Onlayn ictimai-siyasi qəzet
“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklik qiymətlərin optimallaşdırılmasına imkan verəcək. Bunu “Trend”ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O bildirib ki, ölkəmizə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lizenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. “Son dəyişikliyə əsasən, hər hansı bir kimyəvi maddənin istehsalı ilə məşğul olan şirkətin hər hansı bir preparatı qeydiyyatdan keçibsə, həmin tərkibli digər növ və ölçü vahidi olan preparatların da qeydiyyatdan keçmədən ölkəyə gətirilməsi kimi bir asanlaşdırılma həyata keçirildi. Dünya təcrübəsində də bilinir ki, bu sadalanan məqsədlərə çatmanın ən asan yollarından biri də rəqabət mühiti və bolluğun yaradılması ilə mümkündür. Rəqabətin yaradılması keyfiyyətin artırılması ilə nəticələnməkdədir. Qeydiyyatın asanlaşdırılması yolu ilə əldə olunan bolluq isə qiymətin optimallaşdırılmasına imkan verəcək”, - deyə deputat əlavə edib.
Deputatın sözlərindən belə anlaşılır ki, dərman monopoliyasına son qoyulacaq. Bəs ekspertlər nə düşünür?
Farmakoloq, dosent Aydın Əliyev
Farmakoloq, dosent Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dövlətçiliyimizdə əsas rol oynayan yerlərdən biri onun sağlamlığıdır: “Milli Məclisdə dərman vasitələri haqqında qəbul olunmuş qanunlara da müsbət yanaşıram. İstənilən sahə üzrə əsas olan qanunların işləməsidir. Dünyada baş verən proseslər, o cümlədən bizim cəmiyyətimizdə də qanunlarımızın daha yaxşı işləməsinə səbəb olacaq”.
Farmakoloq dərman gətirən sahibkarlara müraciət edib: “Ölkəmizə normal, dozası, tərkibi yazılan dərmanları gətirsinlər. Dərman zavodlarını işə salmaq lazımdır. Çox cüzi dərman istehsalımız var, o istehsaldan çox cüzi şəkildə gəlir götürürük. Amma milyonlarla vəsait dərmanlara görə xarici ölkələrə axır. Xarici ölkələrin həyat səviyyəsini yüksəldirik. Bunları aradan qaldırmaq lazımdır. Qanun qəbul olundu, işləməlidir”.
Həkim-pulmonoloq Əsəd Beydullayev
Həkim-pulmonoloq Əsəd Beydullayev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O, ilk olaraq dərmanlarla bağlı üzləşdiyi problemlərdən söz açdı: “Türkiyədə işlədiyim vaxt oradakı dərmanların keyfiyyətinə bələd oldum, bizdə satılan dərmanlarla müqayisədə çox keyfiyyətli olmasının şahidi oldum. Misal üçün, ağır pnevmoniyaların müalicəsində sadə dərmanlar effekt verdiyi halda Azərbaycanda o dərmanların təsiri yoxdur. Təbii ki, əlimdə elə laboratoriya yoxdur ki, araşdırma aparım və deyim ki, bu yaxşıdır, yoxsa pisdir. Sadəcə, müşahidə etdiklərimin nəticəsində bu qənaətə gəlmişəm. Verdiyim dərmanların effekti olmur, məcbur olub həmin dərmanları sistemlə əvəz edirik. Birinci olaraq dərmanların keyfiyyətinin aşağı olması narahatlıq doğurur. İkinci narahat doğuran məsələ isə dərmanların qiymətinin baha olmasıdır. Təbii ki, xəstə yazılmış dərmanlardan birini alır. Buna görə də müalicə effektsiz olur. Nə həkimi, nə də xəstəni qınamaq olur. Türkiyə ilə buranı müqayisə etdikdə dəfələrlə baha olduğunun şahidi oluruq. Mən elə özüm uzun illərdir təzyiq xəstəsiyəm, "Amletech"i Türkiyədən alıram, burada o dərmandan yoxdur. O tərkibdə buradan aldığım dərmanın həm faydası olmur, həm də qiyməti çox bahadır. Həmin dərmanı Türkiyədən gələn yoldaşlara tapşırıram, həmin gün də effektini görürəm. Baxmayaraq ki, dozalar eynidir. Qiymət də, oradan aldığım 3 qutuya burada bir qutu dərman almaq olur. Yəni məni həkim kimi iki məsələ narahat edir, dərmanların keyfiyyətinin aşağı olması və qiymətin baha olması. Ola bilər ki, hansısa lisenziyada yaxşı olduğu yazıla bilər, amma biz bunun effektsiz olduğunu görürük. Azərbaycanda müəyyən sahələrdə xeyli inkişaf var. Qanunda belə bir dəyişikliyin edilməsi də, fikrimcə, bunun davamıdır. Belə bir qərar verilibsə, çox sevindirici haldır. Millət vəkili də həkimlərin sözünü deyən adamdır. Fikrimcə, onun açıqlaması bizim xeyrimizə olacaq, dərmanların keyfiyyətli, qiymətlərin ucuz olmasına gətirib çıxaracaq. Bu isə hamımıza faydalıdır".
Həkim-ekspert, professor Adil Qeybulla
Həkim-ekspert, professor Adil Qeybulla isə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dərman bazarında vəziyyəti normallaşdırmağın bir neçə yolu var: “Birincisi, ictimaiyyətə açıq, dövlət farmakopeyasının yaradılması, dərman maddələrinin dövlət reyestrinin tərtib edilməsi, bundan başqa dərman maddələrinin ölkəyə tələbat üzrə idxalının təmin edilməsi nəzərə alınmalıdır. Eyni adda dərman preparatlarının müəyyən limitlə gətirilməsi, yəni eyni adda dərman preparatı 3-5-ə qədər ola bilər. Çox ola bilməz. Bundan əlavə, dərman maddələrinin keyfiyyət parametrlərinə onları gətirən firmaların cavabdehliyi məsələsi önəm daşıyır. Dərman maddələrinin dövriyyəsi prosesinin və utilizasiyası prosesinin həyata keçirilmə mexanizmləri "Dərmanlar haqqında Azərbaycan Respublikası Qanunu"nda göstərilib. Ona görə də bu məsələlərə çox da müdaxilə etmək istəmirəm. Yəni bunlar hamısı qanunda yazılıb, əsas sadaladığım məsələləri, qaydaları həyata keçirmək və onları təmin etmək lazımdır".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ