Onlayn ictimai-siyasi qəzet
"Ömrümün hər dəqiqəsində nənəm yadıma düşür. Elə bir gün yoxdur ki, onu yada salmayım. Hər gün yoxluğu hiss olunur. Heç kim onun yerini vermir, onu mənə əvəz etmir. O mənə nənəlik yox, analıq edib. Anaların övladına etdiyin də də artığını nənəm mənim üçün edib".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə deyib.
O, daha sonra əlavə edib:
"Uzun illər sonra onun anam yox, nənəm olduğunu bildim. Uşaq idim, onu bizi birlikdə görən insanlar soruşurdular ki, nəvəndir? Deyirdi ki, xeyr, oğlumdur. Sonra qonşu qadınlar öz aralarında danışanda bildim ki, mən onun nəvəsiyəm. Amma bununla belə o doğmalıq, o hisslər mənim ona anaya olan münasibətimi dəyişmədi. Bəzən mənə deyirlər ki, "ailə həyatı quracaqsan, övladın olacaq, onu valideynindən də çox istəyəcəksən". İnanmıram belə bir şey mümkün olsun".
Faiq İbadzadə nənəsinin sevdiyi filmlərdən də danışıb:
"Nənəmin ən çox sevdiyim ekran işi "Yerlə göy arasında" filmidir. O filmdə həqiqətən də ağlayıb. Çox çətin günlər yaşayırdı. Sanki o film onun başını qarışdırdı, onu xilas etdi. Filmdə öz dərdinə, acısına ağlayırdı. "Həm ziyarət, həm ticarət" filmindəki rolunu da çox sevirəm. Orada həddindən artıq səmimidir".
O, daha sonra əlavə edib:
"Bu günlərdə nişanlanmışam. Nənəmin o vaxt görüb bəyəndiyi xanımla ailə həyatı quracam. Çox istəyirdi onu. Deyirdi ki, "bu qızı sənə alacam". Hələ o vaxt həyatı dərk etmirdim. Həmişə deyirdi ki, "səni evləndirsəydim, ev alsaydım dərdim olmazdı". Qismət. Nuriyyə Əhmədova abırlı, ismətli xanım kimi yaşayıb, elə də bu dünyadan köçdü. Onunla bu gün də fəxr edirəm. Bu sənətdə hər cür adam olur. Onun adı mənim üçün hər zaman baş ucalığıdır. Nuriyyə Əhmədova haqqında bu gün hər kəs xoş danışır, onu ürək ağrısı ilə xatırlayırlar. Hər bazar günü məzarını ziyarət edirəm. Elə həftə olur ki, 2 dəfə gedirəm".
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ