İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında çox ciddi mərhələ olacaq"- ŞƏRH

Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb, eləcə də bəzi fərmanlarında dəyişiklik edib.

Bəs yeni qaydalarda əsasən nələr var? Maliyyə dəstəyinin həcmi və forması necə olacaq?

Musavat.com bildirir ki, iqtisadçı ekspert Eldəniz Əmirov mövzuya bu cür şərh verib:

"Təsdiq edilən qaydaların ən vacib hissələrindən biri budur ki, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək. Sözügedən təhsil müəssisələrinə Heydər Əliyev adına Hərbi İnstitutun bakalavr səviyyəsi, o cümlədən bakalavr səviyyəsinin hazırlıq kursu, Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci daxildir.

Bundan əlavə, bu ildən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.

Bu hərbi təhsilin təşviq edilməsi baxımından çox önəmli addımdır.

Maliyyə dəstəyinin həcminə gəldikdə isə bu ilkin ödəniş zamanı və aylıq annuitet ödənişləri zaman müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstərilir. İlkin ödəniş güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaqla, satın alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 faizi məbləğində verilir.  Annuitet ödənişləri üzrə verilən maliyyə dəstəyi annuitet ödənişlərinin 50 faizi həcmində müəyyən edilir. Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir.

Maliyyə dəstəyi göstərilməsi  üçün Müdafiə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu  və müvəkkil bank arasında informasiya mübadiləsini elektron sistem vasitəsilə həyata keçirəcək. Lazım olan vəsait isə əvvəlcədən dövlət büdcəsi hazırlanarkən nəzərdə tutulacaq və Müdafiə Nazirliyin bu məqsədlə açılmış bank hesabında saxlanılacaq.

Bundan yerdə qalanları artıq prosesin texniki tərəfləridir ki, bu da qaydalar əsasında tənzimlənəcək. Ən əsası odur ki, bu gənc hərbiçilərin mənzillə təminat məsələsində çox ciddi bir mərhələ olacaq".

 

Xalidə Gəray

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR