Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Rusiyadan MDB ölkələrinə, xüsusilə Azərbaycana yönələn pul köçürmələrinin həcminin kəskin şəkildə azalması regional maliyyə axınlarında ciddi dəyişikliklərə səbəb olub. Bu azalma bir sıra iqtisadi və maliyyə amillərinin təsiri ilə baş verib.
Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri, inflyasiya və Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər bu ölkədə vətəndaşların maliyyə vəziyyətinə mənfi yöndə təsir edib. Nəticədə Rusiyada yaşayan və işləyən bir çox miqrantın ölkəsinə göndərdiyi vəsaitlərdə əhəmiyyətli azalmalar baş verib.
Son bir ildə banklar, “Zolotaya Korona”, “Unistream” və “Contact” platformaları vasitəsilə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb. Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul baratlarının həcmində qeydə alınıb.
2024-cü il üzrə yekun məlumatlar tam açıqlanmasa da ötən ilin sonuna olan göstəricilər ciddi azalma olduğunu göstərir. Belə ki, 2024-cü ildə Azərbaycana 410,7 milyon dollar göndərilib. Bu da bir il öncə ilə müqayisədə yarıbayarı azdır.
Qeyd edək ki, Azərbaycana göndərilən pul baratlarının həcminə görə Rusiya birinci yerdədir. 2023-cü illə müqayisədə Rusiyanın payı 65 faizdən 48 faizə ensə də liderliyini qoruyur. Əvəzindən ikinci yerdə olan Türkiyənin payı 9 faizdən 15,4 faizə, üçüncü yerdə olan ABŞ-dan göndərişlərin xüsusi çəkisi 4,5 faizdən 5,7 faizə yüksəlib.
Ümumilikdə ötən ilin 9 ayında xarici ölkələrdən göndərilən pul köçürmələri 848 milyon dollar olub. Bu bir il əvvəllə müqayisədə 34 faiz azdır.
Azalmaya Rusiyadan göndərilən vəsaitin az olması səbəb olub. Bəs, bu Azərbaycanda hansı çətinliklər yarada bilər?
İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında deyib ki, bu hal bir neçə ildir ki, davam edir. Onun sözlərinə görə Rusiyadan Azərbaycana pul axını 2011-2012-ci ildə ən maksimum həddə çatıb: “Həmin illərdə Rusiyadan Azərbaycana təqribən 4 milyarda yaxın vəsait daxil olub. Ona qədər isə 2,5 milyarda qədər olurdu ki, bu da Azərbaycanda daşınmaz əmlak və avtomobil bazarına, Azərbaycanın bölgələrində sosial rifahın saxlanılmasına kömək olurdu. Bundan ən çox regionlarımız yararlanırdı. Rusiyada çalışan soydaşlarımız ailələrinə pul göndərirdilər. Təqribən 2020-ci ildən bəri bu rəqəm azalmaya doğru gedir, indi isə minimum hədlərə doğru yaxınlaşırıq. Rusiyadan gələn vəsaitin azalmasının səbəbləri çoxdur. Rusiyada iqtisadi problemlər var, valyuta bahalaşıb. Son zamanlar rubl müəyyən dərəcədə möhkəmlənsə də, son 5 illik dövrü götürsək, kifayətə qədər zəifləmiş valyuta olduğunu görərik. Rusiyadakı azərbaycanlılar orada rubulla pul qazanır. Rubulla qazandığı vəsaiti sonradan valyutaya çevirəndə daha az vəsait əldə edir. Nəticədə Azərbaycana daha az vəsait gəlir. Bu, daşınmaz əmlak və avtomobil bazarında, regionlardakı insanların sosial vəziyyətində mənfi təsirini göstərir. Biz buna öyrəşməliyik”.
Ekspert bildirir ki, Rusiyadan gələn vəsaitlərin asılılığını azaltmaq lazımdır:
“Sosial-iqtisadi vəziyyətlə bağlı problemlərimizi özümüz həll etməliyik ki, xaricdən vəsait gələndə üstünlüyə çevrilsin, iqtisadiyyata daha artıq müsbət təsirləri olsun. Təəssüf ki, həllik vəziyyət elə deyil. Hazırda Rusiyanın iqtisadi vəziyyəti ürək açan deyil. Oradan gələn vəsaitin artması ehtimalı da çox aşağıdır. Onu da qeyd edim ki, orada miqrantlarla bağlı həddindən artıq şovinist siyasət yürüdülür. Yaxın illərdə Rusiyadakı miqrantların qazanclarında kifayət qədər azalmalar olacaq. Buna hazır olmaq lazımdır”.
İqtisadçı Rəşad Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyadan pul axınının azalmasını texniki azalma hesab etmək lazımdır: “2022-ci ildəki pul baratlarının strukturunun aydınlaşdırılmasına ehtiyac var. Çünki həmin ildə köçürülən pulların Azərbaycan vətəndaşları tərəfindən ailə üzvlərinin saxlanması məqsədi ilə göndərildiyini düşünmürəm. Fikrimcə, pulların əhəmiyyətli hissəsi müharibə fonunda ölkədən çıxarılan pullardır. Müxtəlif alətlərdən istifadə edərək vəsaitlər pul baratları formasında ölkəyə daxil olub. Ola bilsin ki, əksəriyyəti artıq Azərbaycandan çıxarılıb.
Azərbaycanın bir sıra iqtisadi rayonlarında, məsələn, Lənkəranda, Şəmkirdə, Qazaxda, Tovuzda əhalinin gəlirlərinin əhəmiyyətli hissəsi xaricdən göndərilən pul vəsaitlərindən (remitensilər) asılıdır. Rusiyadakı vəziyyət sadaladığımız bölgələrə birbaşa mənfi təsir göstərir. Şirvan, Siyəzən rayonlarında isə bu pay 0,2-dir. Azərbaycandan miqrasiya edən hər 100 nəfərdən 67-nin Rusiyaya getdiyini nəzərə alsaq, oradakı vəziyyətin Azərbaycandakı ailələrin iqtisadi vəziyyətinə təsirini anlamış olaraq. Bu elə prosesdir ki, baş verən dinamika istənilən halda iqtisadiyyatın bütün sahələrinə az və ya çox dərəcədə mənfi təsirlər göstərir”.
İqtisadçı deyir ki, remitensilərin azalmasından ən çox cənub bölgələri əziyyət çəkir: “Növbəti yeri isə Xaçmaz, Qusar rayonları tutur. Siyəzəndə isə çox az hiss olunur.
Azərbaycan əslində remitensilərdən çox da asılı ölkə deyil. Digər MDB və sovet ölkələri ilə müqayisə etmiş olsaq, ölkəmizdə bu pay aşağı səviyyədə qiymətləndirilir. Özbəkistan, Ermənistan, Qırğızıstan daha çox vəsait daxil olmasından asılıdır.
Remitensilərin tam uçotunu biz görə bilmirik. Bir sıra hallarda vətəndaşların səfərləri zamanı nağd vəsait hesabına ölkəyə daxil olur. Düşünürəm ki, vəziyyət hələlik çox ciddi sosial fəsad yaratmayacaq”.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycandan xaricə göndərilən pul köçürmələri 2 faiz artaraq 408 milyon dollar olub. Türkiyəyə göndərilən pul baratlarının həcmi 118 milyon dollar təşkil edib, bu da ümumi köçürmələrin 29 faizinə bərabərdir.
Köçürmələrdə 11 faiz paya ABŞ-a 45 milyon dollar göndərilib. Rusiya Federasiyasına göndərilən məbləğ 44,292 milyon dollar olub və bunun xüsusi çəkisi 10,8 faizdir. Gürcüstana isə 36 milyon dollar (8,8 faiz) köçürülüb. Birləşmiş Krallığa göndərilən pul baratlarının həcmi 22 milyon dollar (5,4 faiz təşkil edib, Almaniyaya isə 18,324 milyon dollar (4,5 faiz) köçürülüb.
Şahanə Rəhimli
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ