Onlayn ictimai-siyasi qəzet
Amerikanın İT və telekommunikasiya xidmətləri sahəsində həllər təminatçısı olan Hewlett Packard Enterprise (HPE) şirkəti britaniyalı sahibkar, multimilyonçu, ötən ay Siciliya sahillərində yaxta qəzasında həlak olan Mayk Linçin varislərindən məhkəmədə 4 milyard dollara qədər təzminat tələbindən geri durmayacaq.
Musavat.com xəbər verir ki, bu məlumatı The Guardian şirkətin bəyanatına istinadən yayıb.
2022-ci ildə HPE İngiltərə məhkəməsində Linçə qarşı mülki işdə qalib gəlib. Şirkət Linç və onun proqram təminatı şirkəti Autonomy-nin keçmiş baş maliyyə direktoru Suşovan Hüseyni 2011-ci ildə Autonomy-ni ona 11 milyard dollar satışı kontekstində dələduzluqda ittiham edib.
Yaxın vaxtlarda dəymiş ziyanla bağlı qərarın veriləcəyi gözlənilir.
Şirkətin yaydığı məlumata görə, 2022-ci ildə İngiltərə Ali Məhkəməsinin hakimi HPE-Linç və Hüseynə qarşı mülki fırıldaqçılıq iddialarını sübuta yetirdiyinə qərar verib: "2024-cü ilin fevralında dəymiş ziyanın ödənilməsi ilə bağlı dinləmə keçirilib və hakim tezliklə qərar verəcək. HPE bu prosesi sonunadək davam etdirəcək”
Qeyd edək ki, iyun ayında ABŞ məhkəməsi başqa bir dələduzluq işi üzrə Linçə bəraət qazandırıb. Qəzaya uğrayan yaxtada milyarder dostları ilə bu prosesdəki qələbəsini qeyd edirmiş. Onun həyat yoldaşı Angela Bacares yaxta qəzasından sağ çıxıb. The Sunday Times onların ümumi sərvətini 500 milyon funt sterlinq (657 milyon dollar) qiymətləndirib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ