İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP-ın namizədlər siyahısı açıqlanmaq ərəfəsində

Müsavat seçkilərdə iştirak qərarı verdi

1 sentyabr növbədənkənar parlament seçkiləri kampaniyasının 5-cü günüdür. Növbədənkənar parlament seçkisinin təqviminə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir.

18 yaşına çatmış ölkə vətəndaşı parlamentin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin seçilməsi yasaqdır.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür.

Rəsmi qeydiyyat üçün sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi iyulun 13-də başlayır, avqustun 2-si saat 18-də bitir. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində qəbul edilməlidir.

Səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilməlidir.

Seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat səhər 8-də dayandırılır.

Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd deputat seçilmiş sayılır.

Seçkinin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Bu günə olan məlumata görə, hələ heç bir siyasi partiyanın namizədlərinə imza vərəqələri təqdim olunmayıb. Ümumiyyətlə isə hələlik bir-iki partiya istisna olmaqla, heç bir siyasi partiya namizədlər siyahısını açıqlamayıb. 

Hakim Yeni Azərbaycan Partiyasının bu gün və ya sabah namizədlər siyahısını açıqlayacağı gözlənilir. 

Digər partiyaların əksəriyyəti məhz YAP-ın namizədlər siyahısından sonra konkret dairələr üzrə namizədlərini irəli sürəcəkləri məlumdur. Bir neçə istisna olmaqla, bu günə qədər heç bir partiya hansı dairədən hansı namizədlə seçkiyə qatılacağını açıqlamayıb. Bu da onunla əlaqəlidir ki, onlar hakim partiyanın namizəd irəli sürəcəyi dairələri, xüsusilə də kimləri hansı dairədən namizəd təqdim edəcəyinin dəqiləşməsini gözləyirlər. 

İyulun 4-də Müsavat Partiyasının Məclisinin iclası keçirilib. Məclisdə 1 sentyabr növbədənkənar parlament seçkiləri məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrin sonunda Müsavat Partiyasının Məclisi Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə iştirak etməklə bağlı qərar verib. Müsavatın neçə namizədlə və hansı dairələrdən seçkiyə qatılacağı barədə isə məlumat verilməyib. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR