İnsanlara hürriyət, millətlərə istiqlal!

Yalan danışanlar OXUSUN

Yalan danışmaq vərdişi insanın gündəlik həyatında, çox zaman ehtiyac olmadığı halda, davamlı və avtomatik şəkildə yalan söyləməsidir. Bu, mütləq psixoloji xəstəlik demək deyil, amma bir pis vərdiş və ya zərərli davranış modeli sayıla bilər.

Normal həyatda insanlar sosial səbəblərlə ("ağ yalanlar", özünü müdafiə, başqasını qorumaq və s.) ara-sıra yalan danışa bilər.

Bəs yalan danışmaq xəstəlikdirmi? Nə zaman xəstəlik sayılır?

Musavat.com mövzu ilə bağlı psixoloq Nərgiz Əliyevanın fikirlərini öyrənib.

NARGIZ.jpeg (52 KB)

O, saytımıza açıqlamasında bildirib ki, yalan danışmaq bəzən patoloji xəstəlik sayılsa da, bəzən sadəcə vərdişdir:

"Yalan danışmaq hər zaman psixoloji xəstəlik demək deyil. İnsanlar bəzən özlərini qorumaq, konfliktlərdən yayınmaq və ya başqalarının hörmətini qazanmaq üçün yalan danışa bilir. Bu, müəyyən situasiyalarda normal psixoloji müdafiə mexanizmi kimi qəbul edilə bilər. Amma yalan danışmaq bir vərdiş halını alırsa, hətta ehtiyac olmadığı halda davamlı şəkildə baş verirsə, bu, artıq psixoloji pozuntu əlaməti sayıla bilər. Belə hallarda bu davranış patoloji yalançılıq (Pseudologia) adlanır. Bu insanlar reallıqla fantaziyanı qarışdırırlar, yalanları bəzən özləri də gerçək kimi qəbul edirlər.

Çox vaxt bu, şəxsiyyət pozuntuları (məsələn, narsisistik və ya antisossial şəxsiyyət pozuntusu) ilə əlaqəli olur. Belə vəziyyətlərdə bu insanlar təkcə başqalarını deyil, bəzən özlərini də aldatmağa başlayırlar. Bu zaman artıq psixoloji qiymətləndirmə və terapiya zəruri olur.

Belə hallarda terapiya necə aparılır?

Əgər yalan danışmaq artıq şəxsin gündəlik həyatına, münasibətlərinə və özünə münasibətinə zərər verirsə, bu zaman psixoloji müdaxilə vacib olur.

İlkin diaqnostik mərhələdə psixoloqla ilkin görüşlərdə bu davranışın səbəbləri araşdırılır. Yalan danışma qorxudanmı gəlir? Özünü dəyərsiz hiss etməkdənmi? Uşaqlıqda aldığı cəzalardanmı? Diqqət istəyindənmi qaynaqlanır?

Daha sonra terapiya metodu seçirik. Ən çox istifadə olunan metodlardan biri koqnitiv davranış terapiyasıdır. Düşüncə və davranış modelləri üzərində işləyirik.

Bu vərdişdən necə qurtulmaq olar?

Özünü tanımaq: Nə vaxt, hansı hallarda və niyə yalan danışdığını müşahidə etmək.

Kiçik doğrularla başlamaq: Bütün situasiyalarda tam dürüst olmağa bir anda çalışmaq yerinə, tədricən düz danışmaq.

Qorxularla işləmək: Yalanın arxasında hansı qorxuların (rədd edilmək, qınanmaq) dayandığını anlamaq.

Dəstək almaq: Bəzən bu vərdişi təkbaşına qırmaq çətin olur. Psixoloq köməyi effektiv ola bilər.

Səbirlə özünə yanaşmaq: Yalan danışmaq illərlə formalaşıbsa, bir anda yox olmaz. Özünə qarşı sərt deyil, anlayışlı olmaq lazımdır.

Alternativ cavablar tapmaq: Tam yalan danışmaq yerinə mövzunu dəyişmək və ya "Bu haqda danışmaq istəmirəm" deməyi öyrənmək.

Yalan insan psixikasında qoruyucu bir mexanizm kimi işə düşə bilər, amma bu davranış davamlı vərdişə çevriləndə mütəxəssisə müraciət vacibdir".

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR