İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni il, yoxsa Milad bayramı – bu gün haqqında İLGİNC faktlar

Ceyhun Məmmədov: “Bu məsələdə geniş polemikaya ehtiyac yoxdur, çünki...”

2 gündən sonra dünya Yeni ili qarşılayacaq.

Hər il bu ərəfədə “Yeni il xristian bayramıdırmı?” mövzusu yenidən gündəmə gəlir və hər dəfə də müəyyən dairələr tərəfindən müzakirələrə, mübahisələrə səbəb olur. Beləliklə, Yeni ili normal şəkildə digər bayramlar kimi qeyd edib, qəbul edənlərlə yanaşı, onu qeyd etməyin doğru olmadığını, bizim özümüzün milli və dini kimliyimizin, eləcə də bayramlarımızın olduğunu bildirən, buna görə də evində Yeni ili qeyd etməyən bir çox insanların da sayı az deyil.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a danışıb.

ceyhun.jpg (76 KB)

Deputat bu məsələdə geniş polemikaya, müzakirəyə ehtiyac olmadığını qeyd edib:

“İslamda yalnız iki bayram var - Orucluq və Qurban bayramı. Eyni zamanda milli bayramımız olan Novruz var. Yeni il isə dünyada qeyd olunan yeni təqvim ili bağlı bayramdır. Hesab edirəm ki, bu məsələ ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur. Biz də Yeni ili yeni təqvim kimi qeyd etməli və yanaşmamız da bu cür olmalıdır. Yəni bu bayrama dini bayram kimi yanaşmaq lazım deyil. Bunu insanların öz ixtiyarına buraxmaq lazımdır. Kim istəyirsə, qeyd etsin, kim istəmirsə qeyd etməsin. Sadəcə bu məsələdə hər birimiz reallığı nəzərə almalıyıq”.

Azərbaycandakı Apostol Prefekturasının mətbuat katibi Tural Ağayev bildirib ki, xristian dini təqvimində Yeni il adlı bayram yoxdur.

AGAYEV.jpg (198 KB)

T.Ağayev dekabrın 24-dən yanvar ayının ortalarına qədər xristianların keçirdiyi bayramlar haqda danışıb.

Onun sözlərinə görə, xristianlar Milad bayramını - İsa Məsihin dünyaya gəlişini dekabrın 25-də qeyd edir, 31 dekabr isə sadəcə yeni təqvim ilidir:

“Pravoslavlar Milad bayramını yanvar ayının 6-dan 7-ə keçən gecə qeyd edir, bayram günü yanvarın 7-dir. Yanvarın 19-da isə Rəbbin Vəftizi bayramı qeyd edilir. 31 dekabrdan 1 yanvara keçən gecə qeyd edilən Yeni il bayramı dünyəvi təqvimə görə qeyd edilən bayramdır və dini mahiyyəti yoxdur. Sadəcə kilsələrdə həmin gün Allaha yeni təqvim ili üçün xeyir-dua və lütf duaları edilir”.

Beləliklə, Yeni il və ya Təzə il bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il bayramı, Yeni il ərəfəsindən sonra) baş verir. Bu, həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və İslamda Hicri Yeni il qeyd edilir.

Bəzi fərziyyələrə görə, Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər.

Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan, mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd edərmiş. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş.

Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.

Tarixçilərin fikrincə, Yeni il ənənələrinin yaşı 5 mindən az deyil. Bu ənənələr əkinçilik mədəniyyətinin yaranması ilə bağlıdır. Bir çox xalqlarda Yeni il 1 sentyabrdan və ya bahar, yaxud payız gecə-gündüzünün bərabərliyindən sonra başlayırdı.

Yeni ili qışın ortalarında qeyd etmək ənənəsi e.ə. 45-ci ildə Qədim Romada Yuli Sezarın təşəbbüsü ilə yaranıb. Yeni qəbul edilən və təsisçisinin şərəfinə Yulian təqvimi adlandırılan təqvim hər ay birinin adını daşıyıb və Yeni il yanvarın 1-dən başlanıb. Belə sayılır ki, Yeni ili şənlənərək və evləri bəzəyərək qeyd etmək ənənəsi məhz o zamanlar yaranıb.

Orta əsr Avropasında Yeni ilin qeyd edilməsi bütpərəstlərlə assosiasiya edilirdi. Buna görə də 567-ci ildə katolik kilsə 1 yanvarda Yeni ili qeyd etməyi qadağan etdi. Lakin son orta əsrlərdə Yeni ili yanvarın 1-dən başlamaq ənənəsi qaytarılır. Rusiya imperiyasında Yeni ilin yanvarın 1-dən qeyd olunması Birinci Pyotrun 1699-cu il 15 dekabr tarixli fərmanı ilə təsis edilib.

YENİ SON.jpg (890 KB)

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə - xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də, bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır.

Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel - yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Yeni il Azərbaycanda da qeyd olunur. Şənliklər keçirilir, uşaqlar Şaxta baba ilə Qar qızın yolunu gözləyir.

Bəzi insanlar deyir ki, Azərbaycan müsəlman ölkəsidir deyə Yeni il keçirmək düzgün deyil. Əslində Yeni il təqvimin yenilənməsinə görə qeyd olunur. Əgər elə olsaydı, tədbirlər keçirilməz, şam ağacları bəzədilməzdi.

Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı - ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır, uşaqlara hədiyyələr paylayır.

İtaliyada isə Yeni ildə uşaqların Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da, Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz, ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

ITALY .png (1.00 MB)

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır, evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə, ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr, yeni il daha bərəkətli olacaq.

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba - Youlupukkidir.

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır, üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar Yeni il gecəsini küçələrdə şənlənməklə və karnavallarla keçirirlər.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.

MOSCOV.jpg (1.01 MB)

Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.

Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan, il xoşbəxtlik içində keçəcək.

JAPAN.png (503 KB)

Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.

Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR