Onlayn ictimai-siyasi qəzet
Elxan Şahinoğlu: “Qərb ölkələrinin səfirləri Şuşa kimi Xankəndinə də gələcəklər”
Bu həftə Azərbaycan tarixində növbəti Zəfər həftələrindən biri kimi qeyd olunur. 4 il öncə 8 noyabrda Şuşamız 28 ildən sonra işğaldan azad olundu və Ali Baş Komandan, cənab İlham Əliyev bu tarixin Zəfər günü kimi qeyd olunması barədə sərəncam imzaladı. O gündən bu günə qədər 8 noyabr Azərbaycan insanının nəfəsinin duyulduğu hər yerdə ən yüksək səviyyədə qeyd olunur.
Hazırda Böyük Qayıdış prosesi çərçivəsində işğaldan azad olunan ərazilərdə sürətli yenidənqurma, bərpa işləri aparılır. Minatəmizləmə prosesi də nə qədər çətin olsa da, Azərbaycana bu sarıdan heç bir dəstək olmasa da, bu istiqamətdə də son 4 ildə ciddi irəliləyişlər əldə olunub, işğaldan azad olunan ərazilərin böyük hissəsi bu partlayıcı maddədən təmizlənib. Azərbaycan dövləti hər şeydən öncə məcburi köçkünlərin azad edilmiş o yerlərdə təhlükəsizliklərini tam təmin edəndən sonra köç karvanlarını o yerlərə yola salır. Artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Xocalıya yüzlərlə ailə köçürülüb.
Qarabağın mərkəzi sayılan qədim şəhərimiz Şuşamıza da məcburi köçkünlərin geridönüşü sürətlə həyata keçirilir. İndiyədək Şuşa şəhərinə 203 ailənin, yəni 760 nəfərin daimi məskunlaşması təmin edilib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Şuşa azad edilərkən Paşinyanın etiraf etdiyi həqiqəti bir daha xatırlatdı: “Ermənilər Şuşanı 28 il işğal altında saxladılar, bu şəhəri "özününkü" sayırdılar. Buna baxmayaraq, Şuşada bir neçə villadan başqa 28 ildə heç nə tikilmədi, şəhərdə çox az erməni yaşayırdı. Çünki daxilən anlayırdılar ki, azərbaycanlılar Şuşanın işğalı ilə barışmayıblar və müqəddəs şəhərin azadlığı uğrunda yenidən nə vaxtsa savaş başlayacaq. Ermənistanın baş naziri Nikol Paşinyan da bunu anlamamış deyildi. O, hələ işğal dövründə Şuşaya gələrək, içkili vəziyyətdə separatçılarla yallı gedəndə şəhərin ümumi vəziyyətini analiz edə bilmişdi. Təsadüfi deyil ki, Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra Paşinyan “bu şəhər heç zaman ermənilərin olmayıb, əks halda, nəsə qurub yaradılmalıydı” fikrini işlətmişdi. Paşinyan bu dəfə həqiqəti söyləmişdi. Müstəqillik dövrünün yanlışları bizə dərs olmalıdır. Qarabağ və Şərqi Zəngəzuru göz bəbəyi kimi qorumalıyıq. Yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurda yüzminlərlə insanın yaşamasını təmin etməliyik. Güclü ordumuz var, Qarabağ və Şərqi Zəngəzurda hərbi korpuslar yaradılıb. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzur üçün istənilən təhlükəni sıfıra endirməlidir. Şuşa azad ediləndən sonra müxtəlif ölkələrin səfirləri, diplomatları Qarabağın azad edilmiş bölgələrində oldular. Buna baxmayaraq, Qərb ölkələrinin bəzi səfirləri Şuşaya getməkdən yayınırdılar. Bu, kökündən yanlış qərar idi. Bununla sanki Şuşanın azərbaycanlılara məxsus olduğunu şübhə altına alırdılar. Həmin səfirlər görəndən sonra ki, həmkarlarının mütləq əksəriyyəti Şuşada olub, onlar da qədim şəhərimizə ziyarət etməyə qərar verdilər. Əslində həmin qərar onların xarici işlər nazirlikləri tərəfindən verilmişdi. Sonda ABŞ səfiri də Dövlət Departamentinin təlimatıyla Şuşaya səfər etdi".
Politoloq ötən ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı ilə azad etdiyimiz tarixi Azərbaycan şəhəri Xankəndinə də qayıdış prosesinin vaxt itirmədən həyata keçirilməsinin vacibliyi barədə danışdı: “Vaxt gələcək, Qərb ölkələrinin səfirləri Şuşaya getdikləri kimi Xankəndinə də gələcəklər. Bu arada, Xankəndinin də məskunlaşması barədə düşünməliyik. Ermənilər geri qayıdıb Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Belə olan halda Xankəndi şəhərindəki binalar boş qalmamalıdır. Universitetin Xankəndidə açılması ideyası möhtəşəm idi. Bununla Xankəndi tələbə şəhərciyinə çevrildi, restoran və kafelər müştərilərlə doldu. Xankəndidə ən azı yüz min nəfərin yaşamasını təlim etməliyik. Avqust ayında ailəmlə Şuşada olduğumuz bir neçə gün ərzində şəhəri piyada gəzdik, tikinti işlərini müşahidə etdik, şəhərə köçən insanlarla görüşdük. Tam əminliklə bildirirəm ki, Şuşa əvvəlkidən daha möhtəşəm şəhərə çevriləcək. Şuşa tarixlə modernizmin birləşəcəyi şəhərə çevriləcək. Şəhərə köç davam edir, əsas hədəf köçürülən insanların iş yerləri ilə təminatıdır. Çünki Şuşada kənd təsərrüfatı ilə məşğul olmaq, heyvan saxlamaq qadağandır. Deməli, şəhərin əsas gəlir mənbəyi turizmdən olacaq. Şuşa sakinlərinin xidmət sahəsi işinə cəlb edilməsi lazım gələcək”.
Yazını hazırladı: Cavanşir ABBASLI
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ