İnsanlara hürriyət, millətlərə istiqlal!

Xilas yolları Bakıya aparır

Üç paytaxtın Rusiyanın ekspansionist planlarına qarşı ortaq, koordinasiyalı hərəkəti mümkündürmü?

“İsrail və ABŞ-ın İrana hücumundan sonra Cənubi Qafqaz tədricən Rusiyanın təsir dairəsindən çıxarılır”. “Yeni Müsavat” bildirir ki, bunu rusiyalı analitik Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib (Axar.az).

Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərində vaxtaşırı ciddi problemlər yaranır və Ermənistan danışıqlar prosesində Rusiyanın vasitəçiliyini rədd edir, KTMT-dən çıxmaq, AB-yə yaxınlaşmaq, eləcə də Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan danışır: “Sonuncu komponent Cənubi Qafqazın Rusiyanın təsirindən çıxarılmasının son mərhələsi kimi qiymətləndirilir və bu prosesdə Rusiyanın Ukrayna məsələsində iştirakına stavka edilir”.

İlham Əliyev və Paşinyanın Əbu-Dabidə görüşü ehtimalına gəlincə, Tarasovun fikrincə, liderlər böyük ehtimalla regionda nəqliyyat blokadasının aradan qaldırılması gündəliyinə diqqət yetirəcəklər. O, Ərdoğanın bir neçə gün əvvəl verdiyi bəyanatı və Ermənistanın ilkin olaraq Zəngəzur dəhlizinə qarşı olmasına dair eyhamını xatırladıb: “Hələ hansı yanaşmadan danışıldığını bilmirik, lakin bu, müəyyən konsensusun olduğunu söyləmək imkanı verir”.

Tarasov ehtimal olunan görüşün baş tutacağı halda bunu Rusiyanın vasitəçiliyindən imtina edərək, Bakı və İrəvanın razılaşmalar əldə etməsi mərhələsinin davamı olacağını da vurğulayıb: “Rusiyanın bütün bunlara necə reaksiya verəcəyi hələ də qeyri-müəyyən görünür”.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili isə hesab edir ki, Rusiya həm Ermənistana, həm də Azərbaycana daha asan çıxış əldə etmək üçün Gürcüstanı tam hərbi nəzarətinə almağı planlaşdıra bilər. “Rusiyanın strateji məqsədi aydındır: Azərbaycan və Ermənistan arasında yaxınlaşmanı dayandırmaq, Türkiyənin vaxtilə Rusiyanın nüfuz zonası olan bölgəyə müdaxiləsini əngəlləmək, Suriyadakı məğlubiyyətin qisasını almaq, bu prosesdə Gürcüstanı geridönülməz şəkildə tabe etmək”, - sabiq prezident vurğulayıb.

Onun sözlərinə görə, Moskva İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur. Saakaşvilinin fikrincə, buna ən yaxşı cavab Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması və Gürcüstanın etiraz hərəkatına İvanişvili rejimindən xilas olmaqda köməklik göstərilməsi olardı...

Üç paytaxtın Rusiyanın ekspansionist planlarına qarşı ortaq, koordinasiyalı hərəkəti mümkündürmü? Başqa yandan, əgər rəsmi Moskva da regionda daimi sülh, əmin-amanlıq, barışıq istəyirsə, o zaman nədən narahatdır? Niyə israrla Bakı və İrəvan arasında vasitəçiliyə can atır?

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova hesab edir ki, Cənubi Qafqaz ölkələri birgə müqavimət oxu yarada bilər. Onun fikrincə, tarix təkrarlanır və yenidən Rusiya imperiyasına qarşı duruş gətirmək lazım gəlir: “Rusiyanın regionda sülh yaratmaq niyyəti yoxdur. Əksinə, bölgəni davamlı olaraq gərginlikdə saxlamaq istəyir. Ona sərf edir ki, daimi narahatlıq, qeyri-sabitlik hökm sürsün və bununla təsir imkanlarını saxlasın. Düzdür, Rusiya stabilliyi nəqliyyat kommunikasiyalarına görə dəstəkləyə bilər, sadəcə, öz nəzarəti altında olmaq şərti ilə. Bu da alınmır deyə region ölkələrinə təzyiqlərlə bölgədə mövcudluğunu saxlamağı seçir. Fikrimcə, Cənubi Qafqazda Rusiyanın təsirlərinin azaldığı dövrə gəlmişik. Eyni zamanda anti-Rusiya ovqatı müşahidə olunur. Moskva bunu rusofobiya sayır, hərgah özünün işğalçı hərəkətləri və həm Azərbaycana, həm Ermənistana basqıları bu vəziyyətə səbəb olub”.

Ekspert tarixi fürsət yarandığını zənn edir: “Əlbəttə ki, burada Qərbin dəstəyi mühümdür. ABŞ və Avropa Birliyinin ciddi şəkildə iştirakı olmadan Rusiyanı Cənubi Qafqazdan çıxarmaq çətindir. Hazırda cəbhədəki uğursuzluğu strateji mövqelərinin əlindən çıxmasına səbəb olmaqdadır - Suriya, bizim region...

Ona görə keçmiş gürcü prezidenti koordinasiyalı addımlar atılmasının zəruriliyini vurğulayıb. Sadəcə, Tiflisdəki hakimiyyət Moskva ilə bağlantılara malikdir. İrəvanda olan iqtidar isə gah Rusiyanın üzərinə gedir, gah da ondan çəkinib yarınır. Yalnız Azərbaycan öz müttəfiqlərini ayırd edib. Bu mənada digər Qafqaz ölkələri bizimlə birlikdə hərəkət etməlidirlər ki, rus buxovundan xilas olsunlar".

Mühacirlərə "tərs şillə" - Ehtiram Mehdiyev - İnformasiya.az

Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyevin fikrincə, vahid cəbhə yaratmaq hələlik mümkün görünməsə də, geosiyasi proseslərin inkişafı Rusiyanın regionda təsirlərini getdikcə azaldır. Onun sözlərinə görə, Azərbaycan şimal qonşusuna qarşı addımlar atmır: “Sadəcə, cavab veririk. Təyyarəmizi vurdular, deputatımızı deport etdilər, iki azərbaycanlını işgəncə ilə öldürdülər, kiberhücumlar təşkil etdilər, dayanmadan bəzi rusiyalı jurnalistlər, deputatlar təhdidlər yağdırdılar, bütün bunlara susqun qala bilməzdik. Ona görə Moskva anlamalıdır ki, Azərbaycan onun Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması prosesində iştirak etmir, özünün davranışları buna səbəb olur. Kreml qəbul etməlidir ki, yeni doktrina lazımdır. Artıq hərbə-zorba, təhdid ritorikası ilə bölgədə qala bilməzsən. Rusiya bu ölkələrin müstəqil olduğunu həzm etməlidir. Ancaq hələ də özünün keçmiş imperiya əraziləri kimi görür. Bu yanaşma ona olan mənfi rəyi gücləndirir. Əgər Rusiya iqtisadi doktrina ilə bölgəyə gəlsə, daha müsbət qarşılanardı”.

Partiya rəsmisi Rusiyanın tamamilə regiondan getməsini də gözləmir: “Ancaq təsirləri azalmaqdadır. Ona görə təzyiqləri gücləndirməyə çalışır. Halbuki Bakı ilə İrəvan arasında gedən ikitərəfli sülh danışıqlarına müdaxilə etməsə, heç nə itirməyəcək. Rusiyaya bu bölgədə sülh lazımdırsa, onda qarışmasın, yekun sənədi imzalayaq. Moskva isə qəbullanmaq istəmir. Bunu özünün təcridi kimi qiymətləndirir və danışıqların hazırkı modelini Qərb variantı kimi dəyərləndirir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR