Onlayn ictimai-siyasi qəzet
Onkoloq: “Tez-tez partnyor dəyişən qadınlarda süd vəzi xərçəngi yaranması riski var”
Tibb alimləri xərçəngin kifayət qədər qloballaşdığı qənaətinə gəliblər. Bu barədə “Medicina” portalı xəbər verib. “Əvvəllər xərçəng üçün riskli yaş 50-dən yuxarı hesab olunurdu. Əgər 1990-cı illərdə 50 yaşdan aşağı xərçəng aşkarlanan insanlar 1,8 milyon idisə, 2020-ci ildə bu rəqəm 3 milyonu keçib. Eləcə də 40-45, 30 yaş üzəri xəstələr arasında ölüm də 25% artıb. 2019-cu ildə 50 yaşa qədər 1,06 milyon insan xərçəngdən ölüb”, - mənbə bildirir.
Alimlərə görə, sağlam qidalanma, tütün və alkoqol istehlakının məhdudlaşdırılması və müvafiq açıq hava fəaliyyəti də daxil olmaqla sağlam həyat tərzinin təbliği erkən zamanda xərçəngin yükünü azalda bilər.
Xərçəngin “cavanlaşdığı” fikri nə dərəcədə ciddidir və bu vəziyyətin səbəbi nədir? İnsanlar daha çox hansı risk faktorlarına diqqət etməlidir?
Nəsimi Qasımov
Tanınmış onkoloq Nəsimi Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a ilk olaraq qeyd etdi ki, xərçəng xəstəliyinin profilaktikası adlı bir anlayış var: “O anlayış ondan ibarətdir ki, xərçəng xəstəliyinin səbəblərinin aradan qaldırılmasına dair tədbirlər görülməlidir. Dövlət o tədbirləri görür. Şəhər ətrafında olan zavodları şəhərdən kənara köçürdülər. "Qara şəhər" "Ağ şəhər" oldu. Artıq şəhərdə zavod yoxdur. Risk faktorlarından biri də qidalanma ilə bağlıdır. Bu faktora görə xərçəngə tutulanlar adətən 40 faizə qədərdir. Yəni dövlət adamın evində qidasına da baxa bilmir axı.
Birinci qidalanmanın idarə olunmasıdır. Eyni zamanda sanitariya maarifi işi ölkədə zəifdir. Vaxtilə “Azneft” meydanında sanitariya maarifi evi var idi. Sanitariya maarifi xəstəliyin erkən aşkar olunması və xərçəngdən qorunma, bir çox xəstəliklərdən qorunma haqqında məlumat verirdi. Əvvəlki dövrlə müqayisə edilirsə, bir çox məqamları diqqətə çatdırmaq lazımdır. O zaman bu dərəcədə ətraf mühitin çirklənməsi var idimi?! İndi uşaqlar məktəbə getmək üçün uzun yol qət edir. O zaman qərar var idi, adam öz məktəbinin yanında yaşamalıdır. Səhər şəhərə baxın, tozun içində valideynlər uşaqları ilə məktəbə gedirlər.
Fabrikləri, zavodları çıxardıq, amma maşınların yanma məhsulları kifayət qədərdir. Son illər benzinin yerinə dizel işlədirik. Xarici ölkələr artıq dizeli ləğv ediblər. Bunlar hamısı təsir edir. Eyni zamanda insanlar arasında siqaret aludəçiliyi də çoxalıb. Ağciyər xərçəngi dünyada ikinci, süd vəzi xərçəngi birinci yerdədir. Ağciyər xərçəngi ətraf mühitin çirklənməsindən, adamın özünün mikro- mühitinin çirklənməsindən, yəni siqaret çəkməsindən əmələ gəlir. Düzgün qidalanmamaq da bura daxildir".
Həkim “son bir neçə ildə koronavirus pandemiyasının xərçəng xəstəliyinin artmasına nə dərəcədə təsiri oldu” sualına belə cavab verdi: “Biz bunu araşdırdıq. Hətta xərçəng xəstələrində xəstələnmələrdə artım olmadı. Amma xərçəngli xəstələr arasında ölüm çox oldu”.
Həkim əlavə etdi ki, qadınlarda süd xərçənginin əmələ gəlməsinin səbəblərindən biri ailədə uşaqların az olmasıdır: “Əvvəllər bir ailədə 4, ondan əvvəllər 8-10 uşaq dünyaya gəlirdi. İndi bu rəqəm 1-2-yə düşüb. Eyni zamanda əvvəllər qızlar 18-19 yaşında ailə qururdular. Gec ərə getmə də süd vəzi xərçənginin yaranmasına səbəb olur. 30 yaşdan sonra ərə gedənlərin sayı kifayət qədərdir. Bu yaşda uşaq dünyaya gətirmək də bu xəstəliyi yaradır.
İndi TV-lərə baxırsan, hansısa müğənni deyir ki, beşinci dəfə ərə gedirəm. Buna ərə getmək yox, partnyoru tez-tez dəyişmək demək olar. Bu da süd vəzi xərçənginin yaranmasına səbəb olan amillərdəndir. Çünki qızların da gender proqramı var. Qızlar indi kişilər kimi bakalavr, magistr, doktorluq, iş tapmaq, ev almaq, maşın almaq kimi planlar qurur, birdən yadlarına düşür ki, ərə gedib uşaq dünyaya gətirmək lazımdır.
Bir sözlə, burada əsas faktor qidalanma, ətraf mühitin çirklənməsi, siqaret çəkmə, qadınlar üçün süd xərçənginin yaranması 30 yaşdan sonra ana olmaqdır ki, bunları xüsusi qeyd etmək lazımdır. Bundan başqa, xəstəliyin biz bilmədiyimiz, aşkar olunmayan xüsusiyyətləri var. İndiyə kimi də koronavirus olurdu, sonra yox olub gedirdi. Artıq neçənci koronavirusdur. Bu koronavirus isə getmir. Nəyə görə? Bu laboratoriya virusudurmu? Süni yaradılıbmı? Çünki burada böyük dövlətin alimləri və böyük dövlətlərin işi var. Onlar istəyirlər virus yaratsınlar, ondan əvvəl vaksin yaratsınlar.
Xərçəngin də bilmədiyimiz səbəbləri var ki, bu qədər yayılır. Uşaqlarda da anadangəlmə xərçəng var. Ola bilsin ki, genlərdə dəyişikliklər var. Ancaq gənclərdə elə kritik vəziyyət yoxdur. Misal üçün, mən süd vəzi xərçəngi ilə məşğul oluram. 18 yaşdan 40 yaşa qədər qadınların arasında süd vəzi xərçəngi az aşkarlanıb. 40 yaşdan sonra artır, 50-60 yaş arasında olanlar arasında pik həddə çatır, sonra enir".
Bununla belə, həkim qeyd edir ki, xərçəngin gəncləşməsi o qədər sürətli deyil: “Uşaqlarda da çox deyil. Amma təbii radiasiyada artır, bu da təsir edir. Bizdə də vəziyyət dünyadakı kimidir, 40 yaşdan başlayır, get-gedə artır. Özüm də araşdırmışam, Azərbaycanda uzunömürlü insanların sayı çoxalıb. Xərçəngə xəstələnmə də çoxdur, ölüm də çoxdur. Amma ürək xəstəlikləri ilə müqayisə etsək, yarıdan da azdır. Digər tərəfdən, biz bir reyd keçiririk. 30 ildə həm bir cəmiyyətdən o biri cəmiyyətə keçdik.
İkinci tərəfdən, bizim cəmiyyət Qarabağda baş verən hadisələrlə bağlı illərdir ki, stresin içindədir. Axı bunlar da immuniteti aşağı salır. Milyondan yuxarı məcburi köçkünümüz oldu, onların şəraiti olmadı. Ailələr, ata, ana, övladları bir çadırda yaşadılar. Buna yaşamaq demək olardımı? Demək olmazdı. Bütün bunlar hamısı insanlara təsir edən faktorlardır. Xərçəngin əmələ gəlməsinə təsir edən faktorlar çoxdur. Bununla mübarizə üsulları var. Ancaq arada bir boşluq yaranmışdı. Bir cəmiyyətdən o biri cəmiyyətə keçirdik. Getdikcə vəziyyətimiz yaxşılaşır. Gözə çarpan artım yoxdur".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ