Onlayn ictimai-siyasi qəzet
Son aylar qəribə “siyasi trend” müşahidə edilməkdədir-adına “yenə müharibə və Qarabağı yenidən itirmək qorxusu” demək olar. Ermənistan bir neçə silah alır, sərhədə bir az qotur əsgər toplayır, cəmiyyətdə müəyyən qismi “ay aman, yenə müharibə olacaq” havası yaradırlar. Ara-sıra siyasətdən uzaq, amma vətənin taleyinə yaxın adamlar da soruşurlar: “Yenə müharibə ola bilərmi?”
Mən “yox” deyirəm, çünki məsələn, elə əgər söhbət sərhəddən gedirsə, uğrunda müharibə aparacaq ərazimiz yoxdur. Kəndlər məsələsi həll ediləcək, Prezident Əliyev Ermənistanda haqqımız olacaq bir qarış ərazi buraxmayacaq. Bunu bilmək üçün politoloq olmaq lazım deyil. Prezident də dəfələrlə vurğulayıb ki, Azərbaycan nə yeni müharibə istəyir, nə yeni savaşa hazırlaşır. Erməni təxribatlarına gəlincə, nə qədər ki, sülh müqaviləsi yoxdur, belə gərginliklər həmişə olacaq. Hansısa əməliyyatlar da mümkündür, amma bu, müharibə deyil...
Biz Cənubi Qafqazda say üstünlüyü olan xalq olsaq da, ətrafımızla müqayisədə çox azıq. Keyfiyyətli artım bu xalqın gələcəyinin qarantı olmalıdır. Verdiyimiz itkilər yetər, torpaqlarımız şəhid və qazilərimizin qanı hesabına işğaldan azad edilib. İndi Xankəndində yanan işıqlar bizimdir! İtkilərimizin yerini doldurmaq barədə fikirləşməliyik. Bir quşun yumurtası hündürlükdən düşüb qırılanda ona quş ürəyi ilə təəssüflənir, gözü axtarır. Bir ağac küləkdən qırılanda insan övladı üzülür. Savaşda bir övlad itkisi görün nədir də...
“Müharibə trendi”nin içində bir başqa qorxu da var. Rusiya Paşinyanı aşıracaq, erməniləri Xankəndiyə və Qarabağın digər yerlərinə qaytaracaq ki, sülhməramlıları az qala əbədi torpaqlarımızda qalsın. Bunu ermənilər burdan rədd olub gedəndən ən müxtəlif adamlardan eşidirik. Bu iddiaları birmənalı rədd etmək çətindir, çünki mübahisə, şübhə doğuracaq məqamlar var. “Rusiya istəmir Qarabağdan çıxsın”, “Ermənistanı itirməmək üçün erməniləri Xankəndiyə qaytara bilər” və sairə versiyaların yaşamaq haqqı var. Amma bəs reallıq? Xankəndi haqda 2020-ci ilin noyabr razılamasından sonra bəlkə də ən pessimist yazıları mən yazmışam. Bəzən hətta ”bizim orada olmamız imkansız, mümkünsüz” deyərək. Nə oldu? Xankəndidə parad da oldu, prezident seçkisi də... Son Novruzda Prezident mərkəzi meydanda (Zəfər meydanında) bayram tonqalı yandırdı. Separatçıların bir vaxtlar oturduğu binanın sökülmüş ərazisində həm də... Bu mesajın mənası sizcə, bir tonqaldırmı, səbəb bir bayramdırmı? Bu mesaj ancaq hələ də İrəvanda revanş istəyən axmaqlaradırmı? Rusiyaya, İrana, Fransaya, ABŞ-a da göndərmə(mesaj) deyilmi?
Ermənilərin xəyanət etdiyi, qanımızı tökdüyü torpaqlarda qalmaları üçün Azərbaycan hər şey etdi. Şərti də bu idi: silahı yerə qoyun, Azərbaycanın bayrağı altından keçin. Ermənilər razılaşmadı, silahlıları gəbərdi, separatçı liderləri qandallandı, digərləri də rədd olub getdilər. İndi İsrail kimi dövlət Qəzzanın şimalına qaçqınların qayıtması üçün qoyduğu şərtə baxın: 18-50 yaş arası kişilərin qayıtması qadağandır!
Rusiyanın ermənilərə torpağımız işğal etmək üçün hansı yardımlar etdiyini unutmaq olmaz. Bu da bir tarixdir. Amma tarix yerində sayan əsgər deyil. Tarix andıra qalmış geosiyasi maraqların tələbinə uyğun hər ay, indi isə az qala hər günlə dəyişə bilən dəngələrdir.
Azərbaycan 30 il əvvəlki ölkə deyil, indi onun Topxanası ilə bərabər, topu da, uzaq vuran raketi də, təyyarəsi də, PUA-sı da var. Dünyada sözünə qüvvət verəcək dövlətlər də, Türkiyə kimi arxalanacaq qardaşı var. Rusiya faktoru bu bölgə üçün çox önəmlidir. Onun dünən müttəfiqi olanlar indi xəyanət içində çırpınırlar. Ermənistanın gələcəyi belə dumanlı olduğu halda, Azərbaycanla yeni müharibə, rusun avtomatının nəzarəti altında Xankəndinə qayıtmaq xəyallarını gerçək kimi təqdim edib, millətin son dörd ildə etdiyi qəhrəmanlığın heçə gedəcəyini iddia etmək çox zərərlidir.
Rusiya təhlükəli düşməndir, onu son iki ildə bütün dünya bir daha gördü. Aydındır, indi Rusiya-Azərbaycan münasibətləri üzərindən danışmaq asandır, tabular yoxdur, tirajlı mövzudur. Kim nə düşünür onu danışmaqda da sərbəstdir. Amma yaxşı ki, reallığı iki dövlətin lideri müəyyən edir. Qalanları Məhəmməd Füzuli demiş, “yoxdan var olan sözdür...”
Nazim SABİROĞLU,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ