İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin “Xeybər” şifrəsi: İranın ali dini lideri dini-siyasi CİHAD çağırışına hazırlaşır? - TƏHLİL

Yaxın Şərqdə gərginliyin getdikcə artdığı bir zamanda İranın ali dini lideri Ayətullah Əli Xameneinin X (əvvəlki Twitter) sosial platformasında yaydığı mesaj regionda siyasi ritorikanı kökündən dəyişdirə biləcək mahiyyət daşıyır.

Musavat.com-a görə, bu paylaşım təkcə bir dövlət başçısının mövqeyi deyil, həm də bir ruhani liderin dini simvolika ilə zəngin, cəmiyyətləri və məzhəbləri birbaşa hədəfə alan ideoloji bəyanatıdır. Ayətullah Xamenei mesajında farsca belə yazır:

“به نام نامی حیدر، نبرد آغاز می‌گردد، علی با ذوالفقار، به خیبر باز می‌گردد”

WhatsApp Image 2025-06-18 at 10.03.17.jpeg (119 KB)

Bu ifadə Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə olunur:

“Heydərin mübarək adı ilə döyüş başlayır, Əli Zülfəqarı ilə Xeybərə qayıdır.”

Bu mesajda üç açar simvol yer alır: Heydər (Həzrət Əli), Zülfüqar (Əlinin məşhur ikibaşlı qılıncı) və Xeybər (İslamın ilk illərində müsəlmanların yəhudi tayfaları ilə apardığı strateji döyüşlərdən biri). Bu simvollar təkcə dini məna daşımır – onlar həm də İslam tarixinə və şiə fəlsəfəsinə əsaslanaraq, İranın bugünkü mövqeyini formalaşdırmaq üçün seçilmiş çox güclü ideoloji dayaqdır.

Farsca ifadənin ilk hissəsi – “به نام نامی حیدر” – yəni “Heydərin mübarək adı ilə” – İranın mövcud siyasi və hərbi hərəkətlərini müqəddəsləşdirməyə xidmət edir. Bu çağırış sadəcə döyüşə deyil, “müqəddəs döyüşə” – yəni cihada istinad kimi başa düşülə bilər. “نبرد آغاز می‌گردد” – “döyüş başlayır” ifadəsi isə artıq addımın atıldığını, bu mərhələnin anons yox, konkret hərbi və ideoloji hərəkətin açılışı olduğunu göstərir. Ən diqqətçəkən isə üçüncü hissədir: “علی با ذوالفقار، به خیبر باز می‌گردد” – “Əli Zülfüqarı ilə Xeybərə qayıdır.”

Bu misra, birbaşa İslam tarixində 628-ci ildə baş vermiş və Məhəmməd Peyğəmbərin rəhbərliyi altında Həzrət Əlinin iştirak etdiyi Xeybər qalasının fəthinə istinaddır. O zaman Xeybər bölgəsindəki yəhudi tayfaları Mədinə müsəlmanları üçün təhlükə mənbəyinə çevrilmişdi və nəticədə müsəlman ordusu onların üstünə yürüş etmişdi. Həzrət Əli bu döyüşdə təkcə fiziki olaraq iştirak etməmiş, həm də Zülfüqar qılıncı ilə qalaya daxil olan ilk şəxs olmuşdu. Bu hadisə İslam tarixində qəhrəmanlıq və müqavimət rəmzi kimi qəbul olunur.

67a60281f181567a60281f1816173893.jpg (83 KB)

Bu gün Xameneinin bu istinadla verdiyi mesaj çox qatlı şifrələnmiş çağırışdır. Əgər bunu Trampın İrana verdiyi 24 saatlıq təslim ultimatumundan dərhal sonra etdiyini nəzərə alsaq, bu artıq təkcə cavab deyil – yeni mərhələnin başlanğıcıdır. Tramp açıq şəkildə İranın raket və nüvə proqramlarından imtina etməsini tələb etmiş, əks halda “ağır nəticələr” olacağını bildirmişdi. Xamenei isə cavabında “təslim olacağıq” demədi – əksinə, “Əli Zülfüqarla Xeybərə qayıdır” deyərək, müqavimət yolunun seçildiyini elan etdi.

Bu ritorika təkcə İrana deyil. O, İraq, Suriya, Livan, Yəmən, Əfqanıstan və hətta Pakistandakı şiə qruplara da mesajdır. Bu, siyasi yox, ideoloji-məzhəbi səfərbərlik çağırışıdır. Xamenei burada yalnız dövlət başçısı deyil, eyni zamanda “rəhbəri dini” statusunda bir fiqur olaraq çıxış edir və tarixdə müsəlmanları yəhudi qalasına səfərbər edən peyğəmbərənə bir rolu mənimsəyir. O, bu gün İsraili “Xeybər”lə eyniləşdirir, şiə mübarizəsini isə “Zülfüqar”la.

Bu mesajın dərinliyində müqavimət cəbhəsinin sadəcə müdafiə edən deyil, hücum edən mərhələyə keçid etdiyi gizlidir. İsrailə qarşı artıq yalnız sözlə deyil, real raket, dron və kiber-hücumlarla cavab verilir. Xameneinin “Xeybərə qayıdış” istinadı isə bu hücumların daha geniş coğrafi və məzhəbi səviyyəyə keçə biləcəyini göstərir.

Məntiqi sual isə budur: Ayətullah Xamenei cihad elan edə bilərmi?

tia_1423d2580ff346f405b1d93b18e4.jpg (44 KB)

İran Konstitusiyasına görə, ölkədə cihad yalnız ali dini lider tərəfindən elan oluna bilər. Və bu cihad təkcə silahlı mübarizə deyil, həm də dini, ideoloji və iqtisadi səfərbərlik anlamını daşıyır. “Xeybər” simvolu, tarixə istinad və dini terminlərin seçilməsi göstərir ki, bu mesaj, əslində, cihad üçün “ideoloji zəminin” hazırlandığı bir mərhələdir.

Əgər ABŞ və İsrail tərəfindən növbəti təzyiqlər, zərbələr və ya siyasi təxribatlar davam edərsə, İranın rəsmi şəkildə “müdafiə cihadı” elan etməsi mümkündür. Bu, yalnız regionda yox, dünyanın müxtəlif bölgələrindəki şiə icmalarını da aktivləşdirə bilər.

Nəticə olaraq, Xameneinin paylaşımı diplomatik ritorikanın sərhədlərini aşaraq İslamın və xüsusi ilə şiə dünyasının ən dərin simvolları ilə bəzədilmiş çağırışa çevrilib. Bu mesaj, həm ideoloji hazırlıq, həm də hərbi səfərbərlik üçün siqnal ola bilər. “Zülfüqar” bu dəfə söz yox, məna daşıyan silahdır – və onun hansı istiqamətdə çəkiləcəyi artıq siyasət masasında deyil, savaş meydanında qərar veriləcək.

R. Abbasov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR