İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni həmsədrlər formatı - Türkiyə, İsveç və Rusiya...

Rusiya ilə Minsk Qrupunda əməkdaşlıqdan imtina edən ABŞ və Fransa yeni reallıqlar yaradıb


Rusiya ilə əməkdaşlıqdan imtina edən ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun “dəfni”nə qərar vermiş oldu. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır.

Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edilərək, münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib. Qərara alınıb ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib.

Oxu.az - Rəsmi Ankara Avstriyanın cavabını verdi

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər. II Qarabağ savaşındakı qələbimizdən sonra Minsk Qrupu ətrafında yeni bir situasiya yaranıb. Yaranmış yeni situasiyada bu qurum ya tamamilə ləğv edilməli, ya da danışıqlar prosesini effektiv həyata keçirmək üçün onun üzərində islahat, yeni strukturlaşma aparılmalıdır. Minsk Qrupuna üzv ölkələr ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistandır. O halda bu ölkələr arasında yeni qrup və format da formalaşdırmaq mümkündür. Türkiyə, İtaliya (yaxud İsveç) və Rusiya formatında yeni qrup yaradıla da bilər. Ermənistan buna razı olarmı?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu istiqamətdə hər bir məsələni dəqiqliklə şərh etdi: “ATƏT-in Minsk Qrupu artıq uzun zamandır ki, öz funksiyalarını yerinə yetirə bilmir. Buna həm qrupun 30 ildəki nəticəsiz qalan, yaxud qeyri-konstruktiv adlandıra biləcəyimiz fəaliyyəti, eyni zamanda beynəlxalq aləmdə baş verən son hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiya ilə işləmək istəməməsi səbəb olub.

sehla celilzade.jpg (119 KB)

Minsk Qrupu həmsədrləri ən son Ermənistan xarici işlər naziri ilə 1 dekabr 2021-də, Azərbaycan xarici işlər naziri ilə bundan bir gün sonra ATƏT-in xarici işlər nazirlərinin Stokholm toplantısı çərçivəsində görüşüblər. Lakin onlar Azərbaycan və Ermənistan nümayəndələri ilə birgə görüş keçirmək alınmadığı üçün təəssüflərini qeyd etmişdilər. Bundan bir neçə gün sonra isə 7 dekabr 2021 tarixində həmsədrlər birgə bəyannamə yayaraq tərəfləri (Ermənistan və Azərbaycanı - red.) qarşılıqlı dialoqa, götürdükləri öhdəliklərə əməl etməyə və Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə çağırıblar. Lakin görünən o ki, bu çağırışlar hələ ki, bəhrə vermir və bunda da Azərbaycanın Minsk Qrupu ilə işləməkdə istəksizliyi əsas rol oynayır. Belə ki, 10 aprel tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında uzun onilliklərdən bəri ilk dəfə birbaşa, hər hansı tərəfin vasitəçiliyi olmadan telefon danışığının baş tutması artıq tərəflərin vasitəçilik institutuna ehtiyacı qalmadığını göstərir və sübut edir. Aprelin 11-də Minsk Qrupunun fransız həmsədri Bris Roquefeuilin İrəvana səfəri, həmsədrlik institutunun qorunub saxlanılmasına dair Fransanın istəklərini açıq şəkildə ifadə etməsi, bəlkə də Fransanın elə münaqişənin özünün qorunub-saxlanılmasına dair marağının ifadəsidir. Ümumiyyətlə, Fransanın bu mövqeyi təbii qarşılanmalıdır, çünki o, öz rolunu Avropa İttifaqına vermək üzrədir və ağrılı transformasiya periodunu keçir. Lakin cənab Prezident “Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur” ifadəsi ilə münaqişə gündəliyini sülh gündəliyi ilə əvəz etdiyini dəfələrlə bildirib. Odur ki, Brüssel görüşünün nəticələri barədə rəsmi Kremlə hesabat verməyə gedən Mirzoyana Rusiya XİN rəhbəri Sergey Lavrovun dediyi kimi, ATƏT-in Minsk Qrupu həmsədrlər “üçlüyünün” gələcək taleyi artıq məlum deyil. Onun danışıqları təşkil etməsinə artıq ehtiyac qalmadığı kimi, tərəflər Moskvada və Brüsseldə üçtərəfli, o cümlədən ikitərəfli görüşlər keçirməyə hazırdırlar. Lakin Avropa İttifaqının geniş mənada regionda inisiativləri ələ alması Rusiyanı müəyyən mənada həm də narahat edir. Lavrovun Mirzoyanla görüşündə “Mən Aİ-nin Brüssel görüşündən sonra elan etdiyi bəyannamədə (communique) Rusiyanın adının bir dəfə belə qeyd edilmədiyinə diqqət çəkmək istəyirəm” deyərək Rusiyanın adının Azərbaycanın Ermənistanla imzalayacağı istənilən sənəddə qeyd edilməsinə dair rus maraqlarını ifadə edib. Bu o deməkdir ki, Rusiya yaxın gələcəkdə Minsk Qrupunun yeni formatının təşkilində maraqlı ola bilər. Azərbaycan uzun illərdən bəri Minsk Qrupunun formatının yenilənməsinə çağırış edirdi. Bu formatda xüsusilə Türkiyə, İtaliya və Almaniya kimi ölkələrin iştirakı müxtəlif dövrlərdə gündəmə gətirilib. Hətta bir neçə il öncə həmsədrlik institutunun formatının dəyişdirilərək “5-lik Sədrlər Şurası” olması, burada hazırkı həmsədrlərlə yanaşı Türkiyə və Almaniyanın da iştirak etməsi məsələsi ATƏT Parlament Assambleyasının gündəliyində qaldırılmışdı. O dövrün real mənzərəsində bu mümkün deyildisə, artıq yeni reallıqlar var və yeni mənzərədə yeni aktyorların masa arxasında əyləşdiyinin şahidi olmaqdayıq".

Akif Nağı — Vikipediya

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı yaranan qeyri-müəyyənliyə son qoyulmasının vacibliyindən söz açdı: “İmkan daxilində vasitəçilik formatından imtina edilməlidir. Təcrübə göstərir ki, vasitəçilər daha çox öz ölkələrinin maraqlarını təmin etməyə çalışırlar. Həm də heç vaxt obyektiv olmayıblar. Sizin dediyiniz həmsədrliyə qədər tək nümayəndəlik mövcud idi. İlk belə nümayəndə isə italiyalı diplomat Mario Raffaelli oldu, Minsk Qrupunun sədri kimi regiona gəldi, amma heç bir obyektiv sənəd hazırlayıb ortaya qoymadı . 1993-cü ildə Ağdam işğal olunan zaman o, növbəti səfəri çərçivəsində Ağdamda idi, güzgünün qarşısında baş verən hadisəni görməzdən gəldi. İndi faktiki olaraq iki paralel format formalaşıb, Avropa İttifaqının iştirakı ilə üçtərəfli format, eyni zamanda Rusiyanın təşəbbüsü ilə digər üçtərəfli format işə düşüb. ABŞ və Fransa da hələ ki geri çəkilmək istəmir, həmsədrlərin tək-tək İrəvana səfərləri təşkil edilir. Məncə, bu qeyri-müəyyənliyə son qoyulmalıdır. Sizin dediyiniz İsveç, Türkiyə, Rusiyanın birgə vasitəçilik variantı inanmıram ki, effekt versin. Bütün bunlar artıq keçilmiş variantlardır və bu variantların heç bir müsbət nəticəsini görməmişik. Azərbaycan qalib tərəfdir, ona görə də proses qalib tərəfin haqlı mövqeyinin yerinə yetirilməsi istiqamətində getməlidir. Azərbaycan bu haqlı tələblərinin məğlub Ermənistana çatdırılması üçün Türkiyəni öz nümayəndəsi kimi təyin edə bilər. Ermənistan da qoy öz nümayəndəsini təyin etsin. Bu, Rusiya və ya Fransa ola bilər, özləri qərar versinlər. Bundan sonrakı proseslər bu iki nümayəndənin arasında aparıla bilər. Bu formatla vaxt itkisinə yol vermədən çox tezliklə nəticə əldə etmək olar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR