Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri, Nərimanov rayonu Ələşrəf Əlizadə küçəsi, ev 59, mənzil 75-də qeydiyyatda olan Novruz İbrahim oğlu Səfərov “Yeni Müsavat”ın redaksiyasına şikayət məktubu göndərib.
Müharibə və daxili işlər orqanlarının veteranı olan şikayətçi dələduzluqla üzləşib. O, artıq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayevə də müraciət edib.
Vətəndaş başına gələnləri belə nəql edir:
Mən müharibə iştirakçısıyam, daxili işlər orqanlarının veteranıyam. Səhhətimlə əlaqədar olaraq, avtomobil almaq üçün qızım – Səfərli Kəmalə 31 avqust 2024-cü il tarixində öncədən "RE-CHARGE", hazırda isə "ASADZADE SANAN" adlanan şirkətlə müqavilə bağlayıb. Müqaviləyə sözügedən MMC-nin səlahiyyətli nümayəndəsi Əsədzadə Sənan Yavər oğlu və qızım tərəfindən imza atılıb. Müqavilədə xaricdən sifariş olunan avtomobilin dəyəri 15750 ABŞ dolları (təxminən 26 775 AZN) göstərilib və həmin vəsait 03.09.2024-cü il tarixində bank vasitəsi ilə tam şəkildə qarşı tərəfə ödənilib.
Qeyd edim ki, müqaviləyə əsasən, xidmətlərin göstərilməsi 60 təqvim günü müddətində həyata keçirilir, əgər avtomobilin təhvil verilməsi qeyd olunan tarixi keçərsə, ödənilən məbləğ geri qaytarılır.
Lakin 3 aydan çox vaxt keçməsinə baxmayaraq, sifariş olunan avtomobil bizə təhvil verilməyib. Üstəlik, şirkətin əməkdaşları avtomobilin təhvil verilməməsinə dair ziddiyyətli və əsassız məlumatlar təqdim edir, müxtəlif “səbəblərə” istinad edirlər:
- avtomobilin guya yolda olduğu bildirilir;
- sərhəddə problemlər olduğu deyilir;
- texniki nasazlıqlara görə avtomobilin zavoda qaytarıldığı iddia edilir;
- iddia olunur k, sifariş edilən avtomobil satışda mövcud deyil, bu səbəbdən başqa avtomobil sifariş edə bilərik və s.
Təbii ki, bu şirkət öhdəliklərini yerinə yetirmədiyinə görə biz, sifarişçi tərəf olaraq, ödədiyimiz məbləğin geri qaytarılmasını tələb etdik. Nəticədə, 16 noyabr 2024-cü il tarixində şirkətlə aramızda razılıq əldə olundu ki, ödədiyimiz məbləğ - 15750 ABŞ dolları (təxminən 26 775 AZN) 14 gün ərzində geri qaytarılacaq.
Buna baxmayaraq, şirkət hələ də ödədiyimiz vəsaiti geri qaytarmağı rədd edir. Əksinə, avtomibilin guya yolda olduğunu və gözləməli olduğumuzu bildirirlər. Lakin bununla bağlı heç bir sübut təqdim etmirlər ki, biz onların sözlərinə inanaraq, bir müddət də gözləyək.
Bundan əlavə, digər müştərilərin də bu şirkətlə bağlı eyni problemlərlə üzləşdiyi və ödənilən pulların geri qaytarılmadığı barədə məlumatlar mövcuddur. Bu da bizdə şübhələr doğurur. Belə ki, sözügedən şirkətin dələduzluqla məşğul olduğu haqda qənaət formalaşdırır. Hansı ki, şirkətin bu cür fəaliyyəti istehlakçıların hüquqlarını kobud şəkildə pozur, onları aldadır və həm maddi, həm də mənəvi zərərə səbəb olur.
Bundan başqa, onu da qeyd etmək istərdim ki, Əsədzadə Sənan Yavər oğlu şəxsində təmsil olunan, öncədən "RE-CHARGE", hazırda "ASADZADE SANAN" adını daşıyan bu şirkət bir neçə şəxsə eyni bəhanələrlə külli miqdarda ziyan vuraraq, aldadıb.
Vətəndaş hüquq-mühafizə orqanlarından xahiş edir ki, onu aldadan şirkətin rəhbəri Əsadzadə Sənan Yavər oğlu barəsində qanuna müvafiq tədbirlər görülsün.
Redaksiyadan: yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyinə yer ayırmağa hazırıq.
T.ƏHMƏDLİ
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ