Onlayn ictimai-siyasi qəzet
Dünən dostlardan biri A-Be-Şe-dəki seçkiləri nəzərdə tutaraq deyir ki, sabah səsvermədir, mən hələ də müəyyən edə bilməmişəm ki, bizə hansı namizədin seçilməsi sərf edir, Trampınmı, Harrisinmi.
Belə olduğu olmamışdı. Həmişə öncədən bilirdik ki, məsələn, Kerri açıq ermənipərəstdir, o seçilsə, bizə ziyan olar və ya istəyirdik ki, Obama seçilsin, nə də olmasa papasının adı Hüseyndir və s.
Bu dəfə az qala məsələyə Xanpərinin prizmasından baxırıq. Bilənlər bilir, söhbət “Müsyo Jordan”dakı Xanpəridən gedir. Dərviş Məstəli Şərəbanu xanımdan soruşur ki, indi Parisi dağıdım, yoxsa Jordan ağanın boynunu xoruz boynu kimi kəsim, evin xanımı qərar verməmiş, qulluqçu Xanpəri deyir, hər ikisini elə, baba dərviş.
İndi onun sözü olmasın, bizdən olsa, ikisi də seçilməz.
Çünki Kamala Harrisin adı ermənipərəst kimi çıxıb. Hələ vitse-prezidentliyə namizəd olanda ermənilərdən yana olduğunu görk edən xeyli söhbət eləmişdi, vəzifəyə gələndən sonra da komandasına 3-4 erməniəsilli kadr yığdı.
Amma Tramp da azacıq aşın duzu deyil, Ukraynanı xərcləmək, İranı becərmək istəyir. Türkiyə ilə necə davranacağı bəlli deyil, Qafqazın kiçik ölkələrinə münasibətdə Rusiyaya “götür, onlar sənin olsun” deyəcəkmi, deməyəcəkmi, bilinmir.
Rusların onun qələbəsini çox istəməsindən adam quşqulanır ki, adam xeyirliyə gəlmir.
Yəni hansı prizmaadan baxırıqsa, hər iki namizədin mənfisi, müsbəti var. Biri dünya üçün bəlkə də yaxşı olacaq, amma regionu qarışdıracaq. O biri regionumuza dəyməyəcək, amma dünyanı, srağagün Bakıda heykəli qoyulmuş qadın kimi fırladacaq.
Dünya demişkən, əslində, düzgün deyil, A-Be-Şe dünyaya prezident seçir, amma başqa ölkələr səsvermədə iştirak eləmir. Daha ədalətlisi o olardı ki, USA-da kimin prezident seçilməsinə yerdə qalan 200 ölkə də qərar verəydi. Hər ölkədə bir seçki dairəsi təşkil eləsinlər, könlü istəyən də gedib səs versin.
Çünki ABŞ prezidenti olan şəxs Vanuatudan tutmuş Çinə qədər bütün ölkələrin həyatına təsir edən qərarlar verir: gah dolların məzənnəsinə barmaq edir, gah xoşuna gəlməyən ölkələrə sanksiya qoyur, gah adlarını “pis ölkələr” hesabatına salır, gah hansısa ölkədə hökuməti dəyişmək istəyir və sair və ilaxır.
Trampın seçilməsinin bir işi yaxşıdır ki, yaşı 80-ə dirənib, iddia olunduğu kimi diktatura yaratmaq istəsə də, vaxtı çatmayacaq. Hərçənd gücü çata bilər. Baxmayın ki, o A-Be-Şe-dir, orada müxtəlif məhdudlaşdırıcı institutlar, mexanizmlər var, hakimiyyət qolları bölünüb-zad. Bu, insan oğludur, zülmə tabedir, bir qətiyyətli hökmdar sadiq, sözəbaxan əshabələri ilə birlikdə o mexanizmləri iki günün içində darmadağın edə bilər.
O vaxt, 1799-cu ilin bu vaxtları Fransada da parlament, məhkəmə, icra hakimiyyəti kimi idarəetmə qolları vardı, amma Napoleon “özüm rəhbəriniz olacam” deyəndə və deputatlar ona müqavimət göstərəndə parlamentə hücum etdi, millt vəkilləri pəncərədən qaçıb canlarını qurtardılar.
İndi kimsə deyəcək ki, dünya Napoleonun vaxtındakı dünya deyil, dəyişib. Yox, əziz oxucular, dünya köhnə dünyadır, terminləri dəyişib. Yenə kral kraldır, rəiyyət də rəiyyət. Düzdür, indi bəzi kralların (məsələn, İspaniya kralı 4-cü Filipin) üstünə palçıq atır, üzünə qarşı “üçdü, dörddü, kral pis adamdır” qışqırırlar, amma bu aksiyaların onun krallığına ziyanı yoxdur, əsas odur ki, adamı 16-cı Lüdovik kimi tutub, aparıb, başını gilyotin baltasının altına qoymurlar.
Yəni Trampı bilmək olmaz. Tramp köhnə hökmdarlardandır, qətiyyətli adamdır. Sammitlərdə qoluna qolay gələn liderləri tutub, türkün sözü, tartaqlamırmı, əllərini sıxıb, çiyinlərindən itələyib, “mən səndən güclüyəm” jesti etmirmi? Belə hərəkətləri orta məktəbin 9-cu, 10-cu sinifində oxuyan cantaraq uşaqlar edir, adətən.
Uzun sözün kəsəsi, kaş nə Harris seçiləydi, nə də Tramp. Floridanın qubernatoru DeSantis yaxşı kadra oxşayırdı.
Amma indikilərin hansı seçilsə, bir ilk olacaq. ledi Harris ABŞ-da ilk qadın prezident ola bilərsə, ser Tramp da 4 il aradan sonra yenidən prezident seçilən ikinci eks-prezident ola bilər. (Birinci 132 il əvvəl Qrover Klivlend olub).
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ