İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərq və ərəb “NATO”su arzuları – qəbul olunmayacaq duaya “amin” deyilməz - TƏHLİL

Yaxın Şərqin gərginlik, qarşıdurma, müharibə, qaçqınlıqdan xilası region dövlətlərinin bir-birinə yeni yanaşmasından başlayır. Çünki Fələstinlə bağlı yaranmış mövcud şəraitin, münasibətlərin 80 ilə yaxın yaşı var. Ərəb dövlətləri və İranın İsrailə münasibətinin dəyişməməsi, yəhudi dövlətinin Fələstinlə bağlı öhdəliklərə əməl etməməsi qarşıdurmaların mənbəyidir.

Bu vəziyyətdən istifadə edən güclər cəbhə tutur, yəni bəziləri Fələstini bəhanə edərək İranın, bir qrup da təhlükəsizliyini əsas götürərək İsrailin yanından durur. Əslində, bu, onların bir-birinə qarşı mübarizəsidir. Aralarındakı ziddiyyəti bir-birinə qarşı müharibə ilə həll etmək istəmədiklərindən onu İsrail-Fələstin savaşına transformasiya edirlər.

Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı müharibəsi bu ziddiyyətləri bir daha ifşa edib. Mahmud Abbas hökumətinin bu savaşa müdaxilə etməməsi də Fələstini idarə edən, yaxud oradakı siyasi qüvvələr arasında fikir ayrılığının göstəricisidir. Bu da özü-özlüyündə mövcud vəziyyətin normallaşmasına başlıca maneələrdən sayılır.

44dd18fd-745f-3257-ac2b-67292eaa.jpg (110 KB)

Yaranmış vəziyyət regiona Çinin də müdaxiləsinə yol açıb. İyulun 23-də Pekində Fələstini təmsil edən siyasi qüvvələr arasında Pekin qətnaməsi imzalanıb. Müharibədən sonrakı dövr üçün yaradılacaq hökumət, Fələstinin gələcəyi və İsrail dövlətinin tanınması bu sənəddə öz əksini tapıb. Mahmud Abbasın lideri olduğu ölkə yəhudi dövlətini tanıyacağını gizlətmir. HƏMAS-ın isə bu istiqamətdə mövqeyi İranın yanaşmasından fərqlənmir. İslam Respublikasının siyasi-ideoloji şüarlarından, təməl prinsiplərindən biri “İsrailə ölüm!”dür.

Odur ki, İran və onun qurduğu silahlı-siyasi qruplaşmaların fəaliyyəti İsraili təhlükəsizliyinin daha geniş miqyasda təşkilinin qayğısına qalmağa vadar edir.

Yəhudi dövləti daxildə HƏMAS-a, Livanda “Hizbullah”a, Yəməndə husilərə, Suriyada isə "Sepah"a qarşı dörd cəbhədə döyüşür.

İyulun 24-də İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfərində də təhlükəsizlik məsələsi aparıcı mövzu olub. O, Konqresin iki palatasının toplantısında çıxış edib, bütün girovları azad edəcəklərini boyun olub, Beynəlxalq Cinayət Məhkəməsini tənqid edərək fələstinlilərin “deradikallaşdırılması” təklifini irəli sürüb. Hökumət başçısı Fələstindəki radikallığı İkinci Dünya Müharibəsindən sonra Yaponiya və Almaniyada baş verənlərlə oxşadığını söyləyib. O, anti-İsrail etiraz aksiyalarını İranın maliyyələşdirdiyinə də toxunub.

Baş nazir qeyd edib ki, ABŞ və İsrail birlikdə dayanmalıdır: “Çünki biz bir yerdə olanda çox sadə bir şey baş verir: biz qalib gəlirik, onlar uduzurlar”.

Netanyahu İrana qarşı Yaxın Şərqdə NATO-nun analoqunun yaradılmasına da çağırış edib: “Dünyamız qarışıqlıq içindədir. Yaxın Şərqdə İranın terror oxu ABŞ, İsrail və ərəb dostlarımızla qarşı-qarşıyadır”.

Yeri gəlmişkən, ABŞ Konqresində çıxışı üzrə İsrailin Baş naziri Böyük Britaniyanın sabiq hökumət başçısı Uinston Çörçilin rekordunu təzələyib. Çörçil İkinci Dünya Müharibəsi zamanı burada üç dəfə, Netanyahu isə dörd dəfə çıxış edib.

2027b473-37e3-348f-a9cd-16ac0863.jpg (162 KB)

Baş nazirin Yaxın Şərq NATO-sunun yaradılması təklifi yeni deyil. 2020-ci ildə ABŞ-nin ovaxtkı Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeşin İsraillə münasibətlərin normallaşması haqqında “İbrahim anlaşması” (“Avraam anlaşması”) imzalanıb. Sonradan Sudan da bu anlaşmaya qoşulub. Bu, ərəb ölkələri ilə yəhudi dövləti arasında atılan vacib addımlardandır. Anlaşamada təhlükəsizliyin təmin olunması da aparıcı şərtlərdən sayılır.

“İbrahim anlaması”ndan əvvəl Donald Tramp 2017-ci ildə prezident olaraq ilk səfərini Səudiyyə Ərəbistanına etməklə sələflərinin ənənəsini pozub. Çünki ştatların yeni dövlət başçısı bir qayda olaraq ilk səfərlərini ya Kanadaya, ya da Meksikaya edirlər. Bundan başqa, ştatlarla İran arasında 2013-cü ildə münasibətlərə yaranan müəyyən istilikdən krallıq narahat olmuşdu. O, bunu “müttəfiqinin başı üzərindən İranla danışıq” kimi dəyərləndirmişdi. Bu baxımdan da Trampın jesti krallığın ABŞ üçün əhəmiyyətinin göstəricisi də sayıla bilərdi. Həmin səfərdə İsrail-Fələstin münasibətləri əsas mövzu olub. Onda tərəflər arasında hərbi texnika və silah-sursat alqı-satqısına dair 110 milyard dollarlıq müqavilə imzalanıb. O, müsəlman dövlətlərini ekstremizm və terrorçuluğa qarşı mübarizənin yükünün bir hissəsini üzərlərinə götürməyə çağırmışdı: “Yaxın Şərq xalqları düşmənə qalib gəlmək üçün ABŞ-nin yardımını gözləyə bilmirlər”.

2017-ci il mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilmişdi. Görüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkənin yüksək vəzifəli rəsmisi qatılmışdı. İran isə sammitə dəvət olunmamışdı. Həmin sammitdə D.Tramp bütün ölkələri İranı təcrid vəziyyətində saxlamağa çağırmışdı. O, ekstremizmlə mübarizənin vacibliyini vurğulayaraq bu sahədə fəaliyyətin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini söyləmişdi.

Onda Trampın Yaxın Şərqə səfərinin nəticəsi olaraq “müsəlman NATO-su"nun yaranacağı ehtimal edilirdi. Çünki 2015-ci ilin dekabrında müsəlman dövlətlərin terrorçuluğa qarşı mübarizə ittifaqının yarandığı elan edilmişdi. Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Pakistan, İordaniya, Tunis, Qətər, Liviya, Mali, Mərakeş, Somali, Sierra Leona, Sudan, Komor adaları, Mavritaniya, Niger, Nigeriya, Yəmən, Qabon, Maldiv adaları, Qvineya, Fələstin, Çad, Toqo, Cibuti, Seneqal, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Banqladeş, Benin, Livan və Küveyt daxil idi.

a84f65f3-4d09-4d56-9ad8-e3907801.jpg (216 KB)

Qeyd edək ki, İŞİD terrorçu qruplaşmasına qarşı beynəlxalq koalisiya 65 dövlətdən formalaşmışdı. Koalisiyadakı dövlətlər eyni zamanda həmin koalisiyanın üzvləri idi.

Odur ki, nə “İbrahim anlaşması”, nə də “terrorçuluğa qarşı mübarizə koalisiyası” Yaxın Şərqdə hərbi bloklaşmanın yaranması ilə nəticələnmədi.

Bölgə ölkələrinin İrana münasibətləri indi dəyişib. Ötən ilin martında İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası, Çinin regional məsələlərin həllinə daha fəal qarışması, ərəb ölkələri ilə İsrail arasında münasibətlərdə normallaşmanın davam etməsi və s. paradoksal əlaqələr, münasibətlər hələ hərbi bloklaşmaya imkan vermir.

Ancaq gərginlik davam edir. Keçirilən görüşlər isə vəziyyətin normallaşmasına deyil, əksinə, daha da kəskinləşməsinə təsir göstərir.

Odur ki, Benyamin Netanyahunun ABŞ səfəri regiona sülh gətirmir. Bu səfər Qəzza zolağında müharibənin davam edəcəyini deməyə əsas verir.

Elə Rusiya Prezidenti Vladimir Putinin Kremldə Suriyadakı rejimin başçısı Bəşşar Əsədi qəbul etməsi də gərginliyin azalmasına, müharibənin başa çatmasına yardım məqsədi ilə olmayıb. Ehtimal etmək olar ki, onlar Suriyanın təhlükəsizliyini, hətta, ola bilsin, ölkənin şimalında PKK/YPG-PYD qruplaşmasının keçirəcəyi regional “seçkini”, Ukraynadakı müharibənin gedişatını, habelə regional məsələləri müzakirə ediblər. Vladimir Putin bu görüşdən öncə Suriyanın ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəklədiklərini vurğulayıb.

Bu da regional hadisələrin belə tezliklə sakitləşməyəcəyinə dair ismarış sayıla bilər.

Böyük Britaniya Ordusu Birləşmiş Qərargahının yeni rəisi Rolli Vakerin açıqlaması da bunu təsdiqləyir: “Düşməni məğlub etmək üçün ordunun gücünü ikiqat artırmaq lazımdır. Yaxın üç ildə İranla müharibəyə hazırlaşmalıyıq”.

Onun sözlərinə görə, İran, Rusiya, Şimali Koreya və Çin "gərginlik oxu" kimi Böyük Britaniyanın təhlükəsizliyini hədələyir və qarşıdan gələn üç ildə krallıq onlarla müharibəyə hazır olmalıdır. Rolli Vaker 2027- 2028-ci illərdə ölkəsinin bu dörd dövlətin böyük təhdidi ilə üzləşə biləcəyi barədə də xəbərdarlıq edib.

Bu kimi çıxışlar, görüşlər, açıqlamalar maraqları daha ziddiyyətli hala gətirir. Bu da Netanyahunun, Trampın hərbi blokun yaranması ilə bağlı təşəbbüslərini mümkünsüz edir. Gərginlik, qarşıdurma artır, müharibə davam edir. Odur ki, yaranmayacaq “NATO” qəbul edilməyəcək duaya "amin" deməyə oxşayır.

Sədrəddin Soltan,
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR