İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxın perspektivdə KTMT adlı qurum da tarixin yaddaşına köçəcək”-polkovnik

 

 “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvadakı son iclası çox sönük və maraqsız keçdi. Hələ bu günə kimi belə gərgin və əsəbi bir sammit keçməmişdi”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi.

Ekspert qeyd etdi ki, başda Rusiya prezidenti olmaqla, ölkə başçılarınının üz mimikası və jestləri artıq hər şeyi deyirdi: “Guya bu, yubiley tədbiri idi, amma süni bir tədbir olması açıq-aydın özünü büruzə verirdi. Məcburiyyət qarşısında keçirilən bu tədbir demək olar ki, heç bir ciddi məqamı ilə yadda qalmadı. Şəxsən mən bu tədbiri candərdi bir tədbir kimi qiymətləndirirəm. Əslində KTMT-nin süni bir qurum olması çoxdan bəllidir. Rusiyanın Ukraynaya qarşı son kobud və bağışlanmaz müdaxiləsindən keçən 80 gündən artıq bir müddətdə də biz bu qurumun demək olar ki, necə bivec və lazımsız qurum olduğuna bir daha əmin olduq. Bu, necə birlik və ittifaqdır ki, onun üzvü saysız-hesabsız itkilərə məruz qalıb və qalmaqda davam edir, düşdüyü acınacaqlı durum daha da dərinləşməkdədir, KTMT adlı guya NATO-ya qarşı yaradılan qurumdan isə səs-səmir çıxmır? Sözsüz ki, bundan sonra da o qurumdan səs çıxmayacaq”.

uz.jpg (65 KB)

 Ü.Cəfərov bildirdi ki, əslində KTMT-nin Rusiya tərəfindən öz maraqlarını təmin etmək məqsədilə yaradıldığı çoxdan bəllidir: “Son hadisələr də bir daha Rusiyanın rəzil və biabırçı bir duruma düşməsini göstərir və onun daxil olduğu ciddi beynəlxalq siyasi-iqtisadi təşkilatlardan təcrid olunması prosesi dərinləşir. Hesab edirəm ki, yaxın perspektivdə KTMT adlı qurum da tarixin yaddaşına köçəcək. Qalsa belə, zəifləmiş, heç kimin ciddi qəbul etməyəcəyi ölüvay bir formal güc kimi adda-budda lazım olanda yada salınacaq. Bir sözlə, KTMT adlı qurumun da perspektivi çox zəif və çən deyərdim ki, faciəvi olacaq. Ona yaxın perspektivdə guya hansısa dövlətlərin qoşulacağı ilə bağlı xülyalar da ciddi qəbul oluna bilməz. O hansı dövlətdir ki, özünü son baş verən proseslər fonunda lazımsız yerə “oda-alova atacaq?” Rusiya özü ilə KTMT və digər az-çox olan təşkilatları da zəiflətdi, qarşıdakı dönəmdə bu proses daha da sürətlənəcək və dərinləşəcək”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR