Onlayn ictimai-siyasi qəzet
Noyabrın 8-də ertədən zəng edirəm, “Prezident Şəhidlər Xiyabanına gedir, nəsə mühüm xəbər olacaq” deyirəm. Səsi toxtayıb, amma yenə “gözləyək...” deyir. Prezidentin çıxışından iki saat sonra Hikmətin telefonuna ancaq düşə bilirəm. Mənə ilk dediyini də heç unuda bilmərəm: “Yaman çox itki vermişik Şuşada...”
Şuşa bir başqa həsrət idi Hikmət üçün. Bunu mən demirəm, onun tanıyan, Şuşa haqda yazılarını oxuyan hər kəs təsdiq edə bilər. Şuşa Hikmətlə yaşayan dərd kimiydi. İnanmıram ki, bu illərdə kimsə Şuşasızlığı bu qədər dərin kədərlə yaşasın. Bəlkə üzdə idi, tanınırdı, bəlkə bu barədə tez-tez yazırdı ona görə mənə elə gəlir... Amma yazdıqları da o çəkdiyi ağrının inanın ki, yarısı belə deyildi. Hikmət Şuşanı bu illər çiynində daşıyan adam idi. Bəlkə də bir tabut, bir ağır daş kimi... Yorulurdu, ümidsizləşirdi, amma yenə Şuşa, yenə Şuşa dərdini anlatmaqdan, yaşamaqdan vaz keçmirdi.
Çox həmkarları da etiraf edirlər ki, heç vaxt görmədikləri Şuşanı məhz Hikmətin yazılarından tanıyıblar, adamlarını, havasını, dumanını, yağışını, qarını ondan oxuyub öyrəniblər. Ona görə mübağiləsiz deyirəm ki, Şuşa təkcə mənim doğulduğum şəhər deyil, həm də qardaşımdır...
İllərlə yazdıq, qarabağlı olan da, olmayan da, hamımız... Hərdən çox kövrək, niskilli, hərdən qəzəbli və ümidsiz. Pisi oydu ki, işğaldakı hər yerə “çarə tapılırdı”, hətta erməniyə guya koridor olacaq Laçına da, amma söhbət Şuşanın üzərinə gələndə, hamının üzündəki kədər artardı: “Şuşa məsələsi çətindir...” Bu illər ərzində çox eşitdik, kimdənsə niyə belə düşündüyünü soruşmağa gərək də qalmırdı. Kim bilmirdi ki, “Şuşa məsələsi”nin niyə çətin olduğunu...
Ermənilərin yaydığı videolara baxırdıq-bu filankəsin evi, bu filan küçə, bu filan...filan . Ermənilərin Şuşada yeyib-içdiklərini, orada genəlib dincəlməklərini, bizə acıq vermələrini heç zaman unutmaq olmaz, bu da düşmənin bizə vurduğu bir başqa travmadır. Sənin vətənində yadellilərin qol götürüb oynamasından daha böyük dərd olardımı? Ata-babanın işğaldakı qəbirlərində sümükləri də yanırsa, sən ümumiyyətlə necə “yaşayıram” deyə bilmisən? Pirşağıdakı “Şuşalılar qəbiristanlığı”, ümumiyyətlə bütün qaçqın məzarlıqları həm də bu suala cavabdır...
Yalanı yoxdur, bu illər ərzində ümidsiz vaxtlarımız lap çox oldu. Dünyanın gərdişini də görürdük, erməniyə dəstəyini də. Gəlib-gedən Minsk Qrupuna, mənasız danışıqlara daha inam qalmamışdı. Şuşa sən demə, o həmsədrlərin müzakirə masasında heç yoxmuş e! “Şuşada Azərbaycan bayrağı o zaman dalğalanacaq ki, burada bəlkə konsulluq binası açasınız”-ermənilər danışıqlarda deyirmişlər bunu da. Düşmən Şuşanı əbədi caynaqlarına keçirdiklərinə özlərini elə inandırmışdılar ki...
“Şuşanı erməni müharibəsiz qaytarmaz”-bu fikir də son illər dillərdə gəzirdi. 2016-cı ilin aprel döyüşlərində “niyə hərbi əməliyyatlar yarımçıq dayandı, niyə irəli getmədik” soruşub, üzüldük. Yenə ümidsizlik...
27 sentyabrda başlayan Vətən müharibəsinin hər saatını “Şuşa da işğaldan mütləq qurtulacaq” ümidi ilə yaşadıq. Hər işğaldan azad kənd bizi Şuşaya yaxınlaşdırırdı. “Amma”lar, “bəlkə...”lər də vardı. Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deməklə “amma” və “bəlkə”lərin üzərinə xətt çəkdi.
İlham Əliyev Şuşada
Prezident İham Əliyevin 39 il əvvəl qonaq olduğu Şuşaya qalib komandan kimi qayıtmasını bəlkə də Allahın yazdığı tale yazısı kimi də izah etmək olardı. Amma Şuşanın düşməndən geri alınması razılaşaq ki, tale yazısından daha ötə, daha fərqli, bir az da möcüzəvi idi. Tarixdə Şuşanı işğaldan azad edən komandan kimi qalmaq İlham Əliyevin özü-özünə yazdığı taledir, özü-özünə açdığı Qələbə yoludur, bunun üçün sadəcə, Prezident, ordu komandanı olmaq kifayət etmirdi. Şuşanı düşməndən geri almaq fövqəladə hazırlanmış əməliyyat, fövqəladə zəka və iradə ilə mümkün oldu.
İham Əliyev qətiləşdirmişdi ki, düşmənlə bir masada oturmağın daha mənası yoxdur. Prezidentin müharibədən az əvvəlki çıxışlarını tapıb oxuyun. O, barışmaz və sərt mövqeyini az qala hər gün ortaya qoyurdu. Bu, sadəcə düşmənə qəzəb deyildi, ordunun ayaq səsləri, səbrin tükəndiyi xəbərdarlığı idi.
Azərbaycan Ordusu bu müharibədə təkcə torpaqlarını, şərəf şəhərimiz Şuşanı erməni caynağından qurtarmadı, yüz illik erməni xəyallarını ayağının altında bir əski parçası kimi silib kənara atdı, erməni mifini dağıtdı, erməni lobbisinin belini qırdı. Bizim 30 ilimizi yedilər, əvəzində isə 100 illik tarixi zərbə aldılar.
...4 il keçir Şuşanın azadlığa qovuşmasından, amma hələ də “Şuşa, sən azadsan!” sözləri qulaqlardan çəkilmir. Şuşa 44 günlük müharibənin son nöqtəsi idi. Amma sən demə, davamı da olacaqdı. Düşmənin son müqavimət yuvasının yıxıldığını da, separatçı-terrorçuları Bakıda qoluqandallı da, 20 sentyabrın tariximizə Azərbaycanın Dövlət suverenliyi Günü kimi yazıldığını da gördük.
Biz yaşayaq, başımızı dik tutaq deyə, canlarından keçən şəhidlərimizə borcluyuq, qazilərimizə minnətdarıq... Onlar bu noyabr günlərində tək Şuşanı Azərbaycana qaytarmdılar, xalqın 29 illik əzilmiş, təhqir edilmiş qürurunu xilas etdilər...
Nazim SABİROĞLU,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ