Onlayn ictimai-siyasi qəzet
Yol… Həyatın sonsuz, qanadlı və həyəcanverici dalğaları üzərində yelkən açan gəmi kimi, insanı həm irəli çağırır, həm də özündə saxlayır, elə bil. Hər bir addımda, bir dərsdir o; bəzən gözdən qaçır sanki, bəzən də könlüncə hiss edərsən onu. Amma hər halda yol, insanın özü ilə görüşü, özündən söz açan bir öykünün yazıldığı yüyrək məkandır.
Yol insanı tərbiyə edir - deyiblər.
Tərbiyə toplumun dənətimində olan bir sürəc deyil. Həqiqi tərbiyə, yalnız qarşıya qoyulan məqsədlərdə yox, yolun özündə saxlıdır. İnsan, yalnız öz yolunu tapmaqla, digər yollara açılan qapıları da kəşf etmiş olur. Həyat ona qarşı qoyduğu əngəlləri aşmağa çalışarkən, onun içindəki qaranlıq nöqtələri işıqlandırar. Tərbiyə, hər addımımızda meydana çıxan qətiyyətin, inamın və dözümlülüyün bir nəticəsi, təntənəsidir. Yol insanı yalnız öz uğurları ilə deyil, düşürdüyü çətinliklər, yanlışlarla da tərbiyə edir. Bəlkə də, insanın ən böyük gücü, öz yanlışlarını yeniləmədən, onlardan dərs çıxara bilməsindədir.
Yol yalnız irəliləməyə xidmət etmir, həm də geri baxmaq üçün fürsətlər yaradır. Bəlkə, geriyə doğru addım atarkən insanoğlu daha çox dərk edir - nəyi düzgün etdiyini, nəyi isə dəyişməsi gərəkdiyini anlayır. Həyatın düzxətli, bərabərsürətli gerçəyi belədir: yalnız geriyə baxaraq, önümüzə qoyulan yeni yollara daha doğru, daha sərbəst addımlar ata bilərik. Geri geridir, irəli də öz irəliliyində… bir də, bu ankı durumumuz, tutumumuz və tutqumuz vardır - bax, bax, ona görə də, üçkordinatlı sistem kimidir mahiyyət yolu - yolçuluğun əsli!
Yolun hər çətinliyi, özündə bir möcüzə saxlayır. Yol insanı nə qədər sınasa da, o, daim özünü kəşf edir, daha dərinə gedir, daha yeni üfüqlərə canatır. Bəlkə də yolun özündə tərbiyənin ən gözəl yönü budur: yalnız məqamları keçmək yox, hər bir məqamda illa özünü bulmaq!..
Yolun insanı tərbiyə etməsi sadəcə fiziki bir məsələ deyil. Bu, bir fəlsəfi təcrübədir. Yol, insanın iç dünyasına daxil olur, onun incikliyini, sevincini, arzularını, qorxularını üzə çıxarır. Bəzən insanlar yolun sonunda yalnız bir yerə çatmağı düşünürlər, amma unudurlar ki, həyatın ən dəyərli anı yolun özüdür. Hər bir addım, hər bir duracaq insanın öz içində bir dönüşdür. Hər bir çətinlik, toxtaqlığın bir ölçüsüdür... Hər bir uğur isə… bir öyrənmə mərhələsidir.
Yol, həyatın ən böyük öyrətmənidir. O, heç vaxt əsla yalan danışmaz, heç vaxt təkrarlamaz, heç vaxt yorgun düşməz. Onun gətirdiyi hər an özüdür, hər zaman fərqlidir. İnsan yolun tərbiyəsini qəbul etdikcə, o, daha da böyüyər, daha da güclü olar. Yalnız belə insan, yolun həqiqi anlamını tutar və özünün heç vaxt təkrarlamayacaq öyküsünü yazar.
Yol, tərbiyənin özü ilə başlayıb, tərbiyənin özü ilə bitir. O, təkcə ayaqların addımladığı bir yer deyil, həm də ruhun, düşüncənin və hisslərin irəlilədiyi bir zaman dilimidir. Hər birimiz o yolda irəliləyir, o yolda tərbiyə olunuruq.
Yollar qurtarmayır, yollar dəyişir; rollar dəyişir, zaman dəyişir, yolçu və yolçuluğun şəkli də dəyişir amma həmişə hər yerdə ən azı bir yol vardır illa…
Yol insanoğlunun böyük ustasıdır.
Yolumuz və zehnimiz açıq olsun!
Əkbər QOŞALI
Bakı-Tovuz yolu, 02.01.2025
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ