İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxın günlərdə ABŞ-İran müharibəsi başlaya bilər” – Siyasi şərhçidən SENSASİON AÇIQLAMA

ABŞ-ın Suriyadakı Deyr əz-Zor və Həsəkədə yerləşən hərbi bazaları “İraq İslami Müqavimət” təşkilatının pilotsuz təyyarələri ilə hücuma məruz qalıb.

Musavat.com-un məlumatına görə, “Associated Press” bu barədə məlumat yayıb.

Oktyabrın 23-də səhər saatlarında baş verən bu hücumdan əvvəl ABŞ-ın Suriyadakı Tanf hərbi bazasına da pilotsuz təyyarə hücumları baş verib və hücumun məsuliyyətini üzərinə yenə eyni təşkilat götürüb.

HEYDER.jpeg (277 KB)

Hadisəni şərh edən siyasi analitik Heydər Oğuz “İraq İslami Müqavimət” təşkilatının şiə silahlılarından təşəkkül tapdığını vurğulayıb.

Onun fikrincə, bu təşkilat indiyədək İraqın şimalındakı ABŞ əsgərlərinin yerləşdiyi Hərir hərbi bazasına da dəfələrlə hücumları ilə diqqət çəkmişdi: “Təşkilatın Suriyadakı hərbi bazalara hücumu onun fəaliyyətini bu ölkəyə də keçirdiyini göstərir”.

Heydər Oğuz hesab edir ki, eyni gündə ABŞ-ın Suriyadakı ən azı 3 hərbi bazasının hədəfə alınması təsadüfi deyil: “Belə ki, bu hücumdan bir neçə saat əvvəl ABŞ müdafiə naziri Lloyd Ostin açıq şəkildə İranın adını çəkərək, onun və vəkil güclərinin Yaxın Şərqdə təxribatlarının artdığını bildirmiş, bu təxribatların qarşısını almaq üçün regiona THAAD və Patriot hava hücumundan müdafiə sistemləri göndərəcəklərini vurğulamışdı. Fikrimcə, bu açıqlama açıq-aşkar İranın hədəfə alınacağına işarə idi. Çünki bu zamana qədər HƏMAS-ın İsrailə hücumunda İranın rolunu təsdiqləyən hər hansı dəlilə malik olmadıqlarını bildirən ABŞ rəsmiləri son İsrail-Fələstin müharibəsinin coğrafiyasını genişləndirməyə həvəsli görünmürdülər. Pentaqon komandanının son açıqlaması isə yaxın zamanlarda İrana hücumların başlanacağının ilk anonsu idi. Təbii ki, İran ABŞ-ın bu hücumlarını öz ölkəsində qarşılaya bilməzdi və ABŞ hərbi qüvvələri regionda tam möhkəmlənməyənədək özü müharibəyə başlamalı idi”.

H.Oğuzun fikrincə, ölkəyə olacaq hücumları qonşu dövlətlərdə qarşılamaq İranın əsas hərbi strategiyalarından biridir:

“İran rəsmiləri bunu heç vaxt gizlətmir, Suriya və İraqda apardıqları müharibəni məhz bu amillə izah edirlər. Onların iddiasına görə, İran Suriya və İraqda döyüşməsə, həmin ölkələrin məğlubiyyətindən sonra sıra İranın özünə çatacaq və imperialist dövlətlərə qarşı öz ərazisində savaşacaq. Məhz bu səbəbdən də özünə yönəlməsi gözlənilən savaşı qonşu dövlətlərdə qarşılamaq istəyən Tehran İraq və Suriyada müharibənin bitməsinə imkan verməməyə çalışır”.

Siyasi şərhçi xatırladıb ki, Suriyadakı 3 hərbi bazaya hücum sırasında Ağ Evdə mətbuat konfransı keçirən ABŞ prezidenti sözünü yarımçıq kəsərək, təcili görüş üçün toplantı zalına getmişdi:

“Bu da onu göstərir ki, ABŞ hərbi bazalarına hücum Vaşinqtonda şok effekti yaradıb və Pentaqon komandanlığı cavab addımlarını müzakirə etmək üçün toplanıb. Bilirsiniz ki, ABŞ prezidenti həm də ölkənin hərbi baş komandanı sayılır. Keçiriləcək hərbi əməliyyatlara yalnız onun razılığı ilə başlamaq mümkündür. Görünür, məhz buna görə Co Bayden çıxışını yarımçıq kəsməli olub”.

bayden.jpg (68 KB)

HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibənin uzandıqca digər qonşu ölkələrə də yayılacağının gözlənilməz olmadığını düşünən həmsöhbətimiz fikrini belə əsaslandırıb:

“Əslində Fələstin savaşı hamıya lazım idi. G-20 sammitində Hindistan-Yaxın Şərq-Avropa dəhlizi ilə bağlı müqavilənin imzalanmasından sonra İran regionda təkləndiyini anladı. Bundan əlavə, hələ Tramp zamanında ortaya atılan İbrahim anlaşmaları ilə İsrail-ərəb ölkələri arasında yaxınlaşmanın onun zərərinə olacağı və hədəfə çevriləcəyi aydın idi. ABŞ Yaxın Şərq strategiyasını pozmaq üçün İsraillə ərəb dünyası arasında münasibətlər pisləşməli və onlar üz-üzə dayanmalı idilər. Fikrimcə, HƏMAS hücumları da məhz bu məqsədlə həyata keçirildi. İsrail də öz daxilində baş ağrısına çevrilən HƏMAS məsələsini kökündən həll etmək üçün əvvəl bu hücuma şərait yaratdı, sonra isə onu tamamilə sıradan çıxarmaq hərəkatına başladı. Sözsüz ki, İran HƏMAS-ın tamamilə məhv olmasına göz yuma bilməz. Əks halda İsrailə təzyiq vasitəsini itirər. Odur ki, İsrailə açıq şəkildə xəbərdarlıq göndərmişdi ki, Qəzzada quru əməliyyatlarına başlasa, özü və proksi qüvvələri ilə proseslərə müdaxilə edəcək. İndi isə İsrailin quru əməliyyatlarına başlaması üçün zaman daralır. Böyük ehtimalla, Təl-Əviv onu müdafiə edəcək ABŞ hərbi qüvvələrinin Yaxın Şərqə gəlməsini gözləyir. Yəqin ki, bir neçə günə bu yerləşmə tamamlanacaq və İsrail hərbi əməliyyatlara başlayacaq. Görünür, İranın dərhal hərəkətə keçməsinin bir səbəbi də budur”.

Həmsöhbətimizin fikrincə, İsrail ən azı 15 ildir ki, ABŞ-ı İrana qarşı birgə hərbi əməliyyatlara başlamağa təşviq edirdi:

“ABŞ rəsmiləri isə bununla razılaşmırdı. Hətta Vaşinqton israrla bunu tələb edən Benyamin Netanyahunu Ağ Evdə qarşılamaqdan da yayınırdı. HƏMAS-ın son hücumları ABŞ-ı istər-istəməz bu münaqişəyə cəlb etdi. Qarşıdan gələn prezident seçkiləri də Co Baydeni yəhudi lobbisinin dəstəyini gözardı etməməmək məcburiyyətində qoyur. Üstəlik, İsrail hərbi əməliyyatları davam etdirmək üçün artıq bütün Qərb liderlərinin də razılığını alıb və elə bilirəm, çoxdan arzuladığı İranla hesablaşmaq fürsətini əlindən qaçırmamağa çalışacaq. Açığı, mən qısa zaman ərzində İrana hərbi müdaxilənin baş verəcəyini gözləyirəm. Hər halda ABŞ-ın hərbi qüvvələrini Yaxın Şərqə toplamasının məqsədi HƏMAS-a qarşı mübarizə aparmaq deyil”.

HEMAS SON.jpg (69 KB)

O halda sual yaranır: Elədirsə, İran niyə bu savaşı istəyir?

Həmsöhbətimizin fikrincə, İran həm daxildən, həm də xaricdən sıxılmış durumdadır: “Onun bu vəziyyətdən savaşla çıxmaqdan başqa çarəsi qalmayıb. Xüsusilə beynəlxalq layihələrdən kənarda tutulması və üzləşdiyi sərt sanksiyalar İranın gələcəyini şübhə altına alır. Görünür, həm daxilindəki ictimai narazılıqları böyük təhlükəsizlik probleminə yönəltməyə çalışan, həm də ABŞ-la rəqabət aparan dövlətlərin dəstəyini almağa ümid bəsləyən İran üçün onsuz da qaçılmaz olan hərbi hesablaşmalara indiki şəraitdə getmək daha məqbuldur. Ona görə ki, indiki şəraitdə İran həm yeni çoxqütblü dünya qurmağa çalışan Şərq dövlətlərini yanına ala biləcəyini, həm də Fələstində baş verən qırğınlara seyrçi qala bilməyən ərəb ölkələrini ən azı neytrallaşdıra biləcəyini düşünür”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR