İnsanlara hürriyət, millətlərə istiqlal!

Minaaxtaranlara “veteran” statusu verilə bilərmi?

Milli Məclis hökumətdən təklif gözləyir - ekspertlər də dəstəkləyir

Azərbaycanın azad olunmuş ərazilərində aparılan minatəmizləmə əməliyyatları ölkənin təhlükəsizliyi və bərpa-quruculuq prosesinin əsas şərtlərindən biridir. Vətən müharibəsində iştirak edən minaaxtaranlara “müharibə veteranı” statusunun verilməsi təklifi də son günlər gündəmə gəlib. Bu məsələ “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin kasetli sursatlarla bağlı hesabatında öz əksini tapıb. Hesabatda bildirilir ki, mina əməliyyatları zamanı yaralanan şəxslərə “müharibə əlili”, Vətən müharibəsi dövründə fəaliyyət göstərən minaaxtaranlara isə “müharibə veteranı” statusu verilməsi məsələsi nəzərdən keçirilməlidir. Bu, həm onların təhlükəli əməyinə dövlət səviyyəsində dəyər verilməsi, həm də sosial müdafiə baxımından mühüm addım ola bilər.

Mina təmizləmə əməliyyatlarını əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və dörd özəl şirkət həyata keçirir.

2020-ci ilin noyabrından 2025-ci ilin sentyabrına qədər aparılan əməliyyatlar nəticəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonları da daxil olmaqla, ümumilikdə 228,689.9 hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib. Bu müddətdə 210,655 ədəd partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlarda həm xüsusi təlim görmüş itlər, həm də müasir mexaniki texnika istifadə olunub.

Rəsmi məlumata görə, təkcə 2025-ci ilin ilk yeddi ayında 15 mina hadisəsi baş verib, nəticədə 20 nəfər xəsarət alıb. 2020-ci ildən bəri ümumilikdə 70 nəfər həlak olub, 332 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Daha geniş miqyasda baxdıqda isə, 1991-ci ildən bu günə qədər 3 400-dən çox vətəndaş mina və PHS qurbanı olub.

Əldə olunan nəticələr mühüm olsa da, iş hələ də tam başa çatmayıb. Ermənistanın qeyri-dəqiq və natamam mina xəritələri, həmçinin azad edilmiş ərazilərin dağlıq və mürəkkəb relyefi işin sürətini ləngidir. Mütəxəssislərin hesablamalarına görə, mövcud resurslarla bütün torpaqların tam şəkildə minalardan təmizlənməsi ən azı 30 il çəkə bilər.

Dünya təcrübəsi göstərir ki, minatəmizləmə əməliyyatlarında iştirak edən şəxslərə bir çox ölkədə xüsusi status verilir. Məsələn, Bosniya və Herseqovinada 1990-cı ildə müharibədən sonra minaaxtaranlar “dövlətin müdafiəsinə xidmət edən şəxslər” kateqoriyasına daxil edilib və sosial təminatlarla əhatə olunublar.

Kambocada uzun illər davam edən münaqişələrdən sonra minatəmizləyənlər milli qəhrəman statusuna yaxın sosial imtiyazlara sahibdirlər, onların ailələrinə də xüsusi güzəştlər tətbiq olunur.

Əfqanıstanda BMT-nin dəstəyi ilə həyata keçirilən proqramlarda minaaxtaranlar rəsmi olaraq “sülhün qorunması üçün çalışan mülki qəhrəmanlar” adlandırılır və dövlət tərəfindən mükafatlandırılır.

Xorvatiyada isə Avropa İttifaqına inteqrasiya prosesi çərçivəsində minatəmizləyənlərə sosial paketlər təqdim olunub, onlara əlavə tibbi sığorta və güzəştlər verilir.

Bu nümunələr göstərir ki, minaaxtaranların əməyinə dövlət səviyyəsində qiymət verilməsi yalnız mənəvi təşəkkür deyil, həm də beynəlxalq humanitar normalara uyğun bir addımdır.

Minatəmizləmə əməliyyatlarında iştirak edən mütəxəssislər faktiki olaraq hərbi əməliyyat şəraitində fəaliyyət göstərirlər. Onlar hər gün həyatlarını riskə ataraq həm ölkənin təhlükəsizliyini təmin edir, həm də azad edilmiş torpaqlara böyük qayıdışın əsasını qoyurlar.

Ekspertlər hesab edir ki, minaaxtaranlara “veteran” statusunun verilməsi yalnız mənəvi deyil, həm də hüquqi-sosial ədalətin təcəssümü olardı. Bu status həmin şəxslərə əlavə imtiyazlar qazandırmaqla yanaşı, onların əməyinə verilən yüksək dövlət qiyməti kimi də qəbul edilə bilər. Çünki Azərbaycanın mina problemi hələ uzun illər ölkənin təhlükəsizlik gündəliyində qalacaq. Bu mübarizənin ön cəbhəsində dayanan minaaxtaranların əməyinə dövlət tərəfindən xüsusi status verilməsi, həm təhlükəli peşəyə marağı artırar, həm də ictimai rəydə onların roluna layiqincə qiymət verilməsini təmin edər.

Hafiz Səfixanov minalarla mübarizədə əməkdaşlıq, ağac əkmə kampaniyasından  danışdı - AÇIQLAMA

Hafiz Səfixanov

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, məsələ millət vəkillərinin nəzərinə çatdırılıb. Onun sözlərinə görə, Milli Məclis hökumətdən təklif gözləyir. Hökumət Milli Məclisə belə bir təkliflə müraciət etməlidir: “İnsanın düşmənin atdığı güllədən yaralanması ilə onun qoyduğu minadan yaralanması arasında heç bir fərq yoxdur. O, düşmənin təxribatı nəticəsində əlillik qazanıb. Buna görə də belə bir təkliflə çıxış etmişdik”.

Bu mənim ilk qrip karantinim deyil" - Sahib Məmmədov ilə müsahibə

Sahib Məmmədov

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, döyüş əməliyyatı zonasında mina axtaran şəxs hərbçidirsə, ona “müharibə veteranı” və ya “müharibə əlili” statusu verilə bilər: “Döyüş əməliyyatı zamanı fəaliyyət göstərən mülki işçi ilə də bağlı müəyyən qərar qəbul etmək olar. Çünki onun düşmən təxribatından xəsarət alma ehtimalı var.

Dinc dövrdə isə minaaxtaran hər hansısa zərər görürsə, bu zaman hadisə istehsalatda bədbəxt hadisə və peşə xəstliyi kimi qiymətləndirilir, qanuna uyğun olaraq da kompensasiya verilir. Doğrudur, mina axtarmaq ən riskli işlər sırasındadır. Təəssüf ki, minaaxtaranlar o siyahıda yoxdur. Mən dəfələrlə demişəm ki, ən riskli iş kimi siyahıya alınmalıdır. Lakin bütün hallarda dinc dövrdə mina axtarmaq hərbi deyil, mülki iş kimi qəbul edilir. Şaxtalarda işləyənlər də ən riskli peşə ilə məşğul olurlar. Onların da hər an ölüm ehtimalı var və risklidir.

Bu baxımdan “müharibə veteranı” və “müharibə əlili” statusu yalnız döyüş əməliyyatları aparılan və ya döyüşən ordunun hücuma keçməsini təmin edən zaman iştirak edən şəxslərə verilə bilər".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR