İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə təhsil almaq istəyən hansı tələbələrə dövlət dəstək verməlidir? - İLGİNC rəy

Xəbər verdiyimiz kimi, bu günlərdə azərbaycanlı ailənin iki övladı, bacı-qardaş, Qəndab Məmmədova və Mehdi Məmmədov ABŞ-də təhsil almaq hüququ qazanıb.

Belə ki, Qəndab Harvard Universitetinin astrofizika ixtisasına tam təqaüdlə, Mehdi isə Drexel Universitetinin kompüter elmləri ixtisasına təqaüdsüz qəbul dəvəti alıb. Bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə Məmmədovların Amerikada təhsili üçün tələb olunan 51 min dolların toplanması məqsədilə çağırışlar edilib. Məmmədov bacı-qardaşına kömək etməyən istəyənlər olsa da, bu məsələni tənqid edənlər də tapıldı. Qeyd olunur ki, hansısa tələbə xarici ölkədə təhsil almaq istəyirsə, ya dövlət proqramına qoşulmalı, ya da öz imkanı səviyyəsində istəyini yerinə yetirməlidir. Bəziləri isə qeyd edir ki, xaricdə nüfuzlu universitetləri qazanan tələbələrə dövlət tərəfindən köməklik olunmalı, onların təhsil xərcləri qarşılanmalıdır.

Bəs ekspertlərin bu məsələdə mövqeyi necədir?

kamran.jpg (28 KB)

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hazırda ölkəmizdən kənarda təhsil alan azərbaycanlı tələbələrin sayı 45 min nəfərdən çoxdur. Onların 25 minə qədəri qardaş Türkiyədə təhsil alır:

“Xarici ölkələrdə təhsil almağa gedənlər əsasən 3 kateqoriya üzrədir: Azərbaycanda keçirilən qəbul imtahanlarında bal toplaya bilməyib attestat ilə xarici ölkələrdə təhsil alanlar, SAT, İELTS, TOEFL, IBM kimi müxtəlif beynəlxalq imtahan nəticəsi ilə gedənlər, dövlət proqramı və ya dövlətlərarası proqramlar, ölkələrin özlərinin elan etdiyi təqaüd proqramları (Scholarship) ilə gedənlər.

Dövlət özünün ehtiyacı olan kadrların hazırlanması üçün proqram elan edir. Məsələn, 2007-2015-ci illər dövlət proqramı (3500 azərbaycanlı gənc təhsil alıb və dövlət 95 milyon manat pul xərcləyib), 2019-2022-ci illəri əhatə edən beynəlxalq rəqabətlilik proqramı və 2022-2026-cı illəri əhatə edən proqram (2 min gəncin təhsili nəzərdə tutulur və 80 milyon manat pul ayırılıb).

Bu gün dünyanın ən nüfuzlu, reytinqli universitetinə qəbul olmaq çox asandır. Kooperasiya Universitetinə bal toplayıb qəbul olmaq daha çətindir, nəinki SAT, IELTS, TOEFL, DUOLINGO kimi adi dil imtahanlarında iştirak edib qəbul olmaq. Hazırda bütün universitetlər beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etmək üçün xarici ölkələrdən tələbə qəbuluna üstünlük verir və bunun üçün şərtləri asanlaşdırıblar.

Bəli, Konstitusiyamıza, “Təhsil haqqında” qanuna görə, dövlət istedadlı gənclərin təhsilinə qayğı göstərir. Amma bu o demək deyil ki, hərə əlində bir qəbul kağızı gətirib deyəcək ki, mənim xərcimi dövlət ödəsin. Niyə kimsə gedib ABŞ-də kompüter mühəndisliyi ixtisasında oxumalıdır və hər il ona 60 min dollar ödəniş edilməlidir?

Ondan da reytinqli, keyfiyyətli təhsil verən, kadr hazırlayan universitetlər İngiltərədədir.

Böyük Britaniyanın universitetləri bu istiqamətdə daha reytinqli və yaxşıdır. Bəli, gənclərin təhsilinə dəstək olunmalıdır. Amma bu, ədalətli olmalıdır.

Azərbaycanda təhsil alan tələbələrin 50 faizi pulsuz təhsil alır. 1-ci qrupda təhsil alan tələbələrin 80 faizi pulsuz oxuyur. Bəli, bizə nüfuzlu universitetlərin məzunları lazımdır. Lakin dövlətin də ehtiyacını nəzərə almalıyıq”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR