İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə yaşayan türklər ikinci turda rekorda imza atırlar

Yücel Karauz: “Elektron səsvermə vətəndaşın iradəsini tam ifadə etmir”

Xaricdə yaşayan 683 mindən çox Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunun ilk günündə səs verib. Bu barədə bazar günü ölkənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.

Məlumata görə, sərhəd-keçid məntəqələrində səs verən 34 min nəfərlə birlikdə 2014-cü ildən başlayaraq xaricdəki seçki məntəqələri üzrə səsvermədə iştirak rekordu qeydə alınıb. Ümumilikdə, şənbə günü səhərindən etibarən 73 ölkədə 156 seçki məntəqəsi açılıb. Respublikadan kənarda 3400-dən çox seçki qutusu quraşdırılıb. Seçkilərdə 3,6 milyon vətəndaş iştirak edə biləcək. Xaricdə səsvermə prosesi mayın 24-dək davam edəcək.

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz “Yeni Müsavat”a bildirdi ki, seçkinin ölkə xaricində bir həftə öncə başlamasının əsas səbəbi 28 maya qədər səslərin hesablanması ilə bağlıdır. O qeyd etdi ki, səsvermə fiziki keçirilir:

Yucel-Karauz.jpg (87 KB)

“Başqa ölkələrdə elektron səsvermə keçirilir. Türkiyədə səsvermə ilə bağlı qanunvericiliyə görə möhürlü bülletenlərdən istifadə olunmalıdır. Bülletenlər diplomatik kuryerlər vasitəsilə Türkiyəyə çatdırılır. Türkiyə daxilində səsvermə bitdikdə bütün səslər birlikdə sayılır. Hazırkı sistem səsvermənin fiziki keçirilməməsinə hazır deyil. Doğrudur, bu bir sıra çətinliklər yaradır: seçki qutularının səfirliklərə, konsulluqlara yerləşdirilməsi və s. Eyni zamanda, hesab olunur ki, elektron səsvermə vətəndaşın iradəsini tam ifadə etmir. Həmçinin, elektron səsvermə etibarlı sayılmır. Bu halda saxtakarlıq ola bilər. Elektron səsvermənin şəffaf aparılması üçün ABŞ-da olduğu kimi, inkişaf etmiş texnologiyadan istifadə etmək lazımdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə mayın 28-də səs verəcək vətəndaşlara bir neçə sual ünvanlayıb. Ölkə başçısı tviter paylaşımında bəzi məsələlərə aydınlıq gətirib:

“Seçkidən öncə zəlzələdən zərər çəkənlərə pulsuz ev vəd edib, sonra onları qonaq olduqları yerlərdən çıxarmağa çalışanlara etibar etmək olarmı? Bürokratik və siyasi həyatında ölkəyə heç bir xeyri olmayan bir şəxs millətə fayda verə bilərmi? 17-25 dekabrda çevriliş cəhdində FETO-çularla əməkdaşlıq etdiyini etiraf edən birinə inanmaq olarmı? Rəqiblərini gözdən salmaq üçün şantaj, təhdid, təzyiq və kaset kimi hər yolu məqbul hesab edənlərin siyasi əxlaqına güvənmək olarmı? Dünən “ağ” dediyinə bu gün “qara” deyən, dünən söylədiyini bu gün inkar edənlərə inanmaq olmaz və bu cür şəxsə övladlarımızın gələcəyini əmanət etmək olmaz. Millətimiz mayın 14-də Milli Məclisdəki çoxluğu 323 deputatla “Cümhur İttifaqı”na verərək iradəsini bəyan etdi. Prezident seçkilərində 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə ehtiram göstərdi. İnşallah, mayın 28-ni millətimizin iradə və dəstəyi nəticəsində rekord səs çoxluğu ilə başa vuracağıq”.

Qeyd edək ki, Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkələrdə yaşayan 1 milyon 153 min 842 Türkiyə vətəndaşı səs verib. Türkiyə Ali Seçki Komissiyasının (YSK) mayın 22-si günorta saatlarına olan məlumatına görə, səsvermə 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında (sərhəd) davam edir. Türkiyə xaricində ümumilikdə 3461 seçki qutusu quraşdırılıb. Xaricdə yaşayan vətəndaşlar üçün səsvermə prosesi mayın 24-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR