İnsanlara hürriyət, millətlərə istiqlal!

Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir

“Bir ildir ki, ünvanlı sosial yardım ala bilmirik. Heç bir yerdə işləmirəm. Qazana bilmirəmsə, torpaq pulunu necə ödəyim”.

Bu barədə Musavat.com-a Yardımlı rayonunun Burzunbul kənd sakini Sultanov Möhübbət Əliyar oğlu bildirib.

Qeyd edib ki, ünvanlı sosial yardım almaq üçün ondan ya işləməsi, ya da torpaq pulunun ödənməsi tələb edilir:

“Ötən ilə kimi 500 manat məbləğində ünvanlı sosial yardım alırdım. Torpaq pulu ödəməklə, 9 ay torpaq pulu ödəmişəm. O zaman qayda belə idi ki, 6 aylıq torpaq pulu ödəməli idik, mən isə 9 ayı ödəmişdim. Yanvarın 1-dən isə torpaqla bağlı yeni qanun çıxdı. Yeni qaydaya görə, artıq bir illik torpaq pulu ödəməlisən. Mənim arayış almağa, rayona getməyə belə pulum qalmayıb. Ancaq elə o pulu borcla-xərclə ödəmişdik. Nə işləyirəm, nə də torpaq pulu ödəyə bilirəm. Çarəsiz qalmışam. Bununla bağlı nazirliyin “142” Çağrı Mərkəzinə də məlumat vermişik. Onlar da bildirdilər ki, ünvanlı sosial yardım almaq üçün ya işləməliyəm, ya da torpaq pulunu ödəməliyəm. Xahiş edirəm, mənə kömək edin, çarəsiz qalmışam”.

Musavat.com məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan mövzu ilə bağlı Musavat.com-un sorğusuna cavab verilib. Cavab mətnində qeyd edilir ki, qanunun tələbinə görə dəyişiklik etmək mümkün deyil:

"Yardımlı rayon sakini Əliyeva Şəmsiyyə Fərman qızının ünvanlı sosial yardımla bağlı elektron sistemə daxil olan son müraciətinə əsasən, ailə üzvü Sultanov Möhübbət Əliyar oğlunun məşğulluğunu təmin edən sığorta ödənişlərinin olmaması səbəbindən sistem tərəfindən müraciətə imtina verilib. Qeyd edək ki, sözügedən şəxs yanvar və fevral ayları üzrə sığorta ödənişlərini edərək, fevral ayından etibarən müraciət edərsə, ailənin ünvanlı sosial yardım hüququna yenidən baxılacaq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR