Onlayn ictimai-siyasi qəzet
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, ötən prosesdən öncə Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilov və “MedEra” Hospitalının işçisi Nəzakət Paşayeva ilə barışıq sazişi imzalayıb. Barışıq sazişi notarial qaydada təsdiqlənib və məhkəməyə təqdim olunub. Bununla belə proses davam etdirilir.
Bu gün keçirilən prosesdə şahid qismində “MedEra Hospital"da tibb bacısı vəzifəsində çalışan Aynurə Paşazadə ifadə verib. Deyib ki, iş otağında olarkən söyüş səsləri eşidib:
“Təhvil sənədlərini almaq üçün birinci mərtəbədə qeydiyyat masasına yaxınlaşdım. Ağadadaş Ağayev həmin gecə hospitalda əməliyyat olunub. Bu barədə hospitalda qeydiyyat da var. Qeydiyyatda olduğum zaman mühafizəçi təcili yardıma yaxınlaşdı. Üz nahiyəsindən zədə almışdı. O, qeydiyyata alındı və ona yardım edildi”.
Şahid deyib ki, hadisəni durduğu yerdən müşahidə edib: "Ağadadaş Ağayev balta atdı. Balta içəridə vedrəyə, ordan da Nəzakət xanımın ayağına dəydi".
Ağadadaş Ağayevin şahidə baltanın ölçüsü və rəngi barədə sual ünvanlayıb. Aynurə Paşazadə suala "balta orta ölçüdə idi, lakin hadisədən uzun müddət keçdiyi üçün rəngini xatırlamıram" cavabını verib.
Şahid Validə Cabbarova tərəflərin dalaşdığını görüb:
“Mən hadisə zamanı işdə idim. Səs-küy eşitdim. Gördüm ki, Ağadadaş Ağayevlə mühafizəçi dalaşır. Sonra öz işimlə məşğul oldum. Hadisənin səbəbini bilmirəm. Ağadadaş Ağayevin əlində balta görməmişəm”.
Şahidin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.
Hakim ifadəni elan edib. Şahid ifadəsində tərəflərin dalaşdığını, Ağadadaş Ağayevə yaxınlaşaraq səbəbi soruşduğunu və daha sonra Ağadadaş Ağayevin əlində balta ilə mühafizəçiyə tərəf getdiyinin şahidi olduğunu bildirib.
Şahid məhkəmədəki ifadəsini təsdiq etdi.
Şahid Zaur Rüstəmov hadisəni görmədiyi bildirdi:
“Mən hospital ətrafında taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Hadisə zamanı orada olmamışam. Bu barədə eşitmişəm və videogörüntüləri izləmişəm. Həmin zaman mənim müştərim olub. Müştərini düşürdükdən sonra taksi kimi qaldığım yerə qayıtdım. Polislər var idi. Ağadadaş Ağayevi görmədim, amma Nurəddin orada idi. Nurəddindən hadisəni soruşdum. O, mənə dedi ki, Ağadadaş Ağayev ondan həkim istədi, amma mənim işim var idi. Mən ona Ağadadaş Ağayevin gecə əməliyyat olunduğunu, həkimin çağırmaq lazım olduğunu bildirdim”.
Daha sonra iş üzrə növbəti şahid Firdovsi Səfərov ifadə verib.
O, qeyd edib ki, ətrafdan söyüş səsləri eşidib:
“Ətrafa nəzər saldıqda gördüm ki, Nürəddin söyüş söyür. Söyüşlər qarşılıqlı idi. Ondan kimi söydüyünü soruşdum. O, barmağı ilə istiqamət göstərdi. Həmin istiqamətə baxanda Ağadadaş Ağayevi gördüm. Nurəddinə onun həm yaşca böyük, həm də ağsaqqal olduğunu deyib irad bildirdim. Sonra gördüm ki, bunlar dalaşır. Onları ayırmağa çalışdım”.
“Ağadadaş Ağayevin əlində balta olmasını, atmasını videogörüntüdən görmüşəm”,-deyə şahid əlavə edib.
Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir.
Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti bir müddət sonra reaksiya verib və məlum barışıq sazişi imzalanıb. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.
Nurəddin Cəlilov məhkəmədə deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb Xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub: “Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermədim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı. Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb: “Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”
Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.
Məhkəmə yanvarın 23-ü davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ