İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni İH başçıları necə işləməlidirlər? – Prezidentin göstəriş və tövsiyələri

Ölkə əhalisinin mütləq əksəriyyəti kadr dəyişikliklərinə hər zaman müsbət yanaşır. Çünki hamı əmindir ki, qəbul olunmuş dövlət proqramlarının yaxşı nəticələr verməsi yeni kadrların fəaliyyətindən çox asılıdır.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Göygöl, Masallı və Lerik rayonlarına təyin olunmuş İcra Hakimiyyəti başçıları ilə görüşündə qeyd olunub ki, son illərdə rayonlarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Bu istiqamətdə işlər davam edir.

Bu, o deməkdir ki, problemlərin həlli permanent xarakter daşımalı olduğu üçün heç bir halda intensiv fəaliyyətə fasilə vermək olmaz.

Prezident qeyd edib ki, rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verilib. Əvvəlki illərdə elektrik enerjisi ilə təchizatda yaranan kəsintilər minimuma endirilib, qazlaşdırma maksimuma çatdırılıb, yol infrastrukturuna aid layihələrin həyata keçeirilməsi intensivləşib, suvarma, içməli su layihələri yüksələn xətt üzrə gerçəkləşdirilir, sosial infrastruktur layihələri icra olunur, demək olar ki, hər rayonda müasir xəstəxanalar, tibb ocaqları, məktəblər inşa edilib.

Ölkənin ən ucqar nahiyələrində belə infrastruktur layihələr davamlı icra olunur. Məsələn, bu günlərdə yeni İH başçısı təyin olunmuş Lerik rayonu sovet dövründə qazlaşdırılmadan kənarda qalmışdısa, çətin relyefinə baxmayaraq, bu rayonun da qazla təchizatında ciddi dönüş yaradılıb.

Məlum olduğu kimi, ölkənin əyalətlərində ciddi problemlərdən biri əhalinin məşğulluğudur. Bu baxımdan yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Yeni infrastruktur layihələri daimi və mövsümi iş yerlərinin yaradılmasına xidmət göstərir. Bölgələrdə qazanc əldə etmək imkanı artdıqca, sahibkarlar da yerlərdə quruculuq işlərində fəal iştirak edirlər. Nəticədə yeni iş yerləri açılır, bu da əhalinin güzəranının yaxşılaşmasına səbəb olur.

Ölkənin daima intensiv şəkildə artan əhalisi özü ilə bərabər dövlətin qayğılarını da artırır. Azərbaycan müstəqillik əldə edəndə ölkə əhalisi 7 milyon civarında idisə, hazırda bu gün ölkə əhalisinin sayı 10 milyondan çoxdur. Müqayisə üçün deyək ki, bizimlə müharibə durumunda olan Ermənistanın əhalisi 30 il əvvəl 3 milyon 250 min nəfərdən ibarət idisə, indi 2 milyon 750 mindir. Biz isə Ermənistanın əhalisi qədər artıma malikik.

Bu, təbii olaraq artmış əhalinin mənzillə, məktəblə, iş yerləri ilə təmin edilməsini zəruri edir. Artan əhalinin zəruri təlabatının qarşılanması, qayğılarının çəkilməsi dövlətdən böyük vəsaitlə yanaşı, məmurlardan ciddi diqqət və məsuliyyət də tələb edir.

Təəssüf ki, bir çox rayonlarda yüksək vəzifəli məmurlar dövlətin tələblərini, xalqın zəruri ehtiyaclarını ödəmək əvəzinə, öz şəxsi sərvətlərini artırmaq, öz qohum-əqrəbalarının problemini həll etmək yolu tuturlar.

Bir sıra keçmiş icra hakimiyyəti başçısı bu cür neqativ əməllərə görə cinayət məsuliyyətinə cəlb edilib, bəziləri artıq məhkum edilib, bəzilərinin işləri məhkəmə baxışındadır və onların da cəza alacaqları gözlənilir. Bu, onu göstərir ki, dövlət başçısının qeyd etdiyi kimi, heç kim qanundan üstün ola bilməz, yol verdikləri özbaşınalıqlar bir müddət davam etsə də, əvvəl-axır, atalar demişkən, “su sənəyi suda sınacaq”.

İdarəetmədə çox ciddi islahatlar, böyük təmizləmə işləri aparıldığını qeyd edən Prezident bu işlərə rəvac verən, bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanların hakimiyyətdən uzaqlaşdırıldığını bildirib və xəbərdarlıq edib: “Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik”.

Yeni təyin olunan, eləcə də bir müddət əvvəl iş başına gətirilən İH başçılarından əsas tələb odur ki, onlar daim insanlarla təmasda olmalı, rəhbərlik etdikləri rayonun inzibati-ərazi vahidinə daxil olan bütün kəndlərə baş çəkməli, kənd camaatının qayğılarını öyrənməli, onları narahat edən problemləri öz dillərindən eşitməlidir və imkan daxilində bu müşkülləri həll etməlidir. Əgər hər bir kəndin ümdə və ümumi problemləri həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmaz.

Bundan başqa, İH başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər, insanlar arasında ayrı-seçkiliyə, üzgörənliyə yol verməməlidirlər. Sosial ədalət olmayan yerdə xeyir-bərəkət olmaz, daima konflikt və söz-söhbət olar.

Buna görə də rayonlarda ictimai nəzarət olmalıdır. Prezidentin tövsiyəsi və tələbi odur ki, İH başçıları ictimai nəzarətdən çəkinməməlidir. Ona görə ki, ictimai nəzarət, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edə bilər.

Dövlət başçısı yeni təyin olunmuş İH başçıları ilə görüşündə şəhid ailələrinə xüsusi diqqət göstərilməli olduğunu xüsusilə vurğulayaraq, bildirib ki, dövlət tərəfindən bu diqqət daim göstərilir, II Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələri daim diqqət mərkəzindədir.

Gerçəkdən də şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilib, minlərlə qaziyə minik maşınları hədiyyə edilib. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı davam etdirilir, məlumata görə, digər rayonlarda da bu işlər görüləcək və diqqətdən kənarda qalan olmayacaq. Əsas odur ki, şəhid ailələrinin, müharibə əlillərinin işlə təmin edilməsi sahəsində çoxsaylı tədbirlər həyata keçirilir. Dövlət başçısının başlıca tələbi belədir ki, rayonların icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmasınlar, həmişə onların yaşayışı ilə maraqlansınlar.

556.JPG (65 KB)

Prezident İlham Əliyev sözügedən görüşdə azad edilmiş torpaqlarımıza bayraq sancan qəhrəman əsgər və zabitlərimizdən də danışaraq deyib: “Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun".

Bu, doğrudan da aktual tələbdir. Bildiyimiz kimi, bəzən hansısa məmurun laqeydliyi və məsuliyyətsizliyi üzündən savaş fədailəri layiq olduğu diqqət və qayğını görmürlər, nəticədə cəmiyyətdə xoşagəlməz söz-söhbətlər yaranır, dövlətin qazilərin rifahına və sağlamlıqlarının bərpasına yönəlik tədbirlər arxa plana keçir.

Dövlət başçısı sahibkarların qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülməsi və İH başçılarının özlərinin sahibkarları rayonlara cəlb etməli olduğun deyərkən çox haqlıdır. Görüşdə iştirak edən yeni İH başçılarının rəhbərlik etdikləri Göygöl, Masallı və Lerik rayonları turizm baxımından geniş potensial malikdirlər. Bu rayonlar lap çoxdan ölkədaxili turizm marşrutlarının əsas dayanacaq nöqtələridir, ancaq bu rayonları əcnəbilərin üz tutduqları turizm mərkəzinə çevirmək üçün müəyyən işlər görülməlidir. Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa edilmiş olsa da, görünür ki, bu proses daha geniş vüsət almalıdır. Məlum olduğu kimi bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açılıb və hazırda hər gün minlərlə insan Göygöl gölünün füsunkar gözəlliyindən zövq alır. Üstəlik, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna açılan yol, tikilən tunel ümumilikdə yaxın gələcəkdə ölkə turizminin inkişafına böyük töhfə verəcək, ayrıca Kəlbəcər-Laçın zonasının inkişafını stimullaşdıracaq.

Prezident vaxtilə Lənkəran-Lerik yolunun bərbadlığı üzündən Lerik rayonuna turizm axınının olmadığı qeyd edib. Tərəqqi edən turizmdə mənzil başına rahat və tez çatmaq əsas məsələlərdən biri olduğu üçün yol tikintisi önəmlidir. Elə Lənkəram-Lerik yol əsaslı şəkildə təmir olunduğuna, yenidən qurulduna görə hazırda Lerik rayonuna turizm axını başlanıb. İnsanlar öz qısa tətillərində “uzunömürlüllər diyarı”nın təbiəti və saf nemətləri ilə tanışlıq imkanı əldə edib.

Təbii ki, turizm istənilən ölkənin və ayrıca götürülmüş rayonun iqtisadiyyatı üçün nə qədər önəmli maliyyə qaynağı olsa da, bu pərvazlanan quşun bir qanadı deməkdir. O biri qanad daimi “çörək ağacı” olan torpaqdır. Adları çəkilən hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün məhsuldar torpaq və digər imkanlar var. Prezidentin də qeyd etdiyi kimi bu rayonlarda müasir tələblərə uyğun təsərrüfatlar yaradılmalıdır. İstər əkinçilik, istərsə də heyvandarlıq sahəsində ciddi nəticələr əldə edilməsi mümkündür. Sovet dövründə bu rayonlarda qabaqcıl təsərrüfatlar olub. Torpaqdan səmərəli istifadə edilməsi məsələsində isə Hollandiyanın, Belçikanın, Türkiyənin, İsrailin təcrübəsindən yararlanmaq olar. Sonuncu ölkə səhralıqda rentabelli təsərürrüfatlar quraraq Yaxın Şərq ölkələrinə kənd məhsulları satmaqla böyük mənfəət əldə edir.

Bu zaman əsas məsələlərdən biri də odur ki, görülən və görüləcək bütün işlər ekologiyaya ziyan vurmamaq şərtilə aparılmalıdır. Çünki hər qarış torpaq qiymətlidir.

44 günlük müharibədə əldə etdiyimiz hərbi zəfərin xalqa verdiyi ruh yüksəkliyi, eləcə də işğaldan azad olunmuş bərəkətli, zəngin təbiətli rayonlarımızda aparılan bərpa-quruculuq işləri Azərbaycan insanının layaqətli yaşayışı üçün böyük stimullardır. Bunlar göstərir ki, Prezidenin də dediyi kimi, Azərbaycanın çox böyük perspektivləri, böyük potensialı var və cəmiyyətin nümayiş etdirdiyi bugünkü həmrəyliyin, ölkə xalqının dövlətin xarici və daxili siyasətini dəstəkləməsinin fonunda vətəndaşların rifah halının yaxşılaşmasına istiqamətlənmiş addımların atılması ardıcıl xarakter alacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR