İnsanlara hürriyət, millətlərə istiqlal!

YUNESKO Makronun əmrlərinin icraçısı rolunda

Elxan Şahinoğlu: “Azərbaycanın YUNESKO ilə əməkdaşlığının əhəmiyyəti yoxdur, çünki... ”

“YUNESKO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.

Məsələ ilə bağlı Hikmət Hacıyev “X” səhifəsində yazıb: “Biz Bakıda YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri/elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Bizim ümumi fikrimiz ondan ibarət idi ki, YUNESKO hamımıza və bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı daha da qoruyub inkişaf etdirməliyik”. 

Qeyd edək ki, Azərbaycana ikili standartlar sərgiləyən təşkilatlardan biri də məhz YUNESKO olub. Buna əsas səbəb YUNESKO-nun Fransanın təsiri altında olmasıdır. Fransanın sabiq mədəniyyət naziri Odre Azule 2017-ci ilin oktyabrından qurumun baş direktoru vəzifəsini icra edir. Bu hal da Fransanın YUNESKO-ya təsirinin atmasında az rol oynamır. Azulenin Fransanın milli hakimiyyət orqanlarından gələn sifarişləri qeyd-şərtsiz həyata keçirməsi heç kimə sirr deyil. Belə vəziyyət bütünlükdə YUNESKO-ya etimadı azaldır. Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi dağıntılar barədə beynəlxalq qurumlara, o cümlədən YUNESKO-ya dəfələrlə müraciətlər olunsa da, heç bir ciddi addım atılmadı. Lakin Ermənistanın tərəfinin YUNESKO nümayəndələri ilə görüşündə erməni irsinin Qarabağda qorunması məsələsi daim müzakirə edilir. Onun da xatırladaq ki, ötən ilin noyabrında YUNESKO Azərbaycanın Qarabağ bölgəsinə səfər etmək üçün ölkəmizə müraciət etmişdi. Həmin vaxt rəsmi Bakı buna  razılıq verdi. Ancaq Azərbaycan YUNESKO-ya Ağdamdan keçməklə Xankəndinə getməyi və səfər zamanı Ermənistan işğalçılarının Ağdamda törətdikləri vandallığı da qeydə almağı təklif etdi. Qarşı tərəf isə bununla razılaşmadı. Antiterror tədbirlərindən sonra da YUNESKO ölkəmizə missiya göndərməkdən imtina etdi. Bunlar fonunda YUNESKO-nun mənzil-qərargahının Parisdə yerləşməsi, hazırkı baş direktorun vaxtilə Fransanın mədəniyyət naziri olması təşkilatın verdiyi qərarların arxasında dayanan səbəbləri daha dəqiq təsvir etməyə imkan verir. Fransanın Azərbaycana və regiona münasibətdə siyasətini diqqətlə izləsək, YUNESKO-nun belə fəaliyyətinə müdaxilənin haradan qaynaqlandığını görmək olar. Qeyd edək ki, bütün bunlar səbəbindən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib.  O səbəbdən qurumun idarəçiliyində dəyişiklik olması, onun baş qərargahının Fransa ərazisindən çıxarılması zəruridir.

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert də qeyd edib ki, ötən illərdə nisbətən müstəqil fəaliyyət göstərən YUNESCO təşkilatı hazırda Fransanın təsiri ilə qərarlar qəbul edir: “Fransa prezidenti Emmanuel Makron bu beynəlxalq təşkilatın qərargahının Parisdə yerləşməsindən istifadə edərək şərtlərini diktə edir. Makron Fransanın sabiq mədəniyyət naziri Odre Azulenin bu beynəlxalq təşkilatın baş direktoru vəzifəsində işinə davam etməsinə nail olub. Bu səbəbdən Ermənistanı və erməni separatizmini dəstəkləyən Fransa YUNESKO-nu da eyni siyasətə sürükləyib. Bu təşkilat Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ildə dağıdılmış ərazilərdəki dağıdılmış mədəniyyət abidələrini və məscidləri araşdırmaq məqsədilə bölgəyə bir dəfə də nümayəndə heyəti göndərmədi. Ancaq elə ki, Azərbaycan ərazilərini işğaldan azad etdi, YUNESCO Parisin və ermənilərin tələbi ilə Qarabağa nümayəndə heyəti göndərmək məsələsini qaldırdı. Bu, açıq-aşkar ikili standartlar idi.

Digər tərəfdən, Azərbaycan öz torpaqlarını azad edib və yenidənqurma işlərinə başlayıb, dağıdılan mədəniyyət ocaqları, məscidlər və alban kilsələri bərpa olunur. Gəlib nəyi araşdırmaq istəyirdilər? Aydın idi ki, YUNESKO-ya monitorinq aparmaq deyil, təşkilata Azərbaycan əleyhinə hesabat hazırlamaq əmri verilmişdi. YUNESKO-ya verilən xüsusi tapşırıq bu idi ki, Qarabağda yalnız Xankəndinə getməli idilər. Rəsmi Bakı dağıdılan Ağdama da səfər etməyi və məhz oradan Xankəndinə getməyi təklif etmişdi. Razılaşmadılar. Çünki onlar gəlməmişdən əvvəl ermənipərəst hesabat hazırlamışdılar. Buna imkan verə bilməzdik".

Elxan Şahinoğlunun fikrincə, bu baxımdan indiki şərtlər altında Azərbaycanın YUNESKO ilə əməkdaşlığının əhəmiyyəti yoxdur: nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verməsi doğru qərardır. Bu təşkilatla əməkdaşlıq o zaman bərpa oluna bilər ki, YUNESCO Fransanın təsirindən qurtulsun və müstəqil qərarlar verməyə başlasın. Ancaq nə qədər ki, Fransa ermənipərəst mövqedən çıxış edəcək və YUNESKO Parisdən asılı vəziyyətdə qalacaq, əməkdaşlığın bərpası mümkün deyil. Önəmli olan torpaqlarımızın işğaldan azad olunması, Qarabağın yenidən qurulması, bu bölgəmizdə həyatın canlanmasıdır, digər məsələlər təfərrüatdır”.

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR