İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxın sülh”ü uzaq edən kimdir - Ermənistan “təcrübə tarlası”na döndərilir

Qafqazda öz maraqlarını təmin etmək üçün fitnə-fəsada əl atan Qərbə Rusiyadan “nöqtəli zərbə”; ekspert: “Rəsmi İrəvanın Azərbaycanla sülhə nail olmaq istəyi də bölgədə təhlükəsizliyin səmimi şəkildə bərqərar olmasına hesablanmayıb, daha çox ayrı-ayrı supergüclərin qarşıdurmasına yönəlib”

Hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə müzakirələr davam edir. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan iki gün öncə bildirib ki, Bakının İrəvana daha bir təkliflər paketini alıblar.

Xatırlatmaqda fayda var: daha öncə bildirilmişdi ki, onlayn formatda tərəflər arasında fikir mübadiləsi davam etdirilir. “Sülh heç vaxt bu qədər yaxın olmayıb”. Bunu isə dekabrın 26-da Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Bəzi məsələlər qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik”, - Alen Simonyan jurnalistlərə bildirib. Simonyanın bu açıqlamanı dekabrın 26-da - MDB dövlət başçılarının Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqa qeyri-rəsmi görüşü keçirilən gün verməsi diqqət çəkir. Qeyd edək ki, bu sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri bir araya gəlib. Bir qədər öncə Nikol Paşinyan bu görüşə getməyə tərəddüd edirdi, ancaq dekabrın 25-də - hamıdan qabaq Sankt-Peterburqda oldu. Təbii ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında sülh məsələsi ilə bağlı söhbətlər olub.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər”. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Detallar əlbəttə ki, açıqlanmayıb və bu belə olmalıdır. Ümumi qənaət isə budur ki, Azərbaycan sülhə çoxdan hazırdır. Ermənistan rəsmilərinin son vaxtlar verdiyi açıqlamalar isə belə təəssürat yaradır ki, onlar sanki sülhə hamıdan çox çalışır. Ancaq faktlar bunun əksini sübut edir - 3 ildir ki, sülhü məhz Ermənistan yubadır, xarici təsir dairələrinin fitvası ilə. Konkret olaraq Fransa, Qərbdə müəyyən dairələr Cənubi Qafqazla bağlı mürtəce siyasətlərində Ermənistanı “təcrübə-sınaq tarlası” kimi istifadə edir. Ermənistan bir yandan rəsmi səviyyədə deyir ki, sülhə heç zaman indiki qədər yaxınlaşılmayıb, digər tərəfdən isə gah təxribatlar törədərək, gah da Fransanın açıq diqtəsi ilə danışıqlar prosesini pozur, bəhanələr gətirir, ikitərəfli görüşlərdən qaçırlar.

Bu arada, Rusiyadan maraqlı açıqlama gəlib. “Xarici qüvvələr Ermənistanı çox təhlükəli geosiyasi oyunlara çəkir”. Bunu Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya xarici qüvvələrin İrəvanı daha çox təhlükəli geosiyasi oyunlara çəkmək cəhdlərini müşahidə edir: “Qərb Ermənistanın və ermənilərin taleyinə tamamilə biganə yanaşır. Rusiya isə müttəfiqlik xarakterli münasibətləri nəzərə alaraq sülhə, sabitliyə və Ermənistanın çiçəklənməsinə yardım etməyə hazırdır. Bizim üçün bu, həqiqətən də çox əhəmiyyətə malikdir”.

Zaxarova Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərindən də danışıb: “Biz İrəvanla Bakı arasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında münasibətlərin normallaşması üçün yaxşı perspektivləri görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün ilkin şərtlər mövcuddur. Ümumilikdə, biz Cənubi Qafqazda münaqişəliliyin azalmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıyıq. Hesab edirik ki, buna "3+3" məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişlənməsi yardım edə bilər".

Beləcə, bunu Rusiyadan Qafqazda öz maraqlarını təmin etmək üçün fitnə-fəsada əl atan Qərbə “nöqtəli zərbə” də adlandırmaq olar. Daha əvvəllər Lavrov səviyyəsində də Qərbin bölgədə katalizator rolundan bəhs edilmişdi. “Yaxın sülh”ü uzaqlaşdıran(lar)ın kim olduğu konkret bəllidir. Bəs çıxış yolu nədir? Ermənistan hansı xətti tutmalıdır ki, hamıdan çox ona lazım olan sülh prosesi bu dəfə pozulmasın, saziş imzalansın? Mümkün olacaqmı? Ekspertlərimizin bu mövzu ilə bağlı maraqlı fikirləri var.

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün  vacibdir"

 Qafar Çaxmaqlı

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlının fikrincə, Sankt-Peterburqdakı sammitdə Paşinyanın çıxışının özü də göstərdi ki, Ermənistan bəzi siyasi situasiyalarda nə edəcəyini bilməyən “təcrübə tarlası”na çevrilib: “Nicatını Qərbdə axtarmaq yolunu seçib və dərhal da ondan geri addım atan zavallıya dönmüş durumdadar. Paşinyan deyir ki, üzvü olduğu və hamıdan əvvəl yerini almağa tələsdiyi Avrasiya İqtisadi İttifaqının siyasiləşməsini istəmir. Haqlı olaraq sual ortaya çıxır ki, Avropa İttifaqı da ekonomik birlikdir, o zaman nə üçün bu qurumun Cənubi Qafqazdakı siyasi və energetik proseslərə müdaxiləsinə etiraz etmir? Yaxud Azərbaycana qarşı Aİ-nin son zamanlarda atdığı addımlara adekvat yanaşmır? Bunu deməklə guya sözügedən təşkilata yeni nizam gətirmək istəyir. Həm də 2024-cü ildə sədrlik edəcəyi bu təşkilatı Rusiyanın öhdəsinə buraxır. Sədrlik Ermənistanda olacaq, amma bütün tədbirlər Moskvada keçiriləcək. Bu, o deməkdir ki, Ermənistan bir dövlət kimi ciddiyyətini itirib. Vektor dəyişikliyi kimi apardığı siyasəti iflasa uğrayıb”. Q.Çaxmaqlı qeyd etdi ki, rəsmi İrəvanın Azərbaycanla sülhə nail olmaq istəyi də bölgədə təhlükəsizliyin səmimi şəkildə bərqərar olmasına hesablanmayıb, daha çox ayrı- ayrı supergüclərin qarşıdurmasına yönəlib: “Sülh sazişi ilə bağlı Azərbaycan təkliflərini çoxdan verib, müzakirə ediləcək bir şey olmadığı da ermənilərin özləri tərəfindən dəfələrlə qeyd edilib. Müqavilənin imzalanması üçün bəzi məsələlərin razılaşdırılması da ikitərəfli görüşlər zamanı əldə edilə bilər. Son olaraq Prezidentin köməkçisi Hikmət Hacıyev də ifadə etmişdi ki, sərhədlərin müəyyənləşməsi - demarkasiya və delimitasiya işləri sonraya saxlana bilər və həmin Alen Simonyan bunun mümkünlüyündən danışmışdı”.

Ekspertin sözlərinə görə, sülh sazişinin daha çox Ermənistana lazım olduğunu nəzərə alsaq, addımın da bu ölkədən gəlməsini gözləməliyik: “Amma bu sülhün qalıcı olması üçün Ermənistan 44 günlük savaşdan sonra bölgədə yaranmış reallıqları nəzərə almalıdır, kommunikasiya xətlərinin açılması ilə bağlı manipulyasiyara son verməlidir! Bu məsələni bölgədən kənardakı qüvvələrin marağının girovuna çevirməməlidir. Mənə elə gəlir ki, Şahramanyanın provokasiyasiyası da sülhün uzadılması üçün atılan siyasi gedişlərdən biridir. Belə bir durumda sülh prosesi aparıla bilməz. Çünki Ermənistan bu hərəkəti ilə Azərbaycana ərazi iddiaları irəli sürmüş olur. Bu durum gərginliyə səbəb ola və sülh danışıqlarının sona çatdırılmasına mane ola bilər”.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqa səfəri elə təsəvvür yaratmasın ki, İrəvan Moskva ilə bundan sonra daha yaxın münasibətlərdə olacaq. Rusiya ilə Ermənistan arasında iqtisadi sistem elə inteqrasiya olunub ki, onun yerini indiki şərtlərdə Qərb doldura bilməz”.

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - Turkic World

İlyas Hüseynov

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynova məxsusdur. Ekspertin sözlərinə görə, Ermənistanla ABŞ arasında Rusiyanın embarqosu olduğu halda yol xəritəsi hazırlansa da, bunun Ermənistan dövləti və Paşinyan hakimiyyəti üçün ağır nəticələr yaradacağını Qərbin siyasi strateqləri də bilirlər: “Ermənistanda bütün həyati vacib sahələr Rusiyanın inhisarı altındadır. Sülh ilə son dövrlər erməni rəsmilərinin daha çox danışması da görüntü naminədir. Elə təsəvvür formalaşdırmağa çalışırlar ki, sanki bu gün ən çox sülhü istəyən Ermənistan tərəfidir. Bunu da öz təlimatçılarının diqtəsi ilə edirlər. Amma müharibədə qalib gələn Azərbaycan dövləti sülh baxışlarını, sülhün fundamental prinsiplərini Ermənistana təqdim edib. Azərbaycan və Ermənistan liderinin Rusiyanın mədəniyyət paytaxtında söhbətləri də bunu deyir ki, sülhə yaxınlaşmaq üçün yaxşı imkan yaranıb. Yaxşı olardı ki, iki dövlət arasında, vasitəçilər olmadan tarixi sənədə imza atılsın”.

Akif Nağı: “Vaşinqton səhvini başa düşdü”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, “təcrübə tarlası” uğurlu ifadədir: “Bunlara aid "təcrübə siçovulları" ifadəsini də işlətmək olardı. Doğrudan da, onları ciddiyə almır, yalnız təcrübələrlə, eksperimentlətlə kifayətlənirlər. Orada dövlətçilik, siyasi düşüncə, vətəndaş cəmiyyəti ilə bağlı heç bir proses getmir. Ermənistan rəhbərliyi qərar qəbul etmək iqtidarı və səlahiyyətində deyil. Sülh danışıqları, müqavilənin imzalanması böyük mənada onların iradəsindən kənardır. Ya Ermənistana kimsə, hansı dövlətsə deməlidir ki, “get müqaviləni imzala”, ya da Azərbaycan növbəti zərbəni vurmalıdır ki, ondan sonra müqaviləni imzalasınlar. Başqa yol yoxdur".

Elşad Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR