Onlayn ictimai-siyasi qəzet
Qışda dəm qazı, yayda suda boğulmalar. Yol qəzaları da ki, yay-qış bilməz. Vaxtaşırı edilən xəbərdarlıqlara rəğmən, təəssüf ki, hər il eyni acı mənzərə bu və ya başqa şəkildə təkrarlanır. Xəbər verildiyi kimi, iki gün öncə Siyəzəndə 3 nəfər dənizdə boğulub. Məlumata görə, onlardan ikisi yeniyetmədir. Üçüncü şəxsin isə tələbə olduğu bildirilir. Bəs gənclərin ölümünə nə səbəb olur?
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Ümumiyyətlə, suda boğulma, ölümlə nəticələnən hadisələrə nəzər salsaq, bu hadisələrin nəzarətsiz çimərliklərdə və çimərlik fəaliyyəti kimi nəzərdə tutulmamış suvarma kanallarında, süni göllərdə, çaylarda baş verdiyinin şahidi olarıq. Mövsümqabağı bu barədə vətəndaşlara müraciət edərək bildirmişdik ki, çimərlik seçimində diqqətli olmaq lazımdır. Yəni əgər hansısa bir çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyinə işarədir. Bu kimi yerlərdən çimərlik kimi istifadə etməkdən çəkinmək lazımdır. Məlum məsələdir ki, suvarma kanalları, süni göllər, çaylar çimərlik məqsədi üçün inşa edilməyib, bu baxımdan bu kimi ərazilər olduqca təhlükəlidir”.
Aqşin Əlili
Aqşin Əlili qeyd edib ki, hətta peşəkar üzgüçülər belə bəzən çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalır: “Bu baxımdan "Mən üzə bilirəm və dənizdə sağ qalacam" yanaşması yanlışdır. Doğrudur, üzmə bacarığı insana müəyyən dərəcədə kömək edə bilir, lakin çimərlikdə sağ qalmaq üçün üzə bilmək əsas şərt deyil. Biz hər zaman vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar. Küləkli havada, dalğalı dənizdə, xüsusən də küləyin sürəti 10 metrdən artıq olduqda çimərliyə getmək olmaz, bu, olduqca təhlükəlidir. Həmçinin üzmə nişanlarını dənizə doğru ötüb keçməsinlər. Bəzən gənclər üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçərək daha uzaq məsafəyə üzməyə çalışır, hətta bunu fəxrlə digərlərinə nümayiş etdirirlər ki, bu da sözsüz ki, boğulmaya səbəb olan amillərdən biridir".
Mütəxəssisin sözlərinə görə, çimərlik mövsümü başlayandan, yəni iyunun 15-dən bu günədək 78 suda boğulma təhlükəsi ilə üzləşən şəxs FHN əməkdaşları tərəfindən xilas edilib. O, həmçinin bildirib ki, qurumun nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb: “Bu, bir daha onu deməyə əsas verir ki, nəzarətdə olan çimərliklərdən istifadə edilməli və ərazidə tətbiq olunmuş təhlükəsizlik qaydalara əməl olunmalıdır. Unutmayaq ki, qaydalar biganəlik həyatımız üçün təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”.
Bəs boğulmuş şəxsə necə yardım göstərməli?
Mütəxəssislər tövsiyə edir ki, boğulmuş şəxs sudan çıxarıldıqdan sonra vəziyyətinə uyğun yardım göstərilməlidir: “Belə ki, zərərçəkmişin huşu özündədirsə və nəbzi normal vurursa, onu başıaşağı sərt döşək üzərində uzatmaq, quru dəsmalla ovxalamaq və geyindirmək lazımdır. Zərərçəkmişə isti içki, çay, kofe verib, isti yorğanla bürümək lazımdır. Huşu özündə deyilsə, amma nəbzi normal vurursa, normal nəfəs alırsa, bu zaman onu başıaşağı meylli uzatmaq, çənəsini açıb ağzında olan lil və qusuntuları təmizləmək, daha sonra qurulayıb, isitmək lazımdır. Suda batan şəxsin huşu özündə deyilsə, tənəffüsü və ürəyi dayanıbsa, ona süni nəfəs verib, ürək masajı etmək məqsədəuyğundur. Tənəffüs yollarından maye çıxarmaq üçün yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişi qarnı üstə budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir. Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Suda boğulan insanı kənara çıxardıqdan sonra ilk növbədə təşvişə düşməmək lazımdır. Oksigen səviyyəsi azaldığından ətrafdakı insan çoxluğunu seyrəltmək lazımdır. Boğulan şəxsin sinəsinə basaraq suyu çıxarmaq yanlış hərəkətdir”.
İlkin yardım qaydasından danışan mütəxəssis bildirib ki, təcili tibbi yardıma xəbər verəndən sonra ilk növbədə boğulan insanın huşunun özündə olub-olmamasına diqqət yetirilməlidir: “Əgər şəxsin huşu özündədirsə, nəbzi vurursa, üzü aşağı dizin üstünə yatırıb kürəyinə vuraraq tənəffüs yolundan və mədəsindən suyu çıxarmağa çalışmaq lazımdır. Xəstənin huşu özündə deyilsə, nəbzi, tənəffüsü yoxdursa, arxası üstə uzadıb başını bir az sağa yönəldərək süni nəfəs verilməli, ürək masajı edilməlidir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ