İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada 29 ildə ilk dəfə daşıyıcı raketin buraxılışı uğursuzluqla başa çatıb

Yaponiyada 29 ildə ilk dəfə daşıyıcı raketin buraxılışı uğursuzluqla başa çatıb. Belə ki, yeni H3 daşıyıcısı yerdən qalxa bilməyib.

AZƏRTAC bu barədə Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyinə istinadla məlumat verir.

Agentliyin məlumatına görə, raketin əsas mühərriki təhlükəsiz işə düşüb, lakin raket gücləndiricilərini işə salmaq mümkün olmayıb.

“Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbəyə istinadla H3-ün növbəti buraxılışına cəhdin bir-iki həftə ərzində baş tutacağını bildirib.

Qeyd edək ki, H3-ün ilk buraxılışının 2020-ci ildə baş tutması planlaşdırılırdı, lakin raketin əsas mühərrikində vibrasiyanın aşkarlanması səbəbindən o təxirə salındı. Cari ilin yanvarında raketi hazırlayan JAXA və “Mitsubishi Heavy Industries Corporation” mühərriki buraxılış meydançasında sınaqdan keçirib. Sınaq uğurlu hesab edilib, heç bir problem aşkar edilməyib. Gözlənilirdi ki, reaktiv daşıyıcı orbitə təbii fəlakətlərin monitorinqi üçün nəzərdə tutulmuş Yaponiyanın ALOS-3 peykini çıxaracaq.

H3 Yaponiyanın ən böyük maye yanacaq daşıyıcısıdır. Uzunluğu 63 metr, yəni əvvəlki model olan H2A-dan 10 metr artıq, diametri 5,2 metr, yükgötürmə qabiliyyəti 6,5 tona qədərdir. H3 2000-ci illərin əvvəllərindən istismarda olan H2A reaktiv daşıyıcısını əvəz etməli idi. Bu, dünyanın ən etibarlı raketlərindən biridir - 45 buraxılışdan 44-ü uğurlu olub.

JAXA H3-ün raket buraxılış xərclərini demək olar ki, yarıya endirəcəyini və Tokionu beynəlxalq kommersiya peyk buraxılışı bazarında daha rəqabətli edəcəyini proqnozlaşdırdı. Yeni buraxılış aparatının bəzi hissələrini yaratmaq üçün 3D printerlərdən istifadə edilib ki, bu da onun istehsalının maya dəyərini azaltmağa imkan verib. H2A-nın bir buraxılışı Yaponiyaya 10 milyard yen (74,5 milyon dollar) başa gəlir ki, bu da digər dünyadakı analoqlarla müqayisədə xeyli bahadır. Bundan əlavə, H3 daşıyıcısı H2A ilə müqayisədə orbitə çatdırılan yükün çəkisini 30 faiz artırmalı idi. Bu da raketin potensial müştərilər üçün cəlbediciliyini artıra bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR