İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni ölümcül virus uzaqda deyil - Professordan ŞOK AÇIQLAMA

ÜST rəhbəri yenə dünyanı qorxutdu - yeni ölümcül virus uzaqda deyil, bu payız...

“May ayında COVİD-19-la bağlı qlobal fövqəladə vəziyyətin sona çatması haqda elan ondan daha ölümcül patogenin təhlükəsinin aradan qalxması demək deyil. Daha ölümcül potensiala malik başqa bir patogenin təhlükəsi qalmaqdadır”.

Bu narahatedici açıqlamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus fəxri doktor adına layiq görüldüyü Portuqaliyanın Koimbra Universitetində çıxışı zamanı edib.

O, bəşəriyyətin “bu çətin dövrdə elmi və ictimai sağlamlığı müdafiə edənlərə çox şey borclu olduğunu” xatırladaraq, “pandemiya illərinin dərslərini öyrənməyə” çağırıb. Baş direktor həmçinin deyib ki, dünya yeni pandemiyalara hazırlaşmalıdır.

Onun sözlərinə görə, bu, pandemiyaya hazırlıq və cavab tədbirləri yeni beynəlxalq saziş əsasında hazırlana bilər. Qebreyesus “dünyanı gələcək nəsillər üçün daha təhlükəsiz yerə çevirəcək” bir razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.

Xatırladaq ki, 2019-cu ildə Çinin Vuhan şəhərində yarasadan insana keçdiyi güman edilən COVİD-19 epidemiyası bütün dünyaya təsir etdi. Virus təxminən 7 milyon insanın həyatını məhv etdi və bir çox fəsadlara səbəb oldu.

Ardıcıl icra edilən vaksinasiya tədbirləri nəticəsində koronavirusa yoluxma 2023-cü ildə minimum saya düşdü. Bu baxımdan ÜST COVİD-19 virusundan pandemiya statusunu ləğv etdi. Bütün bunlara baxmayaraq, alimlər Çində iki yeni virus aşkar ediblər. Belə ki, CD35 və CD36 adlanan yeni viruslar 2021-ci ilin mart-aprel ayları arasında Çinin cənubundakı mağaralarda tutulan 112 yarasanın nümunələrində aşkar edilib. Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

Yayılan xəbərə görə, yeni viruslar koronavirusun mutasiyaya uğramış növüdür və araşdırmaya görə, ən az onun qədər yoluxucu xarakterə malikdir. Alimlər bildirirlər ki, hələ ki bu virusların insana yoluxma qabiliyyəti sübut olunmayıb.

Bəs ÜST rəhbərinin xəbərdarlıq elədiyi yeni ölümcül virus özünü nə vaxt göstərə bilər - qarşıdakı payızda, yoxsa qışda? Və yeni pandemiyaya qarşı beynəlxalq saziş deyərkən nə nəzərdə tutulur?

Adil Qeybulla istefa verdi - ANS - Sayt Başlığı

Adil Qeybulla

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışdı: “Koronavirus pandemiyasının qəfildən baş verməsi onu göstərdi ki, pandemiya bizim iradəmizdən asılı olmayan bir prosesdir və bu proses hər an baş verə bilər, bu elmi proqnozdur. Ümumdünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən 10 faktorundan biri bizi qarşıda gözləyən qrip pandemiyasıdır. Çünki qrip də RNT daşıyıcısı olan virusdur, daim mutasiyaya məruz qalır. Onun nə vaxtsa elə bir mutagen forması ortaya çıxacaq ki, o, pandemiya törədəcək - İspan qripində olduğu kimi. Yəni bu elmi bir proqnozdur,  amma nə zaman baş verəcək, onu demək mümkün deyil. Ona görə də biz pandemiyalara hazır olmalıyıq ki, bizi qəfil yaxalamasın. Mümkün qədər  bu işin vaxtında lokallaşdırılması, imkanların səfərbər edilməsi, ölkələr arasında assosiativ əlaqələrin yaradılması və lazımi tədbirlərin zamanında görülməsi lazımdır. ÜST də bununla bağlı məsuliyyət daşıyır. Beləliklə, hər hansı pandemiya qorxusu, epidemiyalar baş veribsə, dərhal  lokallaşdırılmalıdır. Bu baxımdan biz hər cür sürprizlərə hazır olmalıyıq”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

 Zülfüqar Yusifov: "COVİD-19 pandemiyasından sonra dünya olduqca kövrək bir nöqtəyə gəlib"

Bakıdakı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə bildirdi ki, dünyada dövlətlər arası pandemiya sazişi dedikdə əsasən bütün dövlətlərin pandemiya ilə bağlı apardığı profilaktik, qoruyucu tədbirlərin müəyyən səviyyəsi olması nəzərdə tutulur: “Bu onun üçündür ki, hansısa pandemiya müxtəlif ölkələrdə baş qaldırmasın. Məlum olduğu kimi, hansısa dövlətlərdə baş qaldıran pandemiya sərhəd tanımadan gec-tez digər ölkələrə də keçir. Bu baxımdan dövlətlər öz əhalisinə, tibb müəssisələrinə  ümumi təhlükəsizlik standartlarını aşılamalıdır.

O ki qaldı növbəti pandemiyanın başlamasına, əlbəttə ki, hansısa pandemiya baş veribsə, onun cüzi də olsa müəyyən ştamları qala bilir və həmin ştamlar bəzən bizim tərəfimizdən yaradılan əlverişli şəraiti tapan kimi yenidən baş qaldırır. Əlverişli şərait dedikdə bura aiddir dezinfeksiya, gigiyena tədbirlərinə əməl olunmaması, immun sisteminin hansısa səbəbdən aşağı düşməsi, hava-iqlim şəraitinin pisləşməsi, digər qoruyucu tədbirlərdən istifadənin yetərli olmaması və yaxud pasientlərin qoruma tədirlərinə yetərincə əməl etməməsi. Bunlar olduqda əlbəttə ki, pandemiyanın baş qaldırmasının ilkin qığılcımları ortaya çıxa bilər və bunun vaxtında qarşısı alınmaza, profilaktik tədbirlər görülməzsə, dünyanı bürüyən, şahidi olduğumuz COVİD-19 kimi fəlakətlərə gətirib çıxara bilər. Ümumiyyətlə isə COVİD-19 pandemiyasından sonra dünya olduqca kövrək bir yerə gəlib çıxıb və bu tipli pandemiyaların başlaması üçün müəyyən əsasların olduğunu ehtimal etmək olar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR