İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə YENİ DÜZƏN:Vaşinqton dərhal hərəkətə keçdi…

Bir neçə gün öncə İsrail və Livan (“Hizbullah”) hərbi əməliyyatları dayandırmaq üçün şərti olaraq razılığa gəliblər. Atəşkəs noyabrın 27-də Bakı vaxtı ilə saat 06:00-da qüvvəyə minib. Atəşkəs haqqında sazişə əsasən, ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi yaradılacaq. Bu komitə sövdələşmənin icrasına nəzarət edəcək və mümkün pozuntuların aradan qaldırılması üçün tədbirlər görəcək.

ABŞ, həmçinin İsrailə Livan ərazisindən gələn təhdidlərə qarşı hərbi əməliyyatlar aparmaq üçün dəstək və zəmanət verəcək. Bu, “Hizbullah”ın sərhəd yaxınlığında hərbi mövcudluğunun bərpa edilməməsi və silah qaçaqmalçılığının qarşısının alınmasını əhatə edir. Razılaşmaya görə, “Hizbullah” ağır silahlarını və birləşmələrini Litani çayının şimalına, sərhəddən 30 kilometr uzaqlığa köçürməlidir.

İsraillə “Hizbullah” arasında atəşkəs razılaşmasının təsdiqlənməsindən sonra HƏMAS da Qəzzada atəşkəsə hazır olduğunu bəyan edib. İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yayılan bəyanatında isə qeyd olunub ki, rəsmi Tehran Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayır, lakin eyni zamanda Livan xalqına və ölkədəki müqavimət qüvvələrinə hər cür dəstəyi verməyə davam edəcək. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan da İsrail və Livan arasında atəşkəsi alqışlayıb.

Maraqlıdır, İsrail və Livan (“Hizbullah”) arasında əldə edilən atəşkəs razılığı nə dərəcədə uzunömürlüdür? Perspektivdə HƏMAS-la da belə bir razılığın əldə edilməsi realdırmı? Ümumiyyətlə, Yaxın Şərqdəki problemin, münaqişələrin birdəfəlik həll olunması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, İsrail və Livan arasındakı atəşkəs razılaşması Yaxın Şərqdə baş verənlərin qarşısının alınmasında ABŞ-nin xüsusi təsir gücünün olduğunu nümayiş etdirir.

Onun sözlərin görə, əgər Vaşinqton istəsəydi, bu savaş ümumiyyətlə baş verməzdi və yaxud da sonrakı mərhələdə hər an dayandırıla bilərdi: “Bu dəfəki İsrail-Livan atəşkəsi də məhz ABŞ-nin israrlı tələbləri ilə baş verib. ABŞ indiki situasiyada Yaxın Şərqdə qlobal savaş törədə biləcək hərbi münaqişənin olmasında maraqlı deyil. Ona görə də Vaşinqton dərhal hərəkətə keçdi və bu savaşın dayandırılmasına nail oldu. Bir sözlə, bu atəşkəsin məhz ABŞ-nin vasitəçiliyi, istəyi ilə reallaşdığını vurğulamaq mümkündür. Bu atəşkəsin nə qədər davam edəcəyi də qlobal güclərin, o cümlədən ABŞ-nin maraqlarından asılı məsələdir. Çünki Yaxın Şərqdə yeni düzənin yaradılmasına müəyyən cəhdlər göstərildiyi artıq şübhə doğurmur”.

Politoloq vurğulayıb ki, əgər qarşıya qoyulmuş bütün hədəflər reallaşdırılsa uzun müddət atəşkəs rejiminə riayət oluna bilər: “Yox, əgər bu yeni düzən hələ tam istənilən səviyyədə formalaşmayıbsa, o deməkdir ki, atəşkəs müəyyən fasilədən və yaxud da ki, tərəflərin öz resurslarını bərpa etməsindən sonra yenidən pozula bilər. Atəşkəs tamamilə müsbət və təqdirə layiq bir haldır. Amma onun nə qədər davam edəcəyi və ya uzun ömürlü olub, olmayacağı isə hələlik müəmmalı xarakter daşıyır. Bunun necə olacağını görmək üçün bir qədər gözləmək, müşahidə etmək lazım gələcək. Hadisələrin inkişaf istiqamətləri hələlik ABŞ-nin Yaxın Şərqdə sabitliyin olmasında maraqlı olduğunu göstərir. Amma bu münaqişənin indiki şərtlər daxilində birdəfəlik həll olunma ehtimalı qətiyyən inandırıcı görünmür. Çünki bu problemin, münaqişənin birdəfəlik həlli üçün hər iki tərəfin bir-birninə güclü güzəştlər etməsi lazımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR