeyir şərə, şər xeyirə qarışdı, bir gözü ağladı, biri güldü Türkiyəmizin. Gözlərinin yaşını silən Azərbaycan kimi qardaşı da var idi yanında. Dar günümüzdə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Böyük Atatürkün Cümhuriyyətinin də kədəri ilə sevinci eynilə həm də bizim oldu, başqa cür ola bilməzdi ki...

kahraman.png (1.26 MB)

1921-ci ilin 23 martında Azərbaycan hökuməti könüllü şəkildə Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ, milyonlarla qızıl pul yollayanda Mustafa Kamal Paşanın yazdığı məktuba cavab verən Nəriman Nərimanov “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmalıyıq”, yazmışdı. Qardaşlıq münasibətləri dünən də olub, bu gün də var, sabah da belə davam edəcək. Özü də təmənnasız yardımdır bunlar, qarşılıq gözləmədən...

Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ dəhşətindən dərhal sonra Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana zəng etdi, Azərbaycan xalqı və dövləti adından başsağlığı verdi, zəlzələ fəlakətinin aradan qaldırılması üçün ölkəmizin əlindən gələni edəcəyini bildirdi. Azərbaycanın sadə vətəndaşından tutmuş, dövlət qurumlarınadək hamı Türkiyənin yanında oldu. Bu günlərdə, cənab Ərdoğan ölkəsindəki fəlakətin aradan qaldırılması üçün ilk yetişən ölkə olaraq Azərbaycanın adını çəkdi. Duyğulanmamaq olmur, bu, bir tale məsələsidir. Əsrlərlə davam edən birlikdir, bərabərlikdir. Çanaqqalada şəhid olan azərbaycanlıların da, ötən əsrin əvvəllərində Azərbaycan uğrunda canından keçən türk şəhidlərinin də ruhu şaddır, bu birliyə, həmrəyliyə görə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər dərhal, fevralın 6-da Türkiyəyə yola salındı və orada fəaliyyət göstərdi. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin Türkiyədə necə fədakarlıqlar göstərdiyini hamımız gördük, qardaş ölkədə məmnuniyyətlə danışdılar, yazdılar bu barədə. Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkədə zəlzələdən zərər görənlərə kömək etdi. Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə qardaş ölkəyə böyük yardım heyəti gönədirildi, qışın şaxtasından insanları qorumaq üçün zəruri mallar, həmçinin minlərlə çadırlar alınaraq aparıldı. Mülki həkim heyəti, çoxsaylı könüllülər, digər peşə sahibləri əllərindən gələni etmək üçün qardaş ölkəyə tələsdilər. Azərbaycan komandası həmçinin Kahramanmaraşda 2 səhra xəstəxanası yaratdı. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib. Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərciyi qurdu. Azərbaycan vətəndaşları əllərindən gələn yardımı çatdırmaqdan ötrü necə fədakarlıq etdilər. Qızının cehizlərini qardaş ölkədəki fəlakət zonasına yollayan böyük ürək sahiblərini də gördük, pensiyasını qəpiyinəcən bank hesabına köçürən təqaüdçünü də, yorğan-döşəyi başına qoyub, uzun qarlı yollarla yardım toplayan məntəqəyə tələsən kəndlini də... Paytaxt Bakıdan başlamış, Azərbaycanın ucqarlarınadək hər yerdə Türkiyə üçün yardıma tələsən insanlarımızın izdihamına şahidlik etdik o günlər. Yardım dolu TIR-lar qardaş ölkəyə ilk yetişənlərdən oldu... Şuşada Müttəfiqlik Bəyannaməsi imzalayan iki qardaş liderin ölkələrinin münasibəti başqa cür ola da bilməzdi... Yüz illər keçəcək, bu qardaşlıq nümunəsindən hər zaman danışılacaq!

susa beyan.PNG (1.77 MB)

Xatırlayırıq, Azərbaycanla Türkiyənin arasını vurmaq, münasibətləri pozmaq istəyən qara qüvvələr araya girməyə çalışırdılar. Alınmadı, iki qardaş ölkə, bir millətin bacı-qardaşları növbəti dəfə sınaqlardan üzüağ çıxdılar. Bundan əvvəlki dost-qardaş münasibətini unutmadıq. Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edəndən bəri bu ölkəyə qapılarını qapadan Türkiyə hər zaman Azərbaycanın yanında oldu. Təsadüfi deyildi ki, Azərbaycan Prezidenti beynəlxalq tədbirlərin birində Türkiyə əleyhinə donquldanan çevrələrə cavabında “Türkiyə burada yoxdursa, mən varam” deyərək türkofobiyaya köklənmiş qara qüvvələrin səsini kəsmişdi. 2020-ci ildə Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində alçaq təxribata əl atanda, generalımız, digər zabitlərimiz, əsgərlərimiz şəhid olanda Türkiyə prezidenti “Azərbaycanın yanındayıq”, xəbərdarlığını etdi və sonrakı dönəmlərdə bu xəbərdarlıq üçüncü dövlətlərin Qarabağın azadlığına açıq maneə törətməsini əngəllədi. Türkiyəmizin Gəncədəki F-16-larını da unutmayacağıq. O Gəncədə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycanı bolşevik-daşnak cəlladlarından xilas əməliyyatı həmin şəhərdən başlamışdı. Bütün bunları ona görə xatırladırıq ki, Türkiyə-Azərbaycan qardaşlığının əbədi, dönməz olduğunu hər kəs bilsin, kimsə bu qardaşların arasına girməyə cürət eləməsin.

Bir-birinə bu qədər sarsılmaz tellərlə bağlı olan dövlətlərin 6 fevral fəlakətlərinin aradan qaldırılmasında da birgə olacağına şəkk-şübhə yox idi təbii ki... Tarixdə çox zəlzələlər baş verib, elə seysmik zonada yerləşən Türkiyənin özündə də. Amma 1939-cu ildən bəri itkilərin miqyasına və əhatə dairəsinə görə 2023 dəhşətləri bir başqa idi. Əsrin fəlakəti gerçəkdən əsrin fəlakəti idi... Zəlzələdən ən çox təsirlənən vilayətlər Kahramanmaraş, Qaziantep, Hatay, Kilis, Adıyaman, Osmaniye, Diyarbəkir, Malatya, Elazığ və Şanlıurfa oldu. Rəsmi məlumata görə, təxminən 1,5 milyon bina dağılıb, 13,5 milyon insan zərər çəkib. Bununla belə, ötən bir il müddətində Türkiyədə zəlzələlər davam edib. Kandillidən verilən açıqlamaya görə, 6 fevral 2023-cü il zəlzələlərindən 4 fevral 2024-cü ilədək bölgədə ümumi 45 min 756 zəlzələ baş verib ki, zəlzələlərin sayı gündə 40-50 arasında dəyişib. Yeraltı təkanlar bu günlərdə də davam edir, artıq havanın günəşli və ya çiskinli olması qədər adiləşib zəlzələ xəbərləri... Demək qurulan binalar daha etibarlı olmalıdır ki, növbəti fəlakətlər yaşanmasın...

KAHRAMAN.jpeg (238 KB)

Qlobal miqyasda iqtisadi böhranın yaşandığı, pandemiya fəlakətinin insanları və ölkələri xeyli dərəcədə təsirləndirdiyi dönəmdə qardaş ölkə üçün zəlzələ fəlakətləri xeyli çətinliklər ortaya çıxartdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, fevralın 6-da baş verən zəlzələ ölkəyə 104 milyard dollar ziyan vurub. Maddi ziyan öz yerini tapacaq, binalar tikiləcək, şəhərlər salınacaq, amma çox təəssüf ki, həlak olan minlərlə insanı həyata qaytarmaq mümkün olmayacaq... Orta dərəcədə zədələnmiş binalarda da təmir işləri davam etdirilir. Bölgədə 311 mindən çox binanın yenidən qurulmasına ehtiyac var.

Qarabağ torpaqları işğalda olarkən qardaş Türkiyə həmrəylik və qardaşlıq nümunəsi olaraq ayrı-ayrı vilayətlərdə Qarabağ parkları inşa edirdi. Bu, təcavüzkara və onun dəstəkçilərinə mesaj idi, Qarabağ türk torpağı olub və olacaq deyə! Budur, Azərbaycan Türkiyədə şəhər tikir! Keçən ilin mayında Azərbaycan və Türkiyə prezidentlərinin xeyir-duası ilə Kahramanmaraş bölgəsində “Azərbaycan” yaşayış məhəlləsi salınır! Bu addımın da olduqca böyük tarixi mahiyyəti və rəmzi mənası var. Türkiyədə Azərbaycan şəhərciyi! Bu, həm də “Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir” anlamına gəlir.

Rəsmi açıqlamanı oxuduqca ürəyimiz açılır. “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək. Layihəyə əsasən, məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir. Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaq.

MEHEL EN SON.jpg (954 KB)

Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılıb. 20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə əlavə otaqlar da olacaq “Azərbaycan” məhəlləsinin baş planı üzrə 11 və 12-ci kvartallarının tikintisinə başlanılıb. 2 kvartalda ümumilikdə 16 yaşayış binası yerləşir. Binalar 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaq. “Azərbaycan” şəhərciyi tarix boyunca Türkiyə-Azərbaycan qardaşlığının daha bir abidəsi olaraq xatırlanacaq, nişan veriləcək! Hər zaman xatırlanacaq ki, qardaş Azərbaycan dövləti Kahramanmaraşdakı “Azərbaycan”ı işğaldan azad etdiyi ərazilərində tikinti-quruculuq işləri apardığı dönəmdə - özü də təkbaşına, heç bir beynəlxalq təşkilatın dəstəyi olmadan – minalarla “əkilmiş” torpaqlarını təmizləyib, yeni şəhərlər qurduğu zamanda inşa edib! Bu, böyük fədakarlıqdır, həm də sevinci də, kədəri də ortaq olmanın məntiqi nəticəsidir. Türkiyəmiz də əlindən gələni etməkdədir, Qarabağda ağır yaralanmış qazilərimizin müalicəsi ilə bağlı əlindən gələni edir, hətta zəlzələ fəlakətlərini aradan qaldırdığı bu dönəmlərdə...

YENİ YENİ.jpg (54 KB)

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin fevralında baş vermiş zəlzələnin ildönümü ilə bağlı Türkiyə Cümhurbaşqanına göndərdiyi məktubda bildirmişdi ki, “Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır”. Dövlət başçımız qeyd etmişdi ki, “Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq”.

Bəli, biz Azərbaycan dövləti və xalqı olaraq qardaş Türkiyənin yanında olmaqdan ancaq qürur duyuruq. Bu, türkçülüyün, Turanın, çətin gündə bir olmanın, sevincimizi də kədərimiz kimi ortaq olaraq dada bilməyimizin qürurudur. Gün gələcək Turan yolu da açılacaq, Zəngəzurdan keçən qatarlar və avtomobillər hərə iki istiqamətdə mənzil başına çatacaq. Quru yolla Azərbaycandan “Azərbaycan”a gedəcəyimiz günlərə də çox qalmayıb, inşallah!

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar versin! Uca Yaradan bir daha Turan elini belə ağır sınaqlara çəkməsin!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR