İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı görüşü ilə bağlı TƏCİLİ AÇIQLAMA: Araik bunu etsə...

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

ramin.jpg (225 KB)

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasları davam etdiriləcək.

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Xocalıda keçirilən görüş mühüm əhəmiyyət kəsb edir.

835827.jpg (28 KB)

Politoloqun sözlərinə görə, etnik ermənilərlə dialoqun həyata keçirilməsi üzərində Ermənistan tərəfi, separatçılar müxtəlif manipulyasiyalar etsələr də, sanki Azərbaycanın separatçılarla danışıqlar apardığını təqdim etsələr də, bu, kökündən yanlış bir yanaşmadır və özündə həqiqəti əks etdirmir:

"Çünki Azərbaycan etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi kimi bu təmasları nəzərdən keçirir. Hər hansı təxribat baş verəcəksə, bu təmaslar dayandırıla bilər.

Eyni zamanda Ramin Məmmədovun keçirdiyi görüşlər bundan sonra da davam etdirilməlidir. Növbəti görüşlərin Bərdə, Ağdam, Gəncə və ya Bakıda keçirilməsi onun göstəricisi olacaq ki, Azərbaycan dəfələrlə bəyan etdiyi tezislərə uyğun davranır. Qarabağ iqtisadi zonasında olan etnik ermənilər ümumi nizamlanma prosesində, danışıqlarda bu regionda qala bilərlər. Bu, heç də Ermənistanın pozucu niyyətlərini, etnik təmizləmə ilə bağlı fikirlərini üzə çıxarmır. Bu, tamamilə loyal, dinc, beynəlxalq danışıqlar strukturunda həyata keçirilən normativlərdir. Ermənistan nə qədər bu prosesə kölgə salmağa çalışsa da, Azərbaycan artıq danışıqları bir-birindən ayırıb. Prezident İlham Əliyev Münxendə Ermənistanla dövlətlərarası müstəqil danışıqların getdiyini, etnik ermənilərlə təmasların qurulduğunu bildirib. Ruben Vardanyanın saxta vəzifəsindən getməsindən sonra bu proses daha da sürətləndirildi. Bu da gözlənilirdi. Azərbaycanın siyasi iradəsi və prinsipiallığı da bu məsələdə öz sözünü dedi. Bundan sonra prosesin daha da genişləndiyinin şahidi olmalıyıq".  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR