İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunan baş nazir buna görə ağır bədəl ödəyir

Yunanıstanın tanınmış jurnalisti, “Documento” qəzetinin redaktoru Kostas Vaksevanis ölkənin baş naziri Kiriakos Mitsotakisi böhtana görə məhkəməyə verir.

Musavat.com-un xəbərinə görə, buna səbəb Mitsotakisin televiziyaya verdiyi müsahibədə Kostas Vaksevanisin Yunanıstanda televiziya şəbəkəsi yaratmaq üçün rus oliqarxından pul aldığını söyləməsi olub.

Xatırladaq ki, “Documento” qəzeti ötən həftənin bazar günü Kiriakos Mitsotakisin nazirlər, jurnalistlər və tanınmış iş adamları da daxil olmaqla, onlarla insanı izlətdirdiyinə dair informasiya yaymışdı. Qəzetin yazdığına görə, “Mitsotakis siyahısı”na keçmiş baş nazir Antonis Samaras, xarici işlər naziri Nikos Dendias, bir neçə digər nazir və onların həyat yoldaşları, jurnalistlər, siyasətçilər, tanınmış iş adamları da olmaqla, 30-dan çox şəxs daxildir. “Documento” izləmənin “Predator” proqramından istifadə etməklə həyata keçirildiyini bildirib.

Mitsotakis bu həftənin bazar ertəsi yerli ANT1 (Antenna) telekanalına verdiyi müsahibədə qəzetin informasiyasını qəti şəkildə təkzib edib və Vaksevanisin böhtançı, “milli təhlükəli” şəxs olduğunu bildirib. Onun iddiasına görə, yunan jurnalist Rusiyadan maliyyələşir.

“Cənab Vaksevanis 2016-cı ildə Amerika məhkəməsinin qərarı ilə Yunanıstanda televiziya şəbəkəsi yaratmaq üçün rus oliqarxından 10 milyon dolların köçürülməsində iştirak edən biridir. O, bu təşəbbüsə cavabdeh olan jurnalist olub. Bunlar faktlardır və mübahisə etmək olmaz”, - deyə Mitsotakis bildirib.

Müsahibə bitdikdən dərhal sonra “documentonews.gr” portalı hökumət sözçüsü ilə əlaqə saxlayıb, sözügedən məhkəmə qərarı ilə bağlı rəsmi cavab tələb edib. Hökumətin nümayəndəsi Yannis İkonomu öncə həmin aktın nə vaxt verildiyini xatırlamadığını söyləyib. Daha sonra o, ABŞ Ədliyyə Nazirliyinin 2022-ci ildəki hansısa qərarına istinad edib. Lakin həmin vaxt ABŞ Ədliyyə Nazirliyinin qətnaməsində Vaksevanisin adının çəkilmədiyi məlum olub.

Buna görə də “Documento” nəşri baş nazirə qarşı iftira maddəsi ilə iddia qaldıracaq: “Cənab Mitsotakis ya dediklərini sübut edəcək, ya da baş nazir olmaq bədbəxtliyinə düçar olmuş adi böhtançı kimi qınanacaq”, - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, Yunanıstanda bu hadisə böyük siyasi qalmaqala çevrilib. Ölkənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri Panagiotis Kontoleon və baş nazirin baş katibi (hökumət aparatının rəhbəri), baş nazirin bacısı oğlu Qriqoris Dimitriadis istefaya göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR