İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə təhsil alan tələbələr ehtiyac üçün Bakıya siqaret gətirir- MƏHKƏMƏ  

Bakıda aksizsiz siqaret satan qardaşlar məhkəmə önünə çıxarılıb. Onlar siqaretləri xarici ölkələrdən Azərbaycana gələn tələbələrdən və TIR sürücülərindən aldıqlarını deyiblər.

Musavat.com xəbər verir ki, Anar və Fariq qardaşları Bakıda, 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yanında aksizsiz siqaret satarkən Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İşin əsas təşkilatçısı Anar olub. Anar deyib ki, siqaretləri Bakıya gələn TIR sürücülərindən və xaricdə təhsil alan tələbələrdən alıb. Bildirib ki, sürücülər və tələbələr xərclərinin müəyyən bir hissəsini qarşılamaq üçün özləri ilə 2-3 blok siqaret gətirərək Bakıda satırmış. Həmin siqaret bloklarına markasına görə 35-60 manat arası ödəniş ediblər. Sonra da həmin siqaretlərin satışını həyata keçiriblər. Saxlanılan zaman onlardan 2 min qutudan çox müxtəlif markalara aid siqaretlər aşkar edilib. Anar yanında işləyən qardaşı Fariqə gündəlik 25 manat maaş verirmiş.

Anar və qardaşı əməllərindən peşman olduqlarını deyiblər. Anar daha əvvəl oğurluğa görə məhkumluq həyatı yaşayıb. Qardaşlar məhkəmədən xahiş ediblər ki, atalarının yeni vəfat etməsi, analarının onkoloji xəstə olması nəzərə alınsın.

Məhkəmə təqsirləndirilən şəxslər barəsində şərti cəza təyin edib. Onlar əvvəl də azadlıqda- polis nəzarətində olublar. Məhkəmə onların cəzasını şərti hesab edərək azadlıqda qalmalarına qərar verib.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR