İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən Donbasa - Rüstəm Muradovu Rusiya üçün mühüm edən nədir?

General qeyri-rus olmasına baxmayaraq, siyasi rəhbərliyə sadiq hərbçi kimi dəyərləndirilir

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan əslən tabasaran olan general Rüstəm Muradov yenidən qaynar nöqtəyə köçürülüb. “Yeni Müsavat” xəbər verir ki, hazırda general Muradov “Şərq” Qoşun Qruplaşmasına rəhbərlik edir. O, Qarabağdakı sülhməramlı kontingentin komandanı olub, indi isə Ukrayna savaşında şərq cəbhəsinə rəhbərlik etməkdədir. 

Ukraynanın “FreedDom” layihəsinin jurnalistləri Muradovun kim olduğu haqda məlumatı təqdim ediblər: “O, Putin rejiminin sadiq generalı və 90-cı illərdə Rusiyanın maraqlarını müdafiə edən ən məşhur rus hərbçisidir. General Muradov Ukraynadakı ”Şərq" qoşunlarının komandiri, Donetsk istiqamətində işğalçılara cinayət əmri verən şəxsdir. 40 yaşlı Muradov Rusiya Qəhrəmanı adını alıb. O, ilk ordenini Çeçenistanda kəndlərdən birini ələ keçirdiyinə görə qazanıb. 2012-ci ildə general-mayor rütbəsi alıb və Şərq Hərbi Dairəsindən Mərkəzi Hərbi Dairəyə keçirilib. Bundan sonra onun adı artıq Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarında hallanır".

Onu da qeyd etmək lazımdır ki, 2016-cı ildə Muradov Rusiya-Ukrayna birgə Atəşkəsin Monitorinqi və Koordinasiyası Mərkəzində Rusiyanın nümayəndəsi olub. Donbasdan sonra onun döyüş təcrübəsi artıq Suriyada faydalı olub. O, təkcə hərbi məsləhətçi deyil, həm də əsgər qruplarına komandanlıq edib. Muradov Suriyadan qəhrəman kimi qayıdıb və Qızıl Ulduz mükafatına layiq görülüb. Mərkəzi Dairənin ikinci ordusuna komandanlıq edib, 2018-ci ildə Cənub Hərbi Dairəsinin qüvvələri komandirinin müavini olub. 2020-ci ildə o, general-leytenant rütbəsi alıb və Qarabağda sülhməramlı kontingentə komandanlıq edib.

Maraqlıdır ki, Qarabağdakı sülhməramlıların komandanı olmuş general missiyasını başa vurduqdan sonra da bir müddət  fəaliyyətini davam etdirdi. R.Muradov iki dəfə əsirlərin dəyişdirilməsində şəxsən iştirak etmişdi. Onun hansı statusla bu missiyada iştirakı haqda hələ də dəqiq bilgi yoxdur. Muradovun hətta Rusiyanın Qarabağ danışıqlarında xüsusi nümayəndə ola biləcəyi deyilirdi. Amma göründüyü kimi, Rusiya Qarabağda Araik kimi bir quldurla qucaqlaşan generala daha ciddi təlimat  verib - Ukrayna müharibəsi. Düşündürücüdür, Muradovu Putin və Şoyqu üçün mühüm edən nədir? Onun qaynar bölgələrdə yığdığı təcrübəyə əsaslanaraq, yüksək görəvlərə göndərirlər?

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı  jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

 Ədalət Verdiyev 

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a qeyd etdi ki, döyüş təcrübəsi olan generallar Rusiyada ordu miqyasına baxanda elə də çox deyil: “Nadir hallarda belə imkan yaranır ki, Rusiya eyni generalı müxtəlif əməliyyatlarda, həm də sülhməramlı missiyanın yaradılmasında istifadə edir. Muradovu əhəmiyyətli edən də həm sülhməramlı işində, həm döyüş əməliyyatlarında iştirak etməsidir. Digər tərəfdən, Muradov qeyri-rus olmasına baxmayaraq, siyasi rəhbərliyə sadiq general kimi dəyərləndirilir. Ona görə hərbi komandanlıq ondan maksimum istifadə etməyə çalışır”.

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

Üzeyir Cəfərov 

Polkovnik Üzeyir Cəfərov şərhində söylədi ki, Muradovun heç bir fenomenal uğuru olmayıb: “Şoyqu onu Putinə təqdim edəndə yaddaşında bacarıqlı general kimi qalıb. Muradov Abxaziya və digər bölgələrdə fəaliyyət göstərib, amma  xüsusi döyüş bacarığı yoxdur. Sadəcə, sədaqətlidir. Qarabağa da ona görə təyin olunmuşdu. Ancaq Ukrayna müharibəsi məcbur etdi ki, Cənub Federal Hərbi Dairəsinə göndərilsin”. Ü.Cəfərovun sözlərinə görə, Muradov Ukraynada bir dəfə uğursuzluqla üzləşib, döyüşlərdə bacısı oğlu da vurulub, indi Şoyqunun etibar edəcəyi bir general olmadığı üçün məcburiyyətdən onu təlimatlandırıblar: “Bu gün möcüzə də rus ordusunu xilas edə bilməz. Xersonda körpünün partladılması nəticəsində ya əsir götürüləcəklər, ya da məhv olacaqlar. Çünki o körpüdən keçmək mümkün deyil. Ona görə Rusiya şantaja keçib, artıq Medvedyev hədə-qorxu gəlir, Zaxarova yenə ayılıb. Hərçənd Putin deyir ki, Finlandiyadan narahatlıq yoxdur, amma Zaxarova təhdid edir. Yəni bir xaotik idarəetmə hiss olunur. Ona görə Muradovdan qat-qat təcrübəli general Dvornikovu gətirdilər, indi adını heç yerdə çəkmirlər. Yəni indi raketlə zərbələr endirib şəhərləri dağıtmaq müharibə deyil, üstəlik, savaş finişə yaxınlaşır, avqustda fərqli bir mənzərə görəcəyik. Ukrayna ordusu Nikolayev, Xerson şəhərlərini azad edəcək”.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada tapşırıqları yerinə yetirən “Şərq” qrupuna baxış zamanı prioriteti açıqlayıb. Nazir deyib ki, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahları məhv edilməlidir. Komanda məntəqəsində “Şərq” qrupunun komandiri general-leytenant Rüstəm Muradov Rusiya hərbi idarəsinin rəisinə mövcud vəziyyət və düşmən qüvvələrinin darmadağın edilməsi istiqamətində verilən döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə məruzə edib. Muradov əmrin yerinə yetirilməsinə məsuliyyət daşıdıqlarını vurğulayıb. Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” və “Mərkəz” qruplaşmalarının komanda məntəqələrinə baş çəkib.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR